Yanvarın 24-də Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov
Nofər Novruz oğlu Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı
Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum
olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri,
sümükdən ayrılan ətlər, baş-ayaq və daxili orqanlarla dolu "Ford
Transit" markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın
saxlanılıb, qanunvericiliyə uyğun cəmdəklərdən nümunələr götürülüb,
laboratoriyanın 25 yanvar 2016-cı il tarixli 0052 nömrəli
ekspertizasınına əsasən götürülən nümunələr bakterioloji (BÇQB,
stafılakokkus aureus) məruz qalıb, nümunələrin olması və
baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib,
eyni zamanda müayinə edilən nümunələrin 7-də at əti olması aşkar
edilib.
Axar.az Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına istinadən
xəbər verir, yanvarın 27-də isə həmin cəmdəklər Balaxanı Məişət
Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların
əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun
zərərsizləşdirilib.
Təəssüflər olsun ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara
baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz
oğlu öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200
kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə
doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış
üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında
(içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət
Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər
Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin
tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının
iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət
Yol Polisi postunda saxlanıliblar.
"Ford Transit" markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına
baxış keçirilən zaman xeyli sayda hissələrə ayrılmış heyvan
cəmdəkləri, eləcə də heyvanların daxili orqanları, baş-ayaqları,
yelini, qarın və quyruq nahiyələri aşkar olunub. Hissələrə ayrılan
heyvan cəmdəklərinin bir hissəsi yük avtomaşınında primitiv
quraşdırılan dəmir qarmaqlardan asılmış vəziyyətdə olsa da, digər
əsas hissəsi isə baytarlıq-sanitariya qaydalarına riayət edilmədən
avtomaşının döşəməsinə, içərisində heyvanların daxili orqanları,
baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri üst-üstə tökülmüş
çirkli vəziyyətdə aşkar edilib.
Yük avtomaşınında olan hissələrə ayrılmış heyvan cəmdəyinin
mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan 012760 №-li
baytarlıq şəhadətnaməsində (forma № 2) 8 (səkkiz) baş mal əti (1200
kq) göstərilsə də həmin sənədin kim tərəfindən verilməsini
müəyyənləşdirmək mümkün olmayıb. Cəmdək hissələrinin üzərinə
vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiq
edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı müəyyən
edilmişdir. Eləcə də avtomobilə yüklənmiş daxili orqanlar,
baş-ayaqları, heyvan yelini və digər nahiyələr müşayiətedici
sənəddə öz əksini tapmayıb.
Yük avtomaşınında olan heyvan ətinin müşayiətedici baytarlıq
şəhadətnaməsinin kim tərəfindən verildiyi məlum olmadığına və ət
cəmdəklərinin üzərinə vurulan möhürün qida üçün yararlığını təsdiq
edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığına görə
laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi məqsədi ilə
avtomaşın "Baytarlıq şəhərciyi" nə gətirilmiş, hissələrə ayrılmış
heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan
baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika
Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub.
RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili
orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə
(BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr
(pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət
nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər)
keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması
müəyyən edilib.
Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının
iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilib.
Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və
quyruğun heyvan və insan qidası üçün yararsız olması və
baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq
onların zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət
Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların
əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun
zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
Xidməti bildirir ki, bu istiqamətdə reydlər respublikanın şəhər və
rayonlarında mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum
olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün
yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və
satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul
olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər
görüləcəkdir.