Putin, Lukaşenko, Nazarbayev Borrozzanın təşəbbüsü ilə
Poroşenko ilə görüşmək istəyir; Rusiya Ukraynaya humanitar yardım
adı ilə silah keçirməkdə davam edir
Ukrayna Silahlı Qüvvələr Luqanskın bir hissəsini terrorçulardan
azad edib. Avqustun 18-də səhər saatlarında başlayan genişmiqyaslı
əməliyyatlar nəticəsində Ukrayna ordusunun terrorla mübarizə
qüvvələri şəhərin bir hissəsini, eləcə də rayon milis idarəsi
yerləşən ərazini separatçılardan təmizləyib. Luqanska girən Ukrayna
tankları şəhərə nəzarəti bərpa edib, əsgərlər hökumət idarələrinin
üzərinə Ukrayna bayrağı sancıblar. Əməliyyatla bağlı mediaya
alıqlama verən silahlı qüvvələrin sözçüsü Andrey Lısenkop deyib ki,
şəhərin bir hissəsini geri qaytaran Ukrayna qüvvələri Luqanskı
tamamilə terrorçulardan təmizləmək üçün yeni əməliyyata
hazırlaşır.
Yada salaq ki, artıq 16-cı gündür Luqansk faktiki olaraq döyüş
meydanına dönüb. Hər gün tərəflər arasında şiddətli atışmalar
gedir. Çox sayda insanın həlak olduğu bəlli olsa da heç bir tərəf
qurbanlarla bağlı say açıqlamır. Lısenkonun sözlərinə görə, Ukrayna
ordusu Luqanskı mühasirəyə alıb. Terrorçuların şəhərin hansı
məntəqəsində olduğu dəqiqləşdirilir, əməliyyatlar həmin istiqamətdə
davam etdirilir.
Bu arada Gömrük Birliyinin rəhbərləri Ukrayna prezidenti Petro
Poroşenko ilə görüşə hazır olduqlarını bildiriblər. Bu haqda
Kiyevdə keçirdiyi brifinqdə Belorus Respublikasının Ukrayna
böyükelçisi Valentin Veliçko məlumat verib: "Vladimir Putin,
Nursultan Nazarbayev, Aleksandr Lukaşenko Ukrayna prezidenti Petro
Poroşenko ilə Gömrük Birliyi məsələsini müzakirə etməyə hazır
olduqlarını bildirib və biz bu haqda Ukrayna prezidentini
məlumatlandırmışıq. Hələlik görüşün yeri, formatı və tarixi
dəqiqləşdirilməyib. Ola bilər ki, görüş ABŞ-da, ya da Avropa
ölkələrindən birində baş tutsun. Görüşün yeri və zamanı
dəqiqləşdiriləndən sonra müzakirəyə çıxarılacaq məsələlərlə bağlı
daha geniş informasiya veriləcək".
Yada salaq ki, belə bir görüş təşəbbüsünü Avropa Komissiyasının
sədri Joze Manuel Barroza irəli sürüb. Barroza Putinlə telefon
danışığında Kiyev Moskva və Brüssel arasında üçtərəfli danışıqlar
başlanması haqqında razılıq əldə edib.
Ukrayna sərhədçiləri isə Rusiyanın humanitar yardım adı ilə
Ukraynaya növbəti silah keçirmək cəhdinin qarşısını alıb. Ukrayna
kəşfiyyatının məlumatı əsasında sərhəd qapılarını humanitar yardıma
bağlayan sərhədçilər Rusiyadan humanitar yardımın tərkibi haqqında
sənəd istəyib, yüklərin yoxlanmadan ölkə ərazisinə
buraxılmayacağını bildiriblər. Rusiya tərəf Ukrayna sərhəd
xidmətinə heç bir sənəd təqdim etməyib.
Bununla belə, Rusiya Ukraynaya humanitar yardım adı altında
silah keçirmək cəhdlərini davam etdirib. Avqustun 18-də "Donetsk
Xalq Respublikası"nın sözçüləri elan edib ki, sərhədə nəzarət
etdikləri məntəqələr "humanitar yardım" alıblar.
Musavat.com