Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi
yeniyetmələri narkomaniya təhlükəsindən qorumaq üçün valideynlər
üçün tövsiyyələrini açıqlayıb.
APA-nın məlumatına
görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim
edilən hesabat xarakterlr məqalədə qeyd edilib ki, 2 yaşdan 15 yaşa
qədər olan yeniyetmələrin psixikası zərərli meyillərə xüsusi ilə
həssasdır.
Məhz bu dönüş yaşda, ailədə olan oğlan və ya qızlar valideynlərlə
əlaqələrini zəiflətməyə çalışırlar. Bəzi hallarda valideynlərin
məsləhətlərinə zidd getməyə başlayırlar, öz həyəcanlarını
gizlədirlər, sərt və aqressiv olurlar. Bununla bərabər yeniyetməlik
dövründə xəyalpərəstlik, qətiliyə və yetişməmiş emosional
hərəkətlərə meyllilik əlamətləri də özünü göstərir. Yeniyetmə
yaşında psixikanın bu xüsusiyyətləri isə narkomaniyanın inkişafı
üçün əlverişli zəmin yaradır. Xasiyyətin anomaliyaları ilə bərabər,
yeniyetmə-narkomanlarda tez-tez tərbiyə defektləri üzə çıxır. Məhz
səhv tərbiyə yeniyetmələrin narkotiklərə qoşulmasının əsas
səbəblərindən biridir.
Ontogenezin yeniyetmə mərhələsində narkotik maddələrə qoşulmaq
üçün səbəb yaradan ən vacib psixoloji amillərindən biri
yeniyetmənin yaşadığı xoşagəlməz sosial-məişət mühitidir. Belə
ailələrə ər-arvad arasında emosional-şəxsiyyət əlaqələrinin
pozulduğu, uşaqları diqqətdən, qayğıdan, valideyn nəvazişindən və
sevgisindən məhrum edən, ilk növbədə karyera, pul, maddi təminat,
sonra isə uşaq və onun maraqları güdən ailələr aiddir.
Yazıda vurğulanır ki, narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz
əqli və idrak bacarıqlarının, maraqlarının itirilməsindən başqa tam
mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların
və meyillərin əvəzinə gəlmiş maraqlar onların bütün mənfi ifadələri
ilə onun psixi proseslərini reqressə (yəni, müsbətdən mənfiyə)
tərəf inkişafa sürükləyir. Belə yeniyetmələrdə əqli və intellektual
bacarıqların pozulması, təhsilə həvəssizlik, əxlaqın aşağı düşməsi,
dərs fənlərini mənimsəmək bacarığının olmaması, anlaqlı dərk etmə
bacarığının və yaddaşın itirilməsi, aqressivlik elementləri ilə
ümumi narahatlığın və əsəbiliyin üstünlük təşkil etməsi müşahidə
olunur: "Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və
məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan
qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca
mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın
profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür. Ailədə
narkomaniyanın profilaktikasının yalnız söhbət formasında
aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər
edirlər, uşağın fikrinə hörmət etmirlər, ona qulaq asmırlar, amma
uşaq səhv edəndə, adətən, onu cəzalandırırlar və çox vaxt ona niyə
səhv etdiyini və bu səhvi aradan qaldırmağın yollarını başa
salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemləri barədə
yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə
də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı,
onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət
qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində
məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda
özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı".
Məqalədə vurğulanıb ki, narkomaniyanın qarşısını almağın ən
əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Lazımi
tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar
narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin
nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.
Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın
profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır:
"Narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik
tədbir çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid
maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr
arasında aparılan keyfiyyətli profilaktik iş narkotik
istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları
ailələrinə və cəmiyyətə qazandırır".