"Nar" fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi
məqsədilə daha bir sosial layihəyə start verib.
Şirkətdən Axar.az-a verilən məlumata görə, "Təlim məktəbi"
layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin
cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator
tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının
uğurla davam etdirilməsidir.
Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına
dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq
"Təlim məktəbi" layihəsinin ən vacib məqsəd və
hədəflərindəndir.
Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər
üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Üç ay
davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan
18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı
təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik,
bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər
tərəfindən xüsusi təlimlər keçiriləcək.
Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət
tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensiallarını
qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili
maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın
artırılmasında onlara yardım edəcəkdir.
"Təlim məktəbi" layihəsinin geniş ictimaiyyətə təqdimatı ilə
əlaqədar olaraq təşkil edilmiş mətbuat konfransında çıxış edən
"Uğur akademiyası"nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin
fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması
istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı və
sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq
layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə
qeyd etdi.
Azərfon MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov
isə, öz növbəsində, layihədən bəhs edərkən çoxşaxəli "Nar"
korporativ sosial məsuliyyət (KSM) strategiyasından danışıb.
"İnanıram ki, bu təlimlər, müxtəlif peşə sahibləri olacaq
gənclər üçün həvəsləndirici motivasiya olacaq və onların gələcəkdə
işlə təmin edilmələrinə xidmət edəcəkdir. Onu da qeyd edim ki,
"Nar" fiziki məhdudiyyətli şəxsləri işlə təmin edərək Azərbaycanın
biznes mühitində belə bir nümunəni artıq göstərmişdir. Nitq və
eşitmə imkanları məhdud olan şəxslərə dəstək istiqamətində atılmış
növbəti uğurlu addım olan "Təlim məktəbi" layihəsi bizi son dərəcə
fərəhləndirir və biz gələcəkdə də bənzər layihələrə dəstək verməyə
davam edəcəyik", - Əziz Axundov jurnalistlərin suallarını
cavablandırarkən qeyd edib.
Artıq üç ildir ki, "Nar" nitq və eşitmə imkanları məhdud olan
şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr
həyata keçirir. "Təlim məktəbi" layihəsi bu xeyirxah ənənənin
davamı olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli vətəndaşların
cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərdən son
dərəcə əhəmiyyətlidir.
"Nar" KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az
internet səhifəsindən əldə etmək olar.