Baş Prokurorluq orqanlarına sənəd qəbulu başa
çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il
tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq
üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında"
Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq
orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün
vakant 100 ştat vahidi üzrə müsabiqə elan edilmişdi.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim
etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test
imtahanı mayın 8-də saat 10:00-da başlayacaq və 3 saat davam
edəcək. İmtahan Azərbaycan Texniki Universitetinin "İdman
Sarayı"nda keçiriləcək (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).
Müsabiqədə iştirak edən namizədlər mayın 5-də və 6-da saat
10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu
barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və
imtahanın keçirilməsi qaydalarını əks etdirən "Yaddaş kitabçası"nı
Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri,
N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki,
test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi
aktlardan istifadə olunub:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının
Konstitusiya Qanunu;
- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının
Konstitusiya Qanunu;
- "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"
Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan
Respublikasının Qanunu;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının
Qanunu;
- "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu.
Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən
(www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56,
492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə
məlumat əldə etmək olar.