Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov
macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya
gediblər.
Saatlı sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna
verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar
Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev
kirayələyiblər.
"Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət
qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün
hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər" - deyə
rayondakı mənbələrimiz bildirib.
Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən
böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda
yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan,
karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir.
Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min
müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu,
balkan, boz vağ) qışlamasını təmin edir.
Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat
da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan
edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə
məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin
kim olduqlarını da bilmirlər.
Amma virtualaz.org saytının bundan əvvəl xəbər verdiyi kimi,
ərəblər ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli
rayonlarının ərazisində, Mil düzündə - Kür-Araz ovalığının
cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov
həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə
əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin
Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov
zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq
orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin
ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta
torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.
Xatirladaq ki, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19
övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid
əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir ay əvvəl
Azərbaycana gəlmişdi.
Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu
kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx
müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və
xidmətçiləri hələ də Qarasudadır. Kənd sakinlərinin virtualaz.org
saytına verdiyi məlumata görə, ərəblər Qarasu kəndində artıq iki
mülk də alıblar.