Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilib.
Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat veriblər. Belə
ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran
Əliyev dekabrın 8-dən 10-dək Amerika Birləşmiş Ştatların paytaxtı
Vaşinqton şəhərində Dünya Bankının dəstəyi ilə Korrupsiyaya qarşı
Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü
iclasında iştirak edib.
Korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil
edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə
yaxın yüksək vəzifəli şəxsi, habelə beynəlxalq təşkilatların
nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya
Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam
açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə
çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya
qarşı birgə mübarizənin aparılmasının vacibliyini bildiriblər.
K.Əliyev iclasın korrupsiyanın qarşısının alınmasına həsr
edilmiş sessiyasındakı çıxışında ölkə rəhbərinin təşəbbüsü ilə
yaradılaraq Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət"
mərkəzlərinin fəaliyyətinə dair iştirakçılara ətraflı məlumat
verib.
Tədbirdə K.Əliyev Dünya Bankının və Dələduzluqla mübarizə üzrə
Avropa bürosunun (OLAF) yüksək rəsmiləri ilə ikitərəfli görüşlər
keçirib, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr
aparılıb.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin rəisi K.Əliyev dekabrın 11-dək 12-dək Fransanın
paytaxtı Paris şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa
Qarşı Mübarizə İdarəsinin (UNODC), İqtisadi inkişaf və Əməkdaşlıq
Təşkilatı (OECD), Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatının
dəstəyi ilə korrupsiyaya qarşı mübarizədə ən müsbət təcrübələr və
gələcək əməkdaşlıq adlı Simpoziumda iştirak edib.
Simpoziumda çıxış edən K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı
mübarizə sahəsində aparılan islahatlar, o cümlədən Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən
korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, "Qaynar
xətt" əlaqə mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq, xüsusilə
Baş İdarənin Litva Xüsusi İstintaq İdarəsi ilə birgə həyata
keçirdiyi və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş
prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramının
əhəmiyyəti barədə ətraflı məlumat verib, habelə korrupsiyanın
qarşısının alınmasında önəmli rolu olan və "ASAN xidmət"
mərkəzlərinin fəaliyyəti barədə iştirakçıları məlumatlandırmaqla,
çoxsaylı suallarını cavablandırıb.
Simpozumun sonunda Azərbaycanda korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilmiş qanunverici və institusional tıdbirləri
özündə əks etdirən bukletlər tədbir iştirakçılarına paylanıb.