"General-mayor Şərif Əsədullayevin işdən çıxarılması
məsələsi ilə yalnız dövlət məşğul ola bilər. Bu barədə kim nə
danışır, danışsın. Ölkəmizdə bu sahəyə nəzarət edən insanlar var.
Bu da yalnız onların səlahiyyətində olan işdir".
Bunu azvision.az-a açıqlamasında millət vəkili Cavanşir Paşazadə
bacısının həyat yoldaşı Şərif Əsədullayevin işdən çıxarılacağı
haqda xəbərlərə münasibət bildirərkən deyib.
O, general-mayor Ş.Əsədullayev və həbs edilən oğlu Tamerlan
Əsədullayev haqda yayılan xoşagəlməz xəbərlərin arxasında müəyyən
insanların durmasından söz açıb: "Mətbuatda bununla bağlı çox
şeylər yazıla bilər. Bu, o demək deyil ki, bunların hamısı
doğrudur. Buna generalın mətbuat vasitəsi ilə vurulması demək
olmaz. Bu gün Azərbaycan tolerant bir ölkədir. Söz, mətbuat
azadlığı qorunur. Kim nə istəyir yazır. Biz onlara heç nə deyə
bilmərik. Mətbuatda yazılan bu yazıların arxasında kiminsə
durduğunu güman etmirik. Fikirləşmirəm ki, kimsə mətbuat vasitəsi
isə Şərif Əsədullayevlə bağlı vurulma kampaniyası həyat keçirir.
Onun işdən çıxarılması ilə bağlı müəyyən cəhdlər edən insanlar
unudurlar ki, həmin şəxs uzun illərdir ki, hüquq-mühafizə
orqanlarının fəaliyyətində uğurla xidmət edib, külüng vurub".
Deputat hesab edir ki, Şərif Əsədullayevin işdən çıxarılması ilə
bağlı müəyyyən cəhdlər edənlərin özləri heç nəyə qadir
deyillər.
"Həmin şəxslər onu işdən çıxara bilməzlər. Onlar uzun illərdir
ki, uğurla faəliyyət göstərən Şərif Əsədullayevin fəaliyyətini
qiymətləndirməyə belə qadir deyillər".
C.Paşazadə bacısı oğlu tərəfindən bıçaqlanan şəxsin hazırda
xəstəxanada olmadığını deyib: "Zərərçəkən şəxs xəstəxanada müalicə
olunub. O, hadisə zamanı yüngül xəsarət almışdı. Artıq sağalıb. Bu
gündən o, işə çıxıb. Həmin şəxs özəl şirkətlərin birində mühafizəçi
kimi çalışır".
C.Paşazadə hesab edir ki, Tamerlan Əsədullayev restoranda dava
salmaqda tərbiyəsizlik edib.
"Tamerlan ona verilən cəzaya uyğun olaraq hazırda təcridxanda
saxlanılır. O, tərbiyəsizlik edib. Hələ ki, də etdiyi
tərbiyəsizliyin cəzasını təcridxanada özü çəkir".
C.Paşazadə general-mayor Ş.Əsədullayevin səhhətində problemlərin
olması haqda gəzən söz-söhbətlərə də münasibət bildirib.
"Şərif müəllim özünü yaxşı hiss edir. Heç bir problem yoxdur.
Mətbuatda hər yazılan yazıya cavab vermək lazım deyil. Bu, onların
fikridir".
Qeyd edək ki, deputatın bacısı oğlu T. Əsədullayev aprelin 10-da
Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Senator" restoranında
dava salaraq bir nəfərə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində
Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər
vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi
başlanıb.
T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb
edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub
və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq
həbs qəti-imkan tədbiri seçilib.
Xatırladaq ki, Tamerlan Əsədullayev General-mayor Şərif
Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Allahşükür Paşazadə və deputat Cavanşir Paşazadənin bacısı
oğludur.