Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları
Şirkətində yeni yoxlamalara başlayır.
"Axar.az"ı məlumatlandıran mənbənin sözlərinə görə, hələ 2013-cü
ilin martında, İsmayıl Ömərov İctimai TV-nin baş direktoru olarkən
Vergilər Nazirliyi tərəfindən yoxlama başlamışdı. Amma Cəmil
Quliyevin baş direktor seçkisindən sonra vergi yoxlaması
"donduruldu". "Dondurulan" yoxlamanın donu isə dekabrın 2-də
açılacaq - 6 aydan sonra.
Qeyd edək ki, 2013-cü ilin may ayının 8-də Hesablama Palatasının
kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə
dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin
istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq də
edilib.
May ayında proqram təsdiq edilib, amma auditin nəticələri elan
olunmayıb: necə ola bilər ki, vergi yoxlaması 6 ay müddətinə
dondurulur və audit proqramı təsdiqləsə də, açıqlama verməkdən
birmənalı imtina edir? Qanunvericilik buna imkan verirmi?
İctimai televiziyanın büdcəsi xalqın vergiləri hesabına
formalaşdığından, bu barədə şəffaf açıqlamaların verilməsi
vacibdir.
Ancaq təəssüf ki, Hesablama Palatası suallarımızı
cavablandırmaqdan imtina etdi.
Bu, büdcə vəsaitinin təsdiqlənməsi ilə
bağlıdır
"Axar.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab
edir ki, yoxlamaların 6 aydan sonra yenidən başlanması səbəbini və
ümumiyyətlə, 6 aylıq "dondurulmuş yoxlama" anlayışını izah etməkdə
çətinlik çəksə də, ola bilsin ki, dekabrda başlayan yoxlama gələn
il dövlət büdcəsindən İTV üçün ayrılan vəsaitin hesaba
köçürülməsinin təsdiqlənməsi ilə bağlıdır:
"Dövlət büdcəsindən maliyyələşən qurumlara vaxtaşırı
Hesablamalar Palatasının yoxlama aparılması onun vəzifə borcudur.
Bu yoxlamalar olmadıqda, büdcə vəsaitlərinin necə xərclənməsi
haqqında doğru-dürüst məlumat almaq mümkün olmur. Ona görə də çox
güman ki, belə bir yoxlamaların aparılmaması və yaxud da
ertələnməsinə hər hansı bir nüfuzlu şəxsin təsiri ola bilər. Onu da
bildirim ki, Hesablama Palatası ən azından ilin sonuna qədər
büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı müəyyən
arayışlar yazmalıdır. İlin sonuna da çox az müddət qalıb. Büdcədən
maliyyələşən bir çox şirkətlər və yaxud hökumət idarələri bu
arayışı almadan büdcədən maliyyələşmədə çətinliklə üzləşə bilər.
Ona görə də düşünürəm ki, formal olsa da, İTV-də yoxlamalar
aparılıb, arayış yazılacaq. Çünki büdcədən maliyyələşən hər hansı
bir təşkilata ayrılan vəsaiti Hesablama Palatasından keçən il üçün
verilən arayış şərtləndirir".