Gəncədə "QHT-lərə dövlət dəstəyi: Qarşıda duran
vəzifələr və yeni yanaşmalar" mövzusunda konfrans
keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə ölkənin 53 rayonunu təmsil edən
QHT sədrləri, QHT-lərin regional koordinasiya mərkəzlərinin
rəhbərləri iştirak edib.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının Şərq-Qərb İdarəetmə İnstitutunun Sosial-İqtisadi İnkişaf
Fəaliyyəti (SEDA) layihəsi ilə birgə təşkil etdiyi toplantıda
regional vətəndaş cəmiyyəti şəbəkəsi müzakirə olunub.
Bölgələrdəki QHT-lərin resurs və təlim mərkəzlərinin "Baş
Plan"ın hazırlanması, onların inkişafı üçün qarşıda duran
vəzifələr, yeni yanaşmalar və gələcək əməkdaşlıq perspektivləri,
QHT qanunvericiliyinə edilən dəyişikliklər və onların tətbiqi
məsələləri mövzularında məruzələr dinlənilib.
Konfransda Şura üzvləri Rəna Mirzəzadə, Vüqar Qədirov, MQF
prezidenti Rauf Zeyni, "Sosial Tərəqi" İctimai Birliyinin sədri
Qalib Nəbiyev, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsinin ölkə
üzrə direktor müavini Vaqif Həsənov və Gəncə şəhər İcra
Hakimiyyətinin şöbə müdiri Həsən Məmmədov çıxış ediblər.
Çıxışlar zamanı dövlət qurumları ilə vətəndaş cəmiyyəti
institutları arasında dialoq mühiti, yerli və mərkəzi icra
hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən
layihələrin əhəmiyyəti haqda iştirakçılara geniş məlumat
verilib.