Dünən "Four Seasons" hoteldə
"İnfoAzerbaijan" şirkəti özünün ilk və yeni layihəsinin təqdimat
mərasimini keçirib. Ölkənin aparıcı şirkətləri və media
nümayəndələrinin iştirakı ilə düzənlənmiş tədbirdə Azərbaycanda ilk
olan layihə barədə geniş məlumat verilib.
Tədbirdə çıxış edən İnfoAzerbaijan şirkətinin direktoru Fikrət
Fəraməzoğlu bildirib ki, məqsədləri ölkəmizin iqtisadi, mədəni və
turizm potensialını dünyaya tanıtmaq, insanlarımızın işini
asanlaşdırmaq, iri şirkətlərlə bağlı dünyanın qabaqcıl ölkələrində
təsəvvürlər yaratmaqdır. Onun sözlərinə görə, indiyə qədər
Azərbaycanda buna bənzən layihələr olsa da, heç biri
İnfoAzerbaijan-ın təqdim etdiyi yeni layihə qədər mükəmməl olmayıb.
"Bu gün Azərbaycanda veb-sayt, naviqasiya və kataloq formasında
layihələr həyata keçirilib. Amma biz şirkət olaraq bu üç komponenti
birləşdirərək, bir proqramda cəmləşdirmişik. Daha mükəmməl versiya
olan aplikeyşn proqramımız insanlarımızın işini asanlaşdırmaq,
ölkənin qabaqcıl şirkət və firmalarının mal və məhsullarının
onların ayağına gətirmək məqsədi daşıyır".
Fikrət Fəraməzoğlu daha sonra bildirib ki, bu onların ilk
işləridir və yaxın dönəmdə yeni layihələrin həyata keçirilməsinə
start verəcəklər. "Qarşıdakı dönəmdə İnfoAzerbaijan şirkəti media
və turizm sektoru üçün də daha mükəmməl bir proqram hazırlığına
başlayacaq. Məsələn, insanlarımız rahatlıqla evlərindən bizim
proqramlar vasitəsi ilə ölkənin gündəlik mətbuat orqanlarının dərc
etdiyi yazılarla tanış ola biləcəklər. Və ya ayrı-ayrı ölkələrə
səfər edib, istirahət etmək istəyən və ya işgüzar görüşlər keçirmək
istəyənlər mobil telefonları üzərindən bilet və ya turpaketlər
sifariş edə biləcəklər. Müasir dövrümüzün tələblərinə cavab verən
bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün də çalışacağıq.
İnşallah, onları yaxın zamanlarda reallaşdıracağıq".
İnofAzerbaijan şirkətinin yeni layihəsinin koordinatoru Məsut
Uzunöz isə yeni proqram haqqında geniş bilgi verib. O bildirib ki,
yeni sistem 3 istiqamətdə - kitabça, veb-sayt və tətbiqetmə
variantlarında hazırlanıb və tərtib olunub. "Məlumatlar hər 3
istiqamətdə rus, ingilis və Azərbaycan dillərində hər bir fəaliyyət
sahəsi üzrə bölmələrdə yerləşdiriləcək".
Daha sonra Məsut bəy hər bir komponent üzrə ayrıca məlumat
verib. O deyib ki, "İnfo Azebaijan" layihəsinin üç istiqamətindən
biri veb-saytdır. "Şirkətlər haqqında məlumatlar müqavilə
bağlandıqdan sonra saytımızda (www.infoazerbaijan.az)
yerləşdirilir. Saytda həmçinin nəqliyyat sisteminin (metro, təyyarə
və avtobuslar) sxemləri, cədvəlləri, iş qrafikləri, Azərbaycanın
poçt indeksləri, telefon kodları, bir sözlə, Azərbaycan haqqda
bütün məlumatlar yerləşdiriləcək. Bundan başqa saytın əsas
səhifəsində aşağıdakı məlumatlar yer alacaq:
- Azərbaycan Respublikasının Dövlət Orqanları haqqında;
- Azərbaycan Respublikasının interaktiv xəritəsi;
- Hava proqnozları;
- Valyuta məzənnəsi".
