Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Azərbaycanda hərbi xidmətdən imtina edən təriqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslər var. Bunlar "Yehovanın şahidləri" dini icmasının üzvü olduqlarını deyən gənclərdir.

Hüquq-mühafizə orqanlarındakı adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, əvvəlki illərdə də "Yehovanın şahidləri" dini icmasının nümayəndələrinin Azərbaycanda hərbi xidmətdən yayınması hallarına ara-sıra rast gəlinirdi. Lakin həqiqi hərbi xidmətə 2014-cü ilin yanvar çağırışı dövründə bu, özünün kulminasiya həddinə çatıb. Belə ki, bu dəfə Bakı ilə yanaşı regionlar da daxil olmaqla, "Yehovanın şahidləri" icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina edib.

Belə faktların mövcudluğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də təsdiqləyiblər.

Məsələ ilə bağlı açıqlama verən Bakıdakı "Yehovanın şahidləri" dini icmasının nümayəndəsi Kirill Aleksandroviç Stepanov bildirib ki, onlar irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar: "Biz inanırıq ki, Bibliya (İncil) Allahın ilhamlandırılmış sözüdür. İsa öz davamçıları ilə bağlı İohanın İncildə 17-ci fəsil, 14-cü şeirdə yazılmış sözlərini deyib: "... onlar mənim kimi dünyadan deyillər". Bu göstərişə tabe olaraq, "Yehovanın şahidləri" irqi, dini və ya siyasi fərqlər zəminində dünyada baş qaldıran münaqişələrə qarışmırlar. Həmçinin biz hökumətin yürütdüyü siyasətə qarşı etiraz etmək üçün keçirilən vətəndaş itaətsizliyi aktlarında iştirak etmirik. Bizim üçün qan tökülməsi və ya zorakılığın başqa növlərində iştirak etmək yolverilməzdir. "Yehovanın şahidləri" bütün dünyada baş verən münaqişə və müharibələrdə tamamilə neytral qalırlar".

K.Stepanov bildirib ki, "Din və müharibə haqqında ensiklopediya"da ("Encyclopedia of Religion and War") deyilir: "İsanın ilk davamçıları müharibədə və hərbi xidmətdə iştirakdan imtina edirdilər. Qətl İsanın öz düşmənlərinə sevgi haqqında təliminə zidd idi".

Onun sözlərinə görə, Bibliyanın vicdanla bağlı təliminə əsasən, hər bir Yehova şahidi hərbi xidmət keçib-keçməməsi ilə bağlı özü qərar qəbul edir. Heç kim başqası üçün qərar qəbul edə bilməz: "Yehova şahidləri" dini icmasının Nizamnaməsində hərbi xidmət keçməklə bağlı məsələ barədə xatırladılmır. "Yehova şahidləri" hərbi əməliyyatlara etiraz etmirlər və hərbi xidmət keçmək istəyənlərə öz baxışlarını zorla qəbul etdirmirlər. Biz Bibliyada, İsa peyğəmbərin kitabında 2-ci fəsildə, 4-cü şeirdə yazılmış yaxşı tanınan peyğəmbərliyə inanırıq və onun "Onlar öz qılınclarını bağ bıçaqlarına və nizələri gavahınlara dəyişəcəklər. Xalq xalqa qılınc qaldırmayacaq və daha vuruşmağı öyrənməyəcəklər" sözlərinin yerinə yetirilməsində iştirak etmək istəyirik".

Dini icmanın nümayəndəsi qeyd edib ki, "Yehovanın şahidləri" adətən hərbçilərin nəzarəti altında olmayan alternativ xidmət keçməyə razılaşırlar: "Azərbaycan Respublikasında dini etiqadları onlara hərbi xidmət keçməyə icazə verməyən vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 76.2-ci maddəsi ilə zəmanət verilir: "Əgər həqiqi hərbi xidmətin icra edilməsi vətəndaşların inamlarına zidd olarsa, onda qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsinə yol verilir". 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasının üzvü olub və bu beynəlxalq qurumun üzvü olmaqla dövlət beynəlxalq ictimaiyyət qarşısında öz üzərinə müxtəlif öhdəliklər götürüb".

