Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran
vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının
Nardaran qəsəbəsində Əmək yarmarkası təşkil edilib.
Axar.az xəbər verir ki, yarmarkanın açılışında iştirak edən əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin
təşkilatı vəziyyəti ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını
verib.
Nazir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin yeni
islahatlar kursunda ölkədə məşğulluq imkanlarının artırılması,
işsiz və işaxtaran iş yerləri ilə təmin olunması xüsusi yer tutur:
"Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət
sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran
vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər
görülür. Həmin işəgötürənlər tərəfindən vakant iş yerlərinin
yaradılması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub.
Artıq hansı işəgötürən tərəfindən nə qədər vakant iş yerinin
yaradıla biləcəyi barədə nazirliyə konkret göstəricilər əsasında
məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət
edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri
ilə təminatında mühüm dəstək olacaq".
S. Müslümov, bununla yanaşı, nazirlik tərəfindən aktiv məşğulluq
tədbirlərinin gücləndirildiyini qeyd edib: "Ümumilikdə ötən il
ərzində Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfərin, o
cümlədən 59 rayon və şəhərdə keçirilən Əmək yarmarkaları vasitəsilə
4,6 min nəfərə yaxın vətəndaşın münasib iş yerləri ilə təminatı
həyata keçirilib. Hazırda da növbəti Əmək yarmarkalarına
başlanılır. Bütün rayon və şəhərlərdə bu tədbirlər təşkil
ediləcək".
Nazir Bakının Nardaran qəsəbəsində sosial infrastrukturun müasir
tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin
abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin
həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: "Nardaran
qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial
yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran
sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir.
Cari il üzrə ilk Əmək yarmarkası da burada keçirilir. Yarmarkada
boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda
müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə
uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların
ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək".
Tədbirdə işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si
dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan
ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub.
Yarmarkada boş iş yeri təqdim edən əksər işəgötürənlərin
nümayəndələri də iştirak edib. İşaxtaran vətəndaşlara boş iş
yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək
bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına,
haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata
alınıblar.