Sələfi təriqətinin nümayəndəsi, Sumqayıtda sələfilərin
lideri kimi tanınan Zöhrabdan "Xeberle.com" saytı geniş müsahibə
alıb.
Müsahibədə ötən ilin sonlarında Sumqayıtda "Soltan" kafesində
baş verən qanlı toqquşmalar, Suriyada döyüşən azərbaycanlılar,
ümumən sələfi təriqəti, onların digər təriqətlərlə münasibəti və s.
haqqında suallar cavablandırılıb.
Zöhrab Şıxəliyev hələ müsahibəyə başlamamışdan öncə belə
söylədi: "Mən Sumqayıtda sələfilərin lideri deyiləm, sadəcə Allah
mənə qismət edib, mən də üçmərtəbəli evimi onlara ibadət etmələri
üçün istifadəyə verən sadə bir müsəlmanam"
Bizdə xəvaricilər, şiələrdə rafizilər
radikallardır
- Sələfilər kimlərdir?
- Sələfilər peyğəmbərimizin və onun səhabələrinin ardınca gedən
tabinlərdir, ət-tabinlərdir. İndiyədək doğru və düzgün başa düşüb,
əməl edib fəhmlə, hikmətlə onun ardıcılı olanlar sələfilər adlanır.
"Sələf" deyiləndə Peyğəmbər başa düşülür. Çünki sələf – yəni bizdən
əvvəlkilər. Biz özümüzə sələf deyəndə utanırıq. Çünki onların
əxlaqı o cür gözəl olub ki, kafir, yəhudi, nəsrani, bütpərəst –
hamısı İslamı qəbul edib. İndoneziya indi ən çox müsəlman olan
ölkələrdəndir. Bugünkü gündə elə olur ki, İslamdan xəbəri olmayan,
özünü müsəlman adlandıran insan sələfiliyə nisbət edir, amma
əslində, o, sələfilikdən uzaq olan radikal qruplardan olur. Bunlar
elə bir hərəkət edirlər ki, özünü müsəlman adlandıran cahil insan
da gedir ya nəsraniliyi qəbul edir, ya yəhudiliyi.. - təki buna
müsəlman deməsinlər. Eynilə həmin vəziyyət şiələrdə də var. Həqiqi
şiələrlə həqiqi sələfilərin heç bir ədavəti yoxdur. Onların içində
də radikal rafizilər var. Necə ki, bizdə xəvaricilər özlərini
sələfiliyə nisbət eləyir, eləcə də şiəlikdə rafizilər özünü şiəliyə
nisbət edib radikallıq edirlər.
Amma sələfilər elə deyil. Sələf qonşusu yəhudi, nəsrani olsa da,
onu ziyarət etməlidir. Sələfin qonşusu kafir olsa belə,
xəstələnibsə, onu ziyarət etməlidir, acından ölürsə, ona yemək
bişirib gətirib verməlidir. Təbii məqsəd odur ki, İslamın
gözəlliyin ona göstərəsən. Əsl sələfi onu yaxşı əməllərə, İslama
dəvət etməlidir. Hətta valideyni kafir olsa belə, ona "uf" belə
deməməli, qayğı göstərməlidir. Qoca vaxtında altını batırıbsa, onu
təmizləməlidir. Təkcə Allah və onun rəsuluna asilikdə itaət
yoxdur.
Əmr sahibi kimdir Azərbaycanda?
- "Cihad"ı sələfilər necə başa düşür?
- İlk növbədə ən böyük cihad nəfsə qarşı olan cihaddır. Buna
qələbə çalan digərlərini də qazanacaq. Döyüşdə sələfilərə geri
qaçmaq olmaz. Şəriətdə başqa ibadətlərin qaydaları olduğu kimi,
döyüşün də, ən fəzilətli əməl olan cihadın da şəriət qaydaları
var.
Birinci, hakimin və valideynlərin icazəsi olmalıdır. Hakim, əmr
sahibi Azərbaycanda kimdirsə, yalnız o, icazə verəndə, döyüşə
gedilir. İcazə vermirsə, getməməlisən. Valideyn də icazə vermirsə,
getməməlisən. Sələfin qaydası – minhəci (vaxtında, zamanında edilən
əməllər, hərəkətlər başa düşülür) var. O qaydanı peyğəmbərimiz
(s.a.s.) qoyub, onun səhabələri və doğru-düzgün alimlər davam
edib.