Onun sözlərinə görə, məsələn, Avropa Şurası Parlamentinin 2000-ci il 28 iyun tarixli 222 saylı Hesabatının 14-cü abzasında Azərbaycan dövləti tərəfindən daxil olan məktubdan sitat gətirilir. Azərbaycan tərəfindən təqdim edilmiş bu məktubda Azərbaycan Respublikası 2 il ərzində Avropa standartlarına uyğun gələn alternativ mülki xidmət haqqında qanun qəbul etmək öhdəliyi qəbul edib: "Bu iki illik müddət 2003-cü ildə başa çatıb. Lakin təəssüf ki, alternativ xidmət haqqında qanun indiyədək qəbul edilməyib. Son iki il yarım ərzində Avropa İnsan Haqları Məhkəməsi əsas vətəndaş hüquqlarını, o cümlədən "Yehovanın şahidləri"nin dini etiqadlarına görə orduda xidmətdən imtina etmək hüquqlarını dəfələrlə təsdiqləyib".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib ki, "Yehovanın şahidləri" dini icması vaxtilə Ədliyyə Nazirliyi tərəfindən ilkin qeydiyyatdan keçdiyi üçün onun Bakı şəhəri ərazisində fəaliyyəti qanuni hesab edilir: "Lakin onlar Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməyiblər. "Dini etiqad azadlığı haqqında" Qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilərlər".

O.Əli deyib ki, "Yehova şahidləri"nin hərbi xidmətdən yayınmasına gəlincə, bu yəqin ki, onların öz aralarında olan əqidə məsələsindən qaynaqlanır və DQİDK sözçüsünün fikrincə, bu, yolverilməzdir: "Hamımız bilirik ki, hazırda Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Müharibə şəraitində olan ölkədə belə fikirlərin formalaşması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin (Vətəni müdafiə) II bəndindən əvvəl, I bənd var. Orada isə qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidirlər".

Məsələyə İslam dini baxımından yanaşmanı izah edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev bildirib ki, İslam dini Vətəni, torpağı, milləti, dövləti, namusu, ailəni qorumağı önə çəkir və yeri gələrsə, hamı bunlar üçün canını da fəda etməlidir: "İslam dini xalqlar və millətlər arasında müharibənin olmasını istəmir, amma belə bir yanaşma var ki, sənə qarşı hücum varsa, müdafiə olunmalısan. Müdafiə olunanda isə təcavüzkarla vuruşmalısan. Hərbi xidmətə gəlincə, Vətənə hərbi xidmətin edilməsi çox bəyənilir. İslamda Vətənin keşiyində durmaq, ona xidmət etmək, onu düşməndən, təcavüzkardan qorumaq ən böyük şərəfdir, mütləq, vacib amildir və hər bir insanın boynunda haqdır. Vətəni qorumaq xalqı qorumaq, xalqı qorumaq torpağı qorumaq, torpağı qorumaq dövləti qorumaq deməkdir. İslamda zaman-zaman Vətəni qorumaq üçün din, dövlət rəhbərləri əmrlər verib. Cihad əmri veriləndə hamı bu hökmə tabe olaraq Vətəni qorumaq üçün ayağa qalxıb. Kim gizlənsəydi, kim qaçsaydı, onlar məsuliyyət daşıyardılar. Onlar həm Allah, həm də Vətən və xalq qarşısında günahkar hesab olunurdular. Muhəmməd peyğəmbərdən (s.ə.s) hədis var ki, "Vətəni sevmək imandandır". Sevmək üçün onu qorumalısan, onu möhkəmləndirməlisən, ona qarşı diqqətli olmalısan".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər zamanı ora alternativ xidmətlə bağlı müddəa salınıb: "Xidmətin bir neçə növü var: həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ xidmət nədir? Dünyada müəyyən ölkələrdə bu xidmət növü tətbiq olunur. Bu zaman xidmətin müddəti həqiqi hərbi xidmətə nisbətən daha çox olur. İslam dininə aid olmayan bəzi dini cərəyanlar var ki, dini baxışlarına görə həmin şəxslər əlinə silah götürmürlər. Bundan başqa, cinsi azlıqlar və s. kateqoriyadan olan adamlar da həqiqi hərbi xidmətə yox, alternativ xidmətə cəlb olunurlar. Alternativ xidmət edən şəxslər adətən hospitallarda otaqları təmizləyir, hərbi hissədə müxtəlif təsərrüfat işlərinə cəlb olunurlar. Bu, o demək deyil ki, onlar xidmətdən uzaqlaşa bilərlər. Məsələn, Rusiyada alternativ xidmətdə olanlardan bazarların süpürülməsində, yaxud ayaqyoluların təmizlənməsində, qocalar evində qocalara qulluq edilməsində və s. işlərdə istifadə olunur. Lakin bunun üçün qanun olmalıdır" ( Trend ).

Tarix
2014.04.03 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi - Foto

Azərbaycanda azad media formalaşıb - Əli Həsənov

İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video

Bakıda qəribə oğurluq: malı da, pulu da satıcı verir - Video

Azərbaycanda dəhşət: Ayılar kəndə hücum etdi - Foto

Göyçay körpüsü bərpa edilərək istifadəyə verildi

Səfirimizin oğlu həbs edildi - Şok

İşdən qovulan Quliyev AQTA-da necə vəzifə alıb? - Rəsmi

Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi

Yeni nazirdən göstəriş: Bu şəxslər işlə təmin olunsun

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla