Hər ötən gün simasını dəyişən Bakının növbəti "əcəli
gəlmiş" məhəlləsi "Sovetski" oldu. Tarixin yaddaşına gömüləcək bu
qədim məhəllə gələcək nəsillərin yaddaşının ümidinə
buraxılır.
"Axar.az" olaraq, "Sovetski"nin sökülməsi ilə bağlı fikirlərini
öyrənmək üçün tanımnmış "köhnə bakılılar"ımızı danışdırdıq.
Fuad
Poladov: "Qədim məhəllələri məhv edirlər"
Köhnə Bakı məhəlləsi haqda danışan görkəmli aktyor, Xalq artisti
Fuad Poladov bildirdi ki, "Sovetski"nin sökülmə xəbəri çıxan gündən
tez-tez məhəllələrini görməyə gedir:
"Hər gün gedirəm "Sovetski"yə. Gəzirəm köhnə məhəlləmizi.
Uşaqlığımın yadigarıdı ora. "Sovetski" küçələri məni uzaq keçmişə,
uşaqlığıma aparır. Xəyallara dalıram orada. Göz görə-görə qədim
məhəllələr məhv edilir. Mənim yaşda biri üçün bunu izləmək asan
deyil".
F.Poladovun sözlərinə görə, hər ötən gün Bakı bir az da budanır.
Aktyor Bakının bu halına acıyır: "Vallah, Bakıdan bir şey qalmayıb.
Hər kəs öz şəhərinə bənzəyir bir az. Mən də Bakıya bənzəyirəm.
Ancaq indiki Bakıya qətiyyən yox. Köhnə məhəllələri, Bakının əsl
simasını dəyişmək günahdır. Şəhərin gözəlləşməsi, əhalinin yaxşı
yaşaması mənim də ürəyimdəndi. Ancaq buna şəhərin başdan-ayağa
dəyişməklə nail olmaq lazım deyil axı. İndi Bakıda Qız qalasından
başqa qədim yer saxlamayıblar".
Xalq artisti deyir ki, orada təkcə adi yaşayış evləri
yoxdur:
"Qədim hamamlar, məscidlər də var. Heç olmasa, gələcək nəsillərə
Bakının necə olduğunu göstərmək üçün bir yer saxlasınlar. Bakı elə
qədim məhəllələrinə görə Bakıdır da".
Anar
Nağılbaz: "Mən "Sovetski" uşağı deyiləm, amma..."
Məşhur reper Anar Nağılbaz isə sözügedən məhəllə sakini deyil.
Amma bakılı kimi bu məhəllənin məhv edilməsi onu da narahat edir:
"Mən "Sovetski" uşağı deyiləm. Ancaq az keçməmişəm o məhəllələrdən.
Daha çox ona təəssüflənirəm ki, köhnə Bakı məhəllələri, tarixi
abidələr, qədim hamam və məscidlər bu gün şəhərin gözəlliyinin
güdazına gedir. Düzdü, "Sovetski" qədim tarixi yer deyil. Sovet
dövründən qalan yadigardı. İstəməzdim sökülsün. Ancaq söküləcəyi
təqdirdə oradakı hər bir vətəndaşın fikri nəzərə alınmalıdı. İndiki
dövrdə evsiz qalmaq qədər dəhşətli heç nə yoxdu".
Bəhram
Bağırzadə: "Bu küçələrdə müharibə və inqilab, sevgi və nifrət
var"
Keçmiş "Bakılı oğlanlar" klubunun məşhur siması, naşir Bəhram
Bağırzadə təklif edir ki, "Sovetski" kimi qədim məhəllələrdən
ibarət analoqsuz açıq hava muzeyi yaradılsın. Onun sözlərinə görə,
"Sovetski" şəhər tarixinin bir parçasıdır:
"Bakının bu küçələrində müharibə və inqilab, sevgi və nifrət -
hər şey var. Bakıda gedən genişmiqyaslı söküntü əvvəl-axır
"Sovetski"yə də gəlməli idi. Ümid edirəm ki, köçürülmə prosesində
sakinlər ən yaxşı şəraitlə təmin ediləcəklər. Çünki burada
yaşayanların çiyinlərində illərin ağrı-acısı var".
B.Bağırzadə qeyd etdi ki, bu məhəllələrdə uşaqlığı keçən biri
kimi baş verənlər onu çox üzür: "Amma şəhər mərkəzində elə evlərin
olmasını mən də istəməzdim. Söküb-dağıtmaq, tarixi yox etmək də
lazım deyil. Şəhərin tarixiliyini insanların yaddaşının ümidinə
buraxmaq olmaz.
Bakının sökülmə təhlükəsi gözləyən bütün qədim məhəllələrindən
ibarət analoqu olmayan açıq hava muzeyi yaratmaq daha yaxşı olar.
Bu dünya üçün ilk nümunə, gələcək nəsillər üçünsə Bakının keçmiş
tarixi haqda material olar".
Qeyd edək ki, Bakının Yasamal rayon ərazisində 10 min ev plana
düşüb.