Ana səhifə Toplum |
Təhsil Problemləri İnstitutunun sabiq direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri Abdulla Mehrabov bu gecə 77 yaşında dünyasını dəyişib.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev APA-ya
açıqlamasında bildirib ki, Abdulla Mehrabov uzun sürən xəstəlikdən
sonra vəfat edib. Mərhum bu gün dəfn olunacaq.
Qeyd edək ki, Abdulla Mehrabov 1938-ci il mayın 1-də Gürcüstan
Respublikası Bolnisi rayonunun Saraclı kəndində anadan olub.
1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra,
Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil
olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını
fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildən əmək fəaliyyətinə
başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası,
1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika"
kafedrasında müəllim işləyib. 1967-ci ildə vaxtından əvvəl
"Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi "
mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi alıb. 1975-ci ildə Azərbaycan Politexnik
İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri
İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına
rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə
istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru - alimlik
dərəcəsi alıb.
Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi
hazırlanıb. Professor A.Mehrabov dünyanın aparıcı elmi
jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox
elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs
vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir.
A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək təhsili nazirinin
müavini vəzifəsində işləyib, 2001-2013-cü illərdə Təhsil
Problemləri İnstitutuna rəhbərlik edib. Professor A. Mehrabov
2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib,
2006-cı ildə respublikanın "Əməkdar müəllim"i fəxri adına layiq
görülüb.
Tarix
2015.05.30 / 13:29
|
Müəllif
Axar.az
|