O qeyd edib ki, saytda axtarılan məlumatın daha rahat tapılması
üçün hər bir fəaliyyət sahəsi üzrə müxtəlif bölmələr nəzərdə
tutulub. "Saytda şirkət haqqında məlumatların yerləşdiyi səhifədə
istifadəçi ona lazım olan məlumatları (telefon, ünvan və s.) əldə
edə, birbaşa şirkətin veb-saytına keçə biləcək. Eyni zamanda, sayt
vasitəsi ilə şirkət haqqında məlumatlar əldə edəcək. Məsələn,
şirkətin fəaliyyət növü, adı, ünvanı, telefon nömrələri, e-mail
ünvanı, veb-saytı, fəaliyyəti haqqında qısa məlumat, şəkillər və s.
Saytda baş sponsorlar və bölmə sponsorları haqqında məlumatlar daha
fərqli şəkildə yerləşdirilir. Baş sponsorların bannerləri və bölmə
sponsorlarının loqotipləri ana səhifədə yerləşir. Saytımız bütün
tanınmış internet axtarış sistemlərində ödənişli reklam olunacaq və
həmin sistemlərdə Azərbaycandakı hansısa xidmət, istehsalçı, şirkət
haqqında axtarış edildikdə birinci sətirlərdə məhz bizim məlumat
saytımız göstəriləcək".
Məsut Uzunöz məlumat kitabı barədə də danışıb. O qeyd edib ki,
İnfo Azerbaijanın layihəsinin ikinci fəaliyyət istiqaməti məlumat
kitabıdır. "Məlumat kitabı bu ilin sentyabr ayında çap olunacaq.
Kitab A4 formatında nəzərdə tutulub. Kitabın birinci səhifələrində
Azərbaycanın iqtisadiyyatına, tarixinə və coğrafiyasına aid
məlumatlar yerləşdiriləcək. Kitabda hər bir fəaliyyət sahəsi üzrə
bölmələr nəzərdə tutulub. Kitabın birinci səhifəsində bir səhifə
baş sponsora həsr olunacaq. Bölmə sponsorlarının reklamı uyğun
bölmələrin birinci səhifələrində A4 ölçüsündə yerləşdiriləcək.
Qalan şirkətlər haqqında məlumat 8 sm X 5 sm ölçüdə, vizitkart
formasında yerləşdirilir".
Tətbiqetmə sahəsində də İnofAzerbaijan-ın həyata keçirdiyi
layihə barəsində fikirlərini qonaqlara çatdıran layihə koordinatoru
vurğulayıb ki, bu proqram artıq istifadəyə verilib. "Bu proqram
Android, IOS sistemlərində işləyən telefon və planşetlərdə istifadə
oluna biləcək. Burada da həmçinin, Azərbaycanda yerləşən şirkətlər,
restoranlar, mehmanxanalar və s. haqqında məlumatlar toplanacaq. Bu
proqram pulsuz yayımlanacaq. Hər bir qonaq Azərbaycana gələndə,
hava limanına daxil olarkən bu proqramı yükləmək üçün SMS təklifi
alacaq. Proqramı həmçinin "Play Market", "App store" kimi
mənbələrdən, həmçinin www.infozerbaijan.az ünvanından yükləmək
mümkün olacaq. Bu tətbiqetmənin köməyi ilə qonaq və ya ölkə sakini
ona lazımi məlumatı dərhal, öz telefonunda görə biləcək.
Tətbiqetmədə istənilən obyektin uyğun bölmədə ünvanı, şəkilləri,
xəritədə onun yerləşməsi, fəaliyyəti haqqında məlumat və s.
göstəriləcək. Bundan başqa xəritədə istifadəçinin olduğu yer
göstəriləcək və istifadəçi bununla ona yaxın olan obyektlər
haqqında məlumat əldə edə biləcək. Hər bir istifadəçi sistemdəki
məlumatlara mənfi və müsbət olaraq səs verə biləcək".