Yuxarı

Zənn edin, Böyük Qarabağ savaşına hazırlaşırıq... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:07

İki xüsusi gün yaşadıq. Koronavirus həyatımıza soxulandan bəri ilk dəfə idi ki, iki günümüzü əsl ev yasaqlığı, mənzilə məhkumluq şəraitində keçirdik.

Açığını deyim ki, vətəndaşlarımızın belə qanunpərəst olacağını gözləmirdim. Çünki özünəməxsus qara cümə alış-verişinin təəssüratı da yenidir. Və adamın inanmağı gəlmir ki, 2016-cı ilin aprel ayını “Vətən sağ olsun!” deyə bütün ölkədə bayraqıstan yaratmaqla tarixə həkk edən xalqın ayrı-ayrı hissələri yersiz yerə çörək davasına da belə ürəkdən, mədədən girişə bilərlər.

Əvvəla ona görə ki, ərzaq, o cümlədən də çörək sarıdan heç bir sıxıntı yox idi. Yoxdur. Ona görə ki, hələ virusun yayıldığı ilk həftələrdə Nazirlər Kabineti yanında Operativ Qərargah heç bir ərzaq böhranının olmayacağı barədə rəsmən elan vermişdi və o günlər dükan-bazarı silib-süpürməyə amadə qardaş-bacılarımıza da hələ qabaqcadan Gözü Tox Taq olmağı tövsiyə etmişdi. İkincisi də hətta belə bir əminlik olmasaydı da vətəndaş məsuliyyəti deyilən daxili vəziyyət bizdən səbirli-dözümlü olmağı tələb etməliydi. Axı elə bircə həftə əvvəl ordumuzdan Şuşanı vurmağı tələb edən virtual izdiham yaşamışdıq. İndi isə bir anlıq hesab edək ki, Şuşada hansısa saxta bir andiçməni pozmağa hesablanmış hava zərbəsi endirmişdik və bununla da atəşkəs dövrünün dinc insanlarına, vətəndaşlarımıza yeni ab-hava, açıq müharibə şəraiti təklif etmişdik. Deməli, çörək tıxacını gözünə qatıb Bişkek inqilabında olduğu kimi evinə kilometrlər uzunu tualet kağızı dartmağa da, 5-10 banka xiyar turşusu, qutu-qutu makaron, düyü, un almağa da ehtiyac yox idi.

Və üçüncüsü: axı söhbət vur-tut iki gündən, şənbə və bazardan gedirdi. Doğrudanmı iki günün həyəcanı “Uzaq sahillər”dən tanıdığımız partizanların ərzaq əməliyyatı boyda olmalıydı?!

Yox əlbəttə. Bu Ac Qarın yox, Ac Göz mənzərəsiydi…

Buna bənzər bir mənzərəni biz bu yaxınlarda manatı dollara dəyişənlərin ifrat canfəşanlğı zamanı da görmüşdük. Sonrası nə oldu? Bir neçə gün sonra dolları manata dəyişənlərin növbəsinin şahidi olduq. Əminəm ki, iyulun 8-də hər kəs ogünkü qardaşdan irəli qarınlığını gülə-gülə xatırlayacaq. Təki növbəti beşinci günü yeni və eyni aqibətin qara cüməsinə çevirməsin.

Amma yaxşı ki, şənbə və bazar günü başqa vətəndaş gördük. Operativ Qərargahın əmri qeyd-şərtsiz yerinə yetirildi. Hətta zibil atmaq da olmazdı. Hətta bütün dükanlar bağlanmışdı.

Hətta. Hətta. Hətta...

Bütün belə “həttalıq” yasaqlara baxmayaraq, vətəndaş səbir etdi. Dözdü. Anladı ki, bu xanənişinlik onun sağlamlığı, dövlətin normal həyatı üçündür. Küçələrdə artıq adam, artıq avtomobil yox idi. Təkcə Bakıda yox. Operativ Qərargahın qərar zonasına daxil olan başqa iri şəhərlərimizdə də eyni intizamlı tabelik var idi. Bu, artıq o xalq idi. Aprel döyüşlərində ölkəni bayraqıstana çevirən. Dövlətin sinonimi. Öz sağlamlığının dövlətin taleyinin tərkib hissəsi olduğunu anlayan xalq.

Görünür, “Dövlətə canım fəda!”, “Ali Baş Komandan əmr etsin, Xankəndiyə bayraq taxım!”, “Ömürdən pay verərlər, torpaqdan pay olmayır!” poetikası, ritorikası ilə yaşayan xalq tək, hələlik belə çətin tapşırıqlara hazırlıq kimi, küçəyə çıxmamağı, maska taxmağı, məsafə saxlamağı, bir sözlə, virusla mübarizənin tələblərini yerinə yetirməyi öyrənməyimiz çətin deyilmiş.

Gəlin belə zənn edək ki, Böyük Qarabağ savaşına hazırlaşırıq. Kiçik hərbi vətənpərvərlik gimnastikası edirik. Sabah Şuşanı, Laçını, Ağdamı azad etmək üçün ev tapşırığımız bu günə belədir: bu gün bir çörək yerinə beş çörək almayaq.

Zəngilanı, Cəbrayılı azad etmək üçün bu günə ev tapşırığı: bu gün Ali Baş Komandanın əmrilə dərhal maska taxaq.

“Evə get!” deyiləndə dərhal evə gedək.

“Evdən çıxma!” əmri veriləndə evdən çıxmayaq.

“Döyüşə get!” deyəndə döyüşə getmək, “Döyüşdən çıxma!” deyiləndə döyüşdən çıxmamaq üçün!

Polislə gizlənpaç oynayan saqqallı uşaqlara da başa salaq ki, indiki halda bu cəsarət yox, rəzalət əlamətidir.

İçimizdə bir əsassız təftişçilik var. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərini, əmrlərini müzakirə etməyək. Bu baş verəcəyi təqdirdə məsuliyyət altına alaq. Sərt şəkildə cəzalandıraq. Bütün dünya öz liderlərilə birlikdə pandemiyaya müqavimət göstərir. Amerika Birləşmiş Ştatlarında Floydun öldürülməsinə etiraz edənlər belə polisin dəyənəyinə, rezin gülləsinə ağzı maskalı atılır, Kanada Baş naziri aksiyalara qoşulur, amma maska və sosial məsafə saxlamaqla.

Biz hamıdan ağıllı deyilik. Əgər bu gün Ali Baş Komandan Əliyev özü maska taxırsa, bu nə düşük araşdırmaçılıqdır belə?!

Operativ Qərargah ölkənin müharibə zamanındakı Baş Qərargahıdır! Buradan verilən əmrlər icra edilməlidir, müzakirə yox! Və vətəndaşların son iki gündəki tabeliyi, intizamı da ümid verir ki, birinci gün başqa mənzərə görə bilək. Maskalı, sosial məsafəli, əlləri, niyyəti təmiz vətəndaşların yaratdığı sosial yetkin mənzərə.

Tarix
2020.06.07 / 22:10
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla