Dünən yazıçı Anarın 77 yaşı tamam oldu. Oxucularından
biri yazıçıya maraqlı məktub ünvanlayıb. Bu məktub Feysbuk
istifadəçilərinin də marağına səbəb olub.
Axar.az xəbər verir ki, Anar adlı oxucu Feysbuk sosial
şəbəkəsində təbriki bu şərhlə paylaşıb:
"Gözəl yazıçımız, roman və povestlərin, hekayələrin, pyeslərin,
saysız-hesabsız məqalələrin, məşhur filmlərin ssenari müəllifi
Anarın doğum günüdü, 77 yaşı tamam olur. Onu təbrik edir, can
sağlığı, yeni əsərlər arzulayırıq. Beşmərtəbəni dolanıb olmayan
altıncı mərtəbəni tapmaq hər adamın işi deyil. Amma Anar bunu
bacarıb. Ad günün mübarək, sevimli yazıçım!"
Sadə oxucusu Anarın yazıçı Anara ünvanladığı məktubu təqdim
edirik:
"Yəqin ki məni yaxşı xatırlayırsınız - Oqtay Muradovam. Yəqin
onu da xatırlayırsınız ki, 44 il bundan əvvəl mənə qəribə bir
teleqram gəlmişdi. Sonrası da sizə məlumdur. Bu gün isə məktub
aldım. Elektron formada yox, qələmlə yazılmış adi məktub. İki dəfə
oxudum. Sizin də oxumağınıza etiraz etmirəm:
"Salam, Oqtay. Necəsən, işlərin necə gedir? Evlənmisənmi? Gör
neçə ildi "ƏLAQƏ" saxlamırıq. Özün haqda ətraflı yazarsan...
Mən yaxşıyam. Demək olar ki, həyatım ayrı-ayrı şəhərlərdə keçir.
Ziyafətlər, tədbirlər. Bir gün Tokioda, o biri gün Sidneydə.
Başqa-başqa "OTEL OTAĞI"nda məskən salıram. Həə, onu da deyim ki,
"KEÇƏN İLİN SON GECƏSİ"ni də Keyptaunda keçirdik. Mən, Camal və
qızım "TƏHMİNƏ".
Sən heç bilirsən Milanın məşhur La-Skalasında "DANTENİN
YUBİLEYİ" mərasimində olmaq nə deməkdi? Bəs Vaşinqtonda Üzeyir
Hacıbəyova həsr olunmuş "UZUN ÖMRÜN AKKORDLARI" filminə baxmaq?
Təsəvvür eliyirsən? Çox maraqlıdı.
Bilirəm, Camaldan xoşun gəlmir, amma qoy deyim. O, artıq
diplomatik işinə son qoyub. 5 il bundan əvvəl ona bu işi uğurla
başa vurduğuna görə xüsusi mükafat da verdilər: "SÜBHÜN SƏFİRİ"
adına layiq görüldü. İndi isə o, iri biznesmendi. Bakıdakı "DƏDƏ
QORQUD" qəsəbəsində də meqa-layihəsi var. Bəlkə bu layihə ilə
əlaqədar "MACAL" tapıb bir neçə günlüyə Bakıya gəldim. Çox
darıxmışam Bakı üçün. "ŞƏHƏRİN YAY GÜNLƏRİ"ndə İçərişəhərdə
gəzdiyimiz günlər üçün... O vaxt dediyin bu şeiri tapıb
əzbərləmişəm. Bu şeirdə gənc Əsməri görürəm:
Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası,
küçələrini dolanan addımların
həmişə tənha səsi,
gecələrini
dünyada itən tarix tikəsi,
içindən bayır şəhərə,
böyük şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
içəri şəhər,
içəri şəhər...
Yeri gəlmişkən, eşitdim ki, bu şeirin müəllifi vəfat edib. Allah
rəhmət eləsin.
Həə, qızımsa Moskva Dövlət Konservatoriyasını bitirdi. Keçən
həftə onun Bakıya həsr etdiyi kantatası səsləndi – "TORPAQ, DƏNİZ,
OD, SƏMA" adında. Sevinirəm ki, onun Bakıya məhəbbəti var, bu şəhər
onun üçün yad deyil.
Amma bütün bunlara baxmayaraq, bəzən içimdə bir boşluq hiss
edirəm. Darıxanda sadəcə pəncərədən boylanıram və mənə elə gəlir
ki, bu, adi pəncərə yox, "QƏM PƏNCƏRƏSİ"di. Hətta "VAHİMƏ"yə də
düşürəm. O pəncərədə gənc Əsməri görmək istəyirəm, lakin görə
bilmirəm. Əvvəllər yuxularımda həmişə "AĞ QOÇ, QARA QOÇ" qaçırdı.
Nə qədər edirdimsə, ağ qoçun belinə minə bilmirdim. İndi isə qara
qoç sakit-sakit gəzir. Ağ qoçdan əsər-əlamət yoxdu. (Mənə
yazığın-zadın gəlməsin).
....Nə isə, Oqtay, çox yazmıram. Özünə yaxşı bax. Cavab
məktubunu gözləyəcəm. İnşallah, Bakıya gələndə "MÜTLƏQ
GÖRÜŞƏRİK".
Öpürəm. Kamikadze (Yadımda qalıb, bu,"GÜRCÜ FAMİLİYASI" deyil,
könüllü ölümə gedən yapon təyyarəçilərinə verilən addır)".