Ana səhifə Toplum |
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və EkoAvrasya Ekonomik İlişkilər Dərnəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Azərbaycan və Türkiyə həqiqətlərinin yayılmasında aydınların rolu və vəzifələri" adlı konfrans keçirilib.
Axar.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin tarixin sınaqlarından uğurla keçdiyini vurğulayıb. Ölkəmizdə səfərdə olan Türkiyədən nümayəndə heyətini Bakı Atatürk Mərkəzində görməkdən məmnun olduğunu bildirən Əkbər Qoşalı hər iki xalq arasında dostluğu davam etdirən ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü bildirib.
Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan və Türkiyə ziyalılarının iştirak etdiyi bu cür konfrans və görüşlərin vacib olduğunu deyib. Millət vəkili qeyd edib ki, getdikcə gərginləşən dünyada istər Azərbaycan, istərsə də Türkiyə haqqında dezinformasiyalar, Qarabağla bağlı qərəzli və yalan məlumatlar yayılmaqdadır:
"Biz bu cür yalan məlumatların bir hissəsini hansı qüvvələrin yaydığını, ermənilərin bu sahədə təxribatlarını yaxşı bilirik. Eyni zamanda bu yalanlar başqa qüvvələr tərəfindən də yayılır. Qarabağ həqiqətlərini dünyaya daha ətraflı, olduğu kimi çatdırmaq üçün birlikdə fəaliyyət göstərməli, əməkdaşlığımızı daha da gücləndirməliyik. Yalnız bu halda biz türk dünyasının acısını, toplumlarımızın həqiqətlərini beynəlxalq ictimaiyyətə doğru şəkildə çatdıra bilərik".
Türkiyənin müxtəlif bölgələrində Qarabağ adına parkların salındığını, küçələrin açıldığını vurğulayan millət vəkili bu layihələrin Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında mühüm işlər olduğunu vurğulayıb.
Pürsaklar bələdiyyə başqanı Səlcuq Çətin hər iki xalqın ortaq söykökə, tarix və adətlərə malik olduğunu bildirib. O, Türkiyə və Azərbaycanın böyük iqtisadi layihələrdə fəal olduğunu vurğulayaraq bu nailiyyətləri hər iki ölkə üçün vacib olduğunu qeyd edi b və hər iki xalqın həqiqətlərinin dünyaya çatdırılması baxımından birgə fəaliyyətin önəmli olmasını söyləyib.
EkoAvrasya Ekonomik İlişkilər Dərnəyinin rəhbəri Hikmət Ərən türk dünyasında baş verən qətliam və soyqırımların dünya birliyinə duyurulması üçün hər iki dövlətin QHT-ləri, media quruluşları arasında əlaqələrin daha da möhkəmlənməsinə toxunub.
Hollandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçisi Vüqar Abbas Azərbaycan və Türkiyə diaspor nümayəndələrinin birgə uğurlu fəaliyyəti barədə məlumat verib və gələcəkdə hər iki ölkə həqiqətlərinin dünyaya tanıdılmasında görülməli olan işlərdən danışıb.
Məhməd Ərdoğan Ərgün Türkiyə və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında medianın üzərinə düşən vəzifələri qeyd edib.
"Okuklu Holdinq"in rəhbəri Yılmaz Okuklu, iş adamı Məhməd Akböyük, CASCFEN sədr müavini Nadir Azəri, TUMİB rəhbəri Çingiz Bayramov və digər çıxış edənlər konfransda müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tarix
2017.08.20 / 16:20
|
Müəllif
Axar.az
|