Qamət Süleymanov yolunu azsa…
- Sizi Azərbaycanda daha çox qamətçi, Əbu Bəkr
məscidinin imamı Qamət Süleymanovun ardıcılları hesab
edirlər…
- Qamət bizim qardaşımızdır, elm tələbəsidir. Biz elmi tək ondan
yox, Adil Rəcəbovdan, Ömərdən, Useyid Turabovdan, Elman Qasımovdan,
Samindən və sairlərdən öyrənirik. Maşallah, o qədər elm tələbəmiz
var ki! Hətta onların içindən hansısa Quran və sünnəyə müxalif
hərəkət etsə, nəsihət olunacaq, özlərini düzəltməsələr, tərk
ediləcəklər. Biz onları ilahiləşdirməmişik. Bizə örnək
Peyğəmbərimiz Məhəmməddir (s.a.s.). Əgər Qamət yolunu azsa, ona da
nəsihət olunacaq. Özünü düzəltməsə, tərk ediləcək. Bizə örnək
peyğəmbər əfəndimiz Məhəmməddir (s.a.s.)
Azərbaycanın hakimi Prezidentdir!
- Belə çıxır ki, siz hakim dedikdə ölkə rəhbərini –
prezidenti nəzərdə tutursunuz…
- Bəli, əmr sahibi prezidentimizdir. Ərəbistanda əmr sahibi
deyirlər. Misirdə başqa cür deyilir, Avropada başqa cür.
Azərbaycanda prezident deyilir. Ümumiyyətlə hakim. Ölkənin hakimi
bu dəqiqə hansısa bir məsələ ilə bağlı göstəriş versə, həmin iş
yerinə yetirməlidir. Təbii ki, burada Quran və sünnəyə asilik
istisnadır. Əgər hakim bizi Quran və sünnəyə asiliyə məcbur etsə,
itaət etmirsən, amma ona qarşı da qalxmırsan. Mən Corat qəsəbəsində
yaşayan bir əhli-sünnə və cəmaatdən olan əqidədə, minhəcdə sələfi
olan adi bir müsəlmanam. Azərbaycanda başçı, hakim, əmiri ALLAH
sübhanatəalanın təyin etdiyi İlham Heydər oğlu Əliyevdir. Hətta
Qurani-Kərimdə Nisa surəsi 59-cu ayədə buyurulur: "Ey iman
gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr)
sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz,
Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə
həvalə edin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır".
Təfsiri belədir ki, Allah əmr edir: içinizdən olan əmr sahiblərinə
itaət edin.
Şeyxin sözü rədd edilir
- Bəs dini lider saydığınız birisi, yaxud sizin dillə
desək, çox hörmətli elm tələbələrindən biri hakimə itaət etməmə
göstərişi verərsə, onda necə? Yaxud Azərbaycanda deyil, başqa bir
ölkədə döyüşməyə getməyi tövsiyə etsə necə?
- Allah və rəsulu müsəlman hakimə qarşı qalxmağı haram edib,
itaət etməyi əmr edib. Şeyx məsum deyil, hər bir insan xəta
edəndir. Sabah şeyx desə ki, tutalım, belədir, amma bu, Allahın
rəsulunun dediyinə ziddirsə, biz bunu etməməliyik. Şeyx desə ki,
hakimə qarşı qalx. Şeyxin sözü rədd edilir. Sən deyirsən ki, şeyx,
əmr sahibi Allah sübhanatəala onu hakim təyin edib. Peyğəmbər deyir
ki, əmr sahibləri kürəyinizdən vurub əlinizdəkiləri alsa belə,
eşidin və itaət edin. Yenə deyirəm, hakim deyəndə ancaq əmr sahibi
götürülür. Şeyxlərdir, mollalardır, imamlardır - bunlar sadəcə
olaraq elmli insanlardır. Yəni şeyxləri şişirtmək, ilahiləşdirmək
məsələsi bidətçilərdədir. Misal üçün, Xomeyni ağa belə dedi, belə
olmalıdır. Bizdə elə şey yoxdur. Azərbaycan Respublikasında bir
hakim var.
