Bakı Bulvarının ən əzəmətli attraksionu Xəzər dənizinin tam sahilində yerləşən, şəhərin ən hündür yelləncəyi hesab edilən “Şeytan çarxı” adı ilə məşhur olan Panoram attraksiondur. 2014-cü ildən şəhər sakinlərinin istifadəsinə verilən bu yelləncəyə minmək bir çoxunun könlündən keçsə də, qiymətlər buna imkan vermir.
“Şeytan çarxı”ndan Bakını izləmək istəyən 6 yaşdan yuxarı hər kəs pul ödəməlidir. Belə ki, 6-12 yaş 3 manat, 12 yaşdan yuxarı isə 5 manatdır.
Bir çoxları hesab edir ki, istifadəyə verilməsi əhali tərəfindən səbirsizliklə gözlənən karusel 5 ildir fasiləsiz olaraq işləsə də, məhz bu səbəbdən bir o qədər də müştərisi yoxdur.
Maraqlıdır, bəs görəsən qiymət nəyə əsasən tənzimlənir? Panoram attraksion daha ucuz ola bilməzdimi?
Axar.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı bildirib ki, Bulvardakı Panoram attraksionda 6 yaşa qədər uşaqlar üçün minik pulsuzdur:
“Milli Park ərazisindəki attraksionlardakı qiymətlər həmin attraksionların saxlanılmasına sərf edilən xərclərlə müqayisədə əslində çox aşağıdır. Nəzərə almaq lazımdır ki, qaydalara görə qiymətlər karusel və attraksionların saxlanılmasına sərf olunan xərclərə uyğun tənzimlənir. Ancaq Bakı Bulvarında bu nəzərə alınmır. Həmin attraksionların istifadə olunduğu digər ölkələrlə müqayisədə qiymətlər bizdə olduqca aşağıdır. Yəni onlara sərf olunan xərclər heç hesablanmır. Belə deyək, qiymətlər hər bir vətəndaşın cibinə uyğun tərtib edilib”.
G.Yelmarqızı bildirib ki, Bakı Bulvarında olan attraksionlardan müəyyən aksiyalar çərçivəsində pulsuz istifadə də həyata keçirilir:
“Ümumi qaydalarda Panoram attraksionda hər hansısa təbəqədən olan şəxslərə müəyyən güzəştlər nəzərdə tutulmur. Ancaq bulvarda mütəmadi olaraq aksiyalar təşkil edilir ki, bu zaman da attraksionlardan istifadə pulsuz olur. Belə aksiyalarda hər bir təbəqədən olan vətəndaş attraksionlardan pulsuz istifadə edə bilər”.
Xatırladaq ki, tikintisinə 2013-cü ildə başlanılan və 2014-cü ildə istifadəyə verilən "Şeytan çarxı" kimi tanınan Panoram attraksion Hollandiya şirkəti “Dutch Wheel” tərəfindən quraşdırıb. Bu karuselin 28 adi və adilərdən bir az fərqlənən daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinəsi var. Attraksionun bir kabinəsində 8, VİP kabinələrdə isə 4 sərnişin otura bilər. Attraksionda eyni vaxtda ümumilikdə 240 sərnişin əyləşə bilər.
Bakının köhnə məşhur “Şeytan çarxı”ndan 3 dəfə böyük olan karuselin diametri 60 metrdir. Attraksionun bir dəfə dövrə vurması insan sayından asılı olaraq 10 dəqiqədən yarım saata qədərdir.