Bu gün Azərbaycanda "Cənubi
Qafqaz: 1903-cü il" xəritəsi və "Azərbaycan Respublikasının Milli
Atlası" hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Trend-in məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə
təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və
"Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən AMEA prezidentı Akif Əlizadə bildirib ki,
Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif
olunması ilə bağlı kartoqrafik saxtakarlıqlar artıb. Məhz bu tip
saxtakarlıqların qarşısının alınmasının zəruriliyi Azərbaycan
Prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli
"Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin və 18 aprel 2012-ci il
tarixli "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında
sərəncamlarda öz əksini tapıb.
A.Əlizadə qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra tarixi həqiqətlərə real yanaşmaq imkanı olub. Bu nərşlərin
yaradılması da həmin imkandan istifadə etməyin nəticəsidir.
Akademiya prezidentinin sözlərinə görə, "Azərbaycan
Respublikasının Milli Atlası" özündə böyük məlumat bankını təşkil
edir. Atlas 19 bölmə, 444 səhifədən ibarətdir. Bu atlasın digər
atlaslardan fərqi burada Azərbaycanın bütün həyatının kompleks
şəkildə öz əksini tapmasıdır: "Burada Azərbaycanın torpaqları ilə
bağlı bütün məlumatlar var. Sənaye, təhsil, tarix və digər
istiqamətlər üzrə məlumatlar bu atlasda öz əksini tapıb. Atlasın
digər mühüm dəyəri odur ki, bu atlasın tərtibatında informasiya
təminatından istifadə edilib. Atlasın yaradılması kollektiv əməyin
nəticəsidir. Bu gün onlara böyük təşəkkürlər düşür".
A.Əlizadə deyib ki, "Cənubi Qafqaz: 1903-cü il" xəritəsi 1903-cü
ildə Cənubi Qafqazın Hərbi Dairəsinin topoqrafiya şöbəsi tərəfindən
hazırlanıb. Həmin xəritə yenidən çap olunaraq ictimaiyyətə təqdim
edilib.
Onun sözlərinə görə, bu xəritə özlərini hər zaman aborigen xalq
kimi təqdim edən və ölkəmizə qarşı torpaq iddiası aparan ermənilərə
sanballı cavabdır: "Bu xəritə göstərir ki, hazırkı Ermənistan
ərazisində olan bütün tarixi adlar Azərbaycana məxsusdur, tarixi
dövlətimizin adlarıdır. Bu xəritə 1903-cü ildə çar Rusiyası
tərəfindən tərtib edilib. Ona görə də ondan qaçmağa yer yoxdur. Bu,
ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı
bir məlumatdır".
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov
isə deyib ki, son vaxtlar ayrı-ayrı ölkələrin kütləvi informasiya
vasitələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi
və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin
adlarının dəyişdirilməsi istiqamətində təxribat xarakterli
materiallar yayılmaqdadır: "Gördüyünüz kimi, biz özümüz istəmədən
informasiya müharibələrinin ən qəddar, amansız növü olan
kartoqrafik müharibəyə cəlb olunmuşuq. Ölkə prezidenti belə
halların qarşısını almaq, dünya ictimaiyyətinə düzgün məlumatları
çatdırmaq üçün 1903-cü ildə çar Rusiyasının hakim dairələri
tərəfindən tərtib edilmiş "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin 3
dildə - Azərbaycan, ingilis və rus dillərində çap edilməsi barədə
sərəncam verib. Bu xəritənin nəşr olunması ermənilərin əsassız
iddialarına cavab vermək baxımından böyük əhəmiyyətə malikdir.
Xəritənin digər başlıca əhəmiyyəti isə Ermənistan Respublikası
ərazisində olan coğrafi adların bütövlükdə Azərbaycana məxsus
olmasının, İrəvan quberniyasındakı yaşayış məntəqəsi adlarının
demək olar ki, hamısının Azərbaycan dilində, türk mənşəli olmasının
aşkar şəkildə göstərilməsidir".