Ərəb ölkələrindən Çeçenistan mücahidlərinə gələn pul
Azərbaycandan keçib.
Bu informasiya "Axar.az"a etibarlı mənbədən verilib.
İnformasiyanı verən şəxs uzun müddət Çeçenistanın Türkiyədə
təmsilçisi olan İsa Abzatovun etiraflarını qeydə alıb. Qeydlərdə
İsa Abzatovun hansı vasitələrlə çeçen döyüşçülərinə pul
göndərildiyi yazılıb. Həmçinin pulun göndərilməsində Bakıdan "X"
adlı məmurun vasitəçilik etdiyini qeyd edib.
Ərəblərdən Xəttaba və Şamil Basayevə pul
axırdı
Məktubda bildirilir ki, İsa Abzatov çeçen liderlərindəndir və
uzun illər Türkiyədən Çeçenistan savaşı üçün pul toplayan bu şəxsin
Nəcməddin Ərbakanın partiyası ilə çox yüksək əlaqələri olub.
"O vaxt Maqomedov və Əhməd Kadırov Bakıya gəlmişdilər. Burada
"X" adlı məmurla görüşmüşdülər və o da istənilən yardımı göstərməyə
hazır olduğunu demişdi. Danışıq belə olmuşdu ki, həmin şəxs ərəb
ölkələrindən gələn pulun Azərbaycandan Dağıstana ötürülməsinə
yardım etməliydi. Dağıstana ötürülən pul ordan da çeçenistana
gedəcəkdi. Pulu "X"ın şəxsi cangüdəni Maqomedova çatdırmalıydı.
Əvəzində isə "X"-a pulun 10 faizi verilirdi. Pullar dolayısı ilə
Şamil Basayev və Xəttaba çatdırılacaqdı".
Pulun göndərilmə marşrutu
Qeyd olunur ki, pul Bakıya ərəb ölkələrindən vasitəçilərlə
gətirilirdi:
"Pulu Bakıya Abul Hur adlı ərəb göndərirdi. Burada isə Züheyr
adlı Yəmən vətəndaşı qəbul edirdi. Züheyrin keçmiş "İnqilab"
küçəsində icarəyə götürdüyü evi var idi. Züheyr pulu "X"ın
cangüdənindən qəbul edir və pay götürülürdü.
Daha sonra pul Xəttabın Bakıdakı digər adamı – Dağıstan
vətəndaşı Avar İbrahim vasitəsilə Maqomedovun mühafizəçilərinin
rəhbərinə təqdim edilirdi.
Xüsusi xidmət cinayətin izinə düşür
İsa Abzatov etiraflarında bildirib ki, Xəttab öldürüldükdən
sonra pulu ötürdüyümüz marşrutun xüsusi xidmət orqanları tərəfindən
ifşa olunduğunu bildik:
"O yola hamı güvənirdi və nə qədər sirli olduğu bilinirdi.
Rusiya da bundan istifadə edərək, Xəttaba zəhərli məktub
göndərmişdi. Bundan əvvəl isə birinci zərbəni Əhməd Kadırov
vurmuşdu. Çünki Ə.Kadırov artıq ruslara satılmışdı".
Avar İbrahimin meyiti zibillikