Suriyada öldürüldüyü bildirilən sonuncu iki
azərbaycanlının Sumqayıtdan olduğu ehtimal edilir.
Bu barədə mücahidlərə məxsus saytların yaydığı məlumata görə,
onlar "Əl-Qaidə"yə bağlı olan "Əl-Nüsra Cəbhəsi"nin sıralarında
döyüşən azərbaycanlılardır.
Ümumiyyətlə Bəşər Əsədə qarşı döyüşən azərbaycanların əsasən
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindən getdiyi bildirilir.
Qeyri-rəsmi məlumatlara görə təkcə Şəki, Zaqatala bölgəsindən
Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb. Bu bölgədən gedənlərin
əksəriyyəti isə Zaqatalanın Muxax kəndinin sakinləridir.
Hətta Suriyaya öz ailələri ilə birgə gedənlər də az deyil. Bəzi
məlumatlara görə indiyədək döyüşlərdə həlak olan azərbaycanlıların
sayı 40-ı ötüb. Suriyaya gedən azərbaycanlıların əsasən radikal
dini təriqətlərin daha geniş yayıldığı bölgələrdən getməsi də
təsadüfi deyil. Gənclərin müxtəlif dini təriqətlərin təsiri altına
daha tez düşdüyü deyilir. Nəticədə isə onlar döyüşlərin getdiyi
qaynar nöqtələrə könüllü şəkildə gedirlər. Həmin şəxslər isə
cihadın Allahın əmri olduğuna inanırlar.
Maraqlıdır ki, Suriyada döyüşə gedənlərin bəziləri hansı
məqsədlə döyüşdüklərini bilmirlər. Məsələn, Suriyadakı döyüşlərdə
həlak olan Muxax sakinləri Rizvan Süleymanov və Rəşad Məmmədovun
yaxınlarının açıqlamalarında onların din uğrunda döyüşdüyünü və
müharibəyə xeyir-dua ilə yola saldıqlarını deyirdilər.
Amma son vaxtlar ABŞ və Böyük Britaniyadan olan mütəxəssislərin
arşdırması nəticəsində məlum olub ki, Suriyaya döyüşmək üçün
gedənlərin konkret maraqları var. Suriya bölgəsi üzrə mütəxəssis
Emin Həsənovun sözlərinə görə əgər əvvəllər Suriyaya döyüşmək üçün
pərakəndə şəkildə gedilirdisə, indi daha mütəşşəkildir və bəzi
dövlətlər, xüsusilə də Səudiyyə Ərəbistanı döyüşçülərin getməsinə
öz dəstəiyni göstərir.
Azərbaycanlıların Suriyaya keçməsi üçün marşurut da var.
Türkiyə-Suriya sərhəddinə çatanlar sadəcə pasportunu təqdim
edirlər. Suriya sərhəd-gömrük məntəqəsində dayanalar isə sadəcə
pasporta baxırlar. Türkiyənin bəzi sərhəd məntəqələri Suriyadan
gələn yaralıların Türkiyəyə çatdırılması və ora gedən humanitar
yardımlar üçün açıqdır. Ona görə də Suriyaya keçən humanitar
yardımları daşıyan iri tonnajlı maşınların içərisində olmaqla da
sərhədi adlamaq çətin deyil. (ANS)