Azərbaycan Prezidenti, dövlət rəsmiləri və incəsənət
xadimləri tanınmış bəstəkar Nəriman Məmmədovun vəfatı ilə əlaqədar
nekroloq imzalayıblar.
AzərTac xəbər verir ki, nekroloqda deyilir: "Azərbaycanın musiqi
ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar
incəsənət xadimi, xalq artisti Nəriman Həbib oğlu Məmmədov 2015-ci
il aprel ayının 6-da ömrünün 88-ci ilində vəfat etmişdir.
Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində
anadan olmuşdur. Naxçıvan şəhərindəki uşaq musiqi məktəbinin tar
sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində
nəzəriyyə şöbəsində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında 1951–1956-cı illərdə musiqi nəzəriyyəsi,
1956–1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi
təhsili almışdır.
1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram
Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman
Məmmədov 1946–1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışmış,
1947–1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim
işləmişdir. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan
Respublikası Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi
vəzifələrini tutmuşdur.
Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman
Məmmədov 1962-ci ildən etibarən uzun müddət ərzində Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli
Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc
musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların
hazırlanması işinə var qüvvəsini sərf etmişdir.
Milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini ömrü boyu
diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın
musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri vardır. Onun
yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti
həmişə cəlb etmişdir. Nəriman Məmmədov sənətinin ən yaxşı
keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə
vermişdir. Bəstəkarın simfoniya, balet, musiqili komediya,
oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi
mədəniyyətinin dəyərli nümunələridir.
Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi
lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini
layiqincə davam etdirmişdir. Səhnə əsərlərinə də böyük maraq
göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazmışdır.
Nəriman Məmmədov xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə
vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olmuşdur. Dərin
obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən
yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan
xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki
fəaliyyəti də təqdirə layiqdir. Onun nüfuzlu musiqi
nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin
tanıdılmasına öz töhfəsini vermişdir.
Tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Nəriman
Həbib oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim
yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Akif Əlizadə,
Fatma Abdullazadə, Əbülfəs Qarayev, Mikayıl Cabbarov, Arif Məlikov,
Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Oqtay
Zülfüqarov, Azər Rzayev, Tofiq Bakıxanov, Ramiz Mirişli, Xəyyam
Mirzəzadə, Ramiz Zöhrabov və Ərtegin Salamzadə imzalayıblar.
Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il aprelin 7-də saat
13:00-dan 15:00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi
Bədəlbəyli küçəsi, 98) qoyulacaq.