Topuqdan yuxarı geyməyi Abdulvahhab deməyib
- Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, uzun
saqqal saxlayan, qısa şalvar geyinən vəhhabilərdir. Ümumiyyətlə,
vəhhabilər kimlərdir? Hər saqqal saxlayanı vəhhabi, radikal
adlandırmaq olarmı?
- Bu, düzgün fikir deyil. Üzü qırxılı o qədər əxlaqsız kişilər
var ki, pis əməllərlə məşğuldurlar. Demək olarmı ki, bütün üzü
qırxılı kişilər əxlaqsızdırlar? Demək olmaz, düzdürmü? Saqqallı
terorçu da var, saqqallı dələduz da. İbrət kimdir? Peyğəmbərimiz,
İmam Əli, İmam Hüseyn - biz onları ibrət götürürük. Peyğəmbərin
(s.a.s.) sünnəsinə uyğun olaraq bütün kişilərə topuqdan yuxarı
geyinmək həvalə olunub, mən də ona əməl edirəm. Əlhəmdülillah! Mən
bu sünnəyə itaət etdiyimə görə, mənə belə deyilir. Bunu Mühammed
ibn Abdulvahab deməyib. Onun heç bir kitabında yoxdur ki, saqqal
saxlamalısan, topuqdan yuxarı geyinməlisən. Arayın, axtarın, onun
kitabında belə şeylər yoxdur. Əgər kimlərsə bunu bilmək istəyirsə,
Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə baxsın, Buxaridə də
var, Müslümdə də. Bunlar əhli-sünnənin mötəbər alimləridir. Saqqal
saxlamaq, topuqdan yuxarı geyinmək şiəlikdə də var.
Bizi məscidə buraxmadılar
- Bildiyimiz kimi, ötən il Sumqayıtda, 6-cı mkr.-dakı
məsciddə əhli-sünnə ilə şiələr arasında anlaşılmazlıq olmuşdu. Bu
nə ilə bağlı idi?
- Bəli, Cənab Prezidentin sərəncamı ilə təmir etdirdiyi Sumqayıt
Cümə Məscidində təmirdən sonra ibadətə getmişdik. Özünü sələfiliyə
nisbət edən, ancaq xəvaric fikirli insanlar olan kimi özünü "şiə"
adlandırıb onlardan uzaq olan radikal rafizilər bizim orada ibadət
etməməyimiz üçün hər cür yola əl atdılar. Biz də fitnəyə getməmək
üçün geri çəkildik. Məscidlə bağlı aiddiyyəti qurumlara müraciət
etmişik. Dini Qurumlar üzrə Dövlət Komitəsinə müraciət olunmasına
baxmayaraq, hələ də Sumqayıtda əhli-sünnə məscidi yoxdur. Biz də
fitnə-fəsadın olmaması üçün mənə məxsus olan Corat qəsəbəsindəki
evimdə sələfilərin ibadət etməsinə icazə vermişəm. Təki ölkəmizdə
qarşıdurma yaranmasın, əmin-amanlıq olsun.
Bəli, o zaman bizə mane oldular məsciddə namaz qılmağa. Fitnəyə
getmədik, geri çəkildik. Məscidlə bağlı aidiyyəti qurumlara
müraciət etmişik.
O qanlı atışmada sələfi olmayıb
- Ötən ilin sonlarında Sumqayıtda 10-cu mikrorayonda baş
verən atışmada sələfi və xəvariclərin adları hallandı. Buna
münasibətiniz?
- Bunlar bizə aid deyil. Mən sizə tam məsuliyyətimlə deyirəm,
orda sələfi olmayıb.
- Suriyada döyüşən azərbaycanılara münasibətiniz
necədir?
- Müvafiq orqanlar bilir ki, sələfilər Coratda Zöhrabgildə
yığışır. Orada vuruşan dəstələrin arasında sələfilərin adının
hallanması doğru deyil. Suriyada vuruşanların bizə heç bir
aidiyyəti yoxdur. Bizə şərait və ibadətimizə imkan yaradan
məmurlara təşəkkür edirik. Suriyada olan müsəlmanlara isə Allah
kömək olsun. Qarabağ kimi böyük problemimiz var. Ermənilərin də
kafir olmasında ixtilaf yoxdur. Lazım gələrsə, Ali Baş Komandan
İlham Əliyevin əmri ilə savaşa gedərik.