"Mərkəzi Bank tərəfindən ipoteka proqramının
təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Həmin təkliflər
yaxın vaxtda təqdim olunacaq".
Bu barədə Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov ipoteka
proqramına ediləcək dəyişikliklərlə bağlı açıqlamasında deyib. O,
təkliflər paketində iki mühüm yeniliyin olduğunu diqqətə
çatdırıb:
"Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin
artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü
üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ
əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də
maksimum məbləğin artırılması nəzərdə tutulub. Güman olunur ki,
ipoteka kreditlərində maksimum məbləğ 50 mindən 75 min manatadək
artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil
bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər
yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin
verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də
təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan
istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli
bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun
yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət
fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki,
zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki
olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka kredit
əldə edə biləcək".
Vüqar Bayramov təkliflər paketindəki ikinci mühüm yeniliyin
regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin
artırılmasından ibarət olduğunu bildirib:
"Bu gün regionlara verilən kreditlərin məbləğində xeyli
azalmalar var. Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam
olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka
kreditlərinə limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Həmin
limitlər daxilində ipoteka kreditinin təqdim olunması
planlaşdırılıb. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon
manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı
məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka
kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq.
Sonda bir daha qeyd edim ki, ipoteka proqramına edilən
dəyişikliklər - maksimum məbləğin artırılması və gənc ailələr üçün
ilkin ödənişin ləğv edilməsindən, eyni zamanda, regionlar üçün
ipoteka kreditlərinin müəyyənləşdirilməsindən ibarət olacaq".