Texnikabank ASC Baki filialının sabiq müdiri Zal
Yusifovun dələduzluq əməlindən zərərçəkmişlər Prezident İlham
Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri
Ramiz Rzayevə müraciət ünvanlayıblar.
Zərərçəkmişlər müraciətin bir nüsxəsini də Teleqraf.com-un
redaksiyasına göndəriblər.
Müraciətdə deyilir ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel
2010-cu il tarixli hökmündə Zal Zakir oğlu Yusifova məxsus olan
əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə
yönəldilməsi öz əksini tapıb.
Bu hökmdən maraqlı şəxs Zal Yusifovun atası Zakir İslam oğlu
Yusifovun Bakı Apelyasiya Məhkəməsi cinayət kollegiyasında mülki
iddiaya aid hissədə verdiyi apelyasiya şikayətinə baxılıb: "Bakı
Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 fevral 2016-cı il
tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb, qərar elan
edildiyi andan qanuni qüvvəyə minib".
Şikayətçilərin sözlərinə görə, Zakir Yusifov Bakı Apelyasiya
Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib:
"Bir müddət sonra o, şikayətini geri götürməklə ziyanın
ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışı və ziyan çəkmiş
şəxslərə verilməsi süni surətdə gecikdirilib. Zakir Yusifov yenə 6
ay ərzində 2-ci dəfə Ali Məhkəməyə kasasiya şikayəti verib və 5
oktyabr 2016-cı il tarixinə bu iş üzrə məhkəmə təyin edilib.
Həmin gün Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədrliyi ilə
məhkəmə dinləməsi keçirilib. Hakim zərərçəkmişlərin 8 ildən çox
çəkdikləri maddi və mənəvi əziyyəti nəzərə almadan elan edib ki,
Zakir Yusifov kasasiya şikayətini geri götürüb. Bununla əlaqədar
olaraq hakim İlqar Hüseynov məhkəmə dinləməsini baxılmamış
saxlayıb".
Zərərçəkmişlər daha sonra şikayətlərində Zakir Yusifovun
əməllərinin qanunsuz olduğunu və onların hüquqlarının pozulduğunu
qeyd ediblər: "Biz zərərçəkmişlər başa düşə bilmirik ki, hakim
Zakir Yusifovun hansı səbəbdən və niyə görə 2 dəfə kasasiya
şikayəti verdiyini, məhkəmə vaxtına az qalmış kasasiya şikayətini
geri götürülməsi səbəblərini araşdırmadan belə bir qanunsuz qərar
qəbul edib".
Daha sonra zərərçəkmişlər Prezident İlham Əliyevdən belə xahiş
ediblər: "Biz zərərçəkmiş vətəndaşlar Sizdən xahiş edirik ki, 8
ildən çox məhkəmələrdə çəkdiyimiz mənəvi əziyyəti və maddi
vəziyyətimizin ağır olmasını nəzərə alaraq yekun qərar
çıxarılmasına bizə köməklik edəsiniz".
Qeyd edək ki, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal
Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət
edib.
Zal Yusifov "Texnikabank"ın Bakı filialının rəhbəri vəzifəsində
işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci
ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də
qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun
absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə
təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.
Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı
Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin
etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin
sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri
qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması
barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər
şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan
sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun
iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də
Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya
instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail
olub.
Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun
sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd
edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona
məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali
Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya
cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan
mülklər Zal Yusifova məxsusdur.
Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa
edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə
də şikayətçidir.
O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli
qərarından kasasiya şikayəti verib.
İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya
şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon
məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət
ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra
edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb
ediblər.
Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya
şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə
ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına
verilib.
Bu dəfə şikayətə baxılması oktyabrın 5-nə təyin edilib. Həmin
gün Zakir Yusifov heç bir səbəb göstərmədən şikayətini geri
götürüb. Bu səbəbdən kasasiya şikayəti baxılmamış saxlanılıb.