Artıq Milli Televiziya və
Radio Şurasının (MTRŞ) veriliş bağlamaq səlahiyyəti
var.
Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza,
Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov
Feysbuk hesabında qeyd edib.
O, 2014-cü ilin fevralında ANS-də yayımlanan "Ağabəyovlar"
teleserialında erotik səhnənin görüntülərini paylaşaraq bu sözləri
yazıb:
"Bəzi insanlar və hətta bəzi ziyalılar deyirlər ki, MTRŞ ANS-i
"qaralayıb". Bunu iddia edənlərdən kimsə, əgər digər hansısa
kanalda ANS-in efirində yayımlanmış paylaşdığım bu səhnələrdən daha
biabırçı səhnə görübsə, orada işlədilən ədəbsiz ifadələrdən daha
ədəbsiz ifadə eşidibsə, desin, biz də bilək. Bəzən deyirlər ki,
digər kanallarda bayağı musiqili verilişlər baş alıb gedir, heç
onlara bir söz deyən yoxdur. Axı hansısa bayağı verilişlərlə bu cür
biədəb səhnələri bir tərəziyə qoymaq düzgün deyil. Sual verilir ki,
niyə məhz indi bunları üzə çıxarırsız? Ona görə ki, əvvəlki dövrdə
Şuranın belə hallara qarşı ciddi tədbir görmək səlahiyyəti olmayıb.
Biz xəbərdarlıq edə bilərdik, bunu edirdik. Amma dəfələrlə
xəbərdarlıq etsək də, nəticəsi olmurdu. İndi isə veriliş bağlamaq
səlahiyyətimiz var. Bu səlahiyyətdən istifadə edəndə isə ANS bizi
ona qarşı qərəzli olmaqda ittiham etməyə başladı. Həmin videoları,
arayışları paylaşmaqla göstərmək istəyirik ki, ANS əvvəlki
dövrlərdə də indiki kimi, elə ciddi pozuntular edib ki, digər
kanallarda bu olmayıb".