Hələ 20 il öncə xalq şairi Sabir Rüstəmxanlı demişdi ki, “Bizim Türkiyədə Türkiyə boyda diasporumuz var” yanaşması yanlışdır, əksinə, Azərbaycanın ən böyük və ən güclü diasporu məhz Türkiyədə olmalıdır. S.Rüstəmxanlı bunu DAK həmsədri kimi orda keçirdiyi görüşlərdən və adi vətəndaşlarla daha çox təmasdan sonra dilə gətirmişdi.
Bir aya yaxındır Türkiyədə - sosial şəbəkələrdə, mediada, ekspert cameəsində, hətta siyasi partiyalarda Azərbaycana qarşı davam edən bəlli kampaniya zamanı bu sözlər tam mənası ilə özünü doğrultdu. Azərbaycan həqiqətlərini ən kritik məqamda Türkiyə ictimaiyyətinə çatdıra bilən nüfuzlu diaspor qurumlarımız və Türkiyə mediasının dərhal müraciət edə biləcəyi – tanıdığı, qəbul etdiyi və sevdiyi – şəxslər yoxmuş. Məsələ hər iki ölkəni sevən, yüksək analitik qabiliyyətə malik nüfuzlu ziyalıların olmamasından getmir: belə şəxslər var və yetərincədir. Sadəcə bu şəxslər Türkiyə toplumuna təqdim edilməyib.
Rəhmətlik Qənirə Paşayeva faktiki olaraq Türkiyədə Azərbaycanın ən güclü səsi idi: qardaş ölkədə çox sevilən Qənirə xanım istənilən an istənilən proqramda danışmaq imkanlarına sahib idi. Əmin ola bilərsiniz ki, Qənirə xanım sağ olsaydı, Azərbaycana qarşı bu qara kampaniyanın iflasa uğramasında təkbaşına misilsiz xidmət göstərərdi.
Hazırda millət vəkillərimiz içərisində o statuslu və o imkanlara sahib şəxs yoxdur.
Eyni zamanda, Azərbaycan mediasının da türkiyəli ziyalı, siyasi, ekspert cameəsi ilə əlaqələri lazımi səviyyədə deyil: Azərbaycan mediası AKP-nin yanında olan MHP-dən tutmuş son seçkilərdə kifayət qədər səs toplamağı bacaran CHP-yə qədər, geniş siyasi politra içərisində yalnız bir neçə AKP-çidən kənara çıxılmır.
Bu kampaniya zamanı birilərinin çox ciddi şəkildə informasiya manipulyasiyası etdiyi və yalan-böhtanları tirajladığını müşahidə etdiyimiz halda, həqiqətləri qardaş ölkədə böyük platformalarda ifadə etmək imkanlarımızın nə qədər məhdud olmasından yalnız təəssüflənmək olardı. Bu vəziyyət 1991-1994-cü illərdə Azərbaycanın informasiya blokadasına alınması dövrünü xatırlatdı...
Azərbaycan haqda böhtanlar Türkiyədə o qədər sürətlə ayaq açıb yeriyə bilir(miş) ki, Azərbaycanı sevən kəsimi də susdurmağa gücü çatır(mış). Əsl həqiqət üzə çıxana qədər artıq günlərlə vaxt keçdi və itirilən bu günlər ərzində Türkiyədə bu yalanlarla körüklənənlərin isterikası sosial şəbəkələri başına götürdü.
Bu proseslərdən dərs çıxarmaq lazımdır:
1. Türkiyədə diaspor fəaliyyəti ciddi bazada qurulmalıdır;
2. Diaspor nümayəndələrinin kütləvi ictimai platformaları formalaşdırılmalıdır;
3. Azərbaycan millət vəkillərinin Türkiyə ilə siyasi-ictimai əlaqələri genişlənməlidir;
4. Hakimiyyətdə təmsil olunmayan partiya mənsublarının türkiyəli həmkarları ilə əlaqələri qurulmalıdır (Məhz qurulmalıdır, çünki bu əlaqələr demək olar ki, yoxdur);
5. Medialar arasında əlaqələr genişlənməlidir, azərbaycanlı kadrların yetişdirilməsi, Türkiyənin nüfuzlu media qurumlarında təcrübə keçməsi və bu təcrübə üzərindən şəxsi münasibətlər qurulması, zəruri halda təcrübə keçən şəxslərin o media qurumunda işləməsinə şərait yaradılması lazımdır;
6. Azərbaycan mediasının təmsilçiləri türkiyəli həmkarları ilə ən yüksək səviyyədə şəxsi və ictimai əlaqələr qurmalıdır – bu, müxtəlif platformalar da ola bilər;
7. Türkiyənin nüfuzlu ekspertləri Azərbaycan mediasına danışmalı, Azərbaycan mediasını tanımalıdır;
8. Son proseslərdə Türkiyənin geniş düşüncə sahibi, regionu mükəmməl təhlil etmək bacarığı olan, Azərbaycanın suveren haqlarına sayğı göstərən, yalan informasiya əsasında yanlış mövqe nümayiş etdirən öz nüfuzlu xadimlərinə qarşı sözünü açıq deyə bilən uzaqgörən, işıqlı insanları da üzə çıxdı və onların öz şəxsi sosial platformalarının geniş izləyici auditoriyasına çıxışı olduğu da bəlli oldu. Diaspor Komitəsi özü fərdi şəkildə “təbii diaspor” olan bu şəxslərlə təmasa keçməlidir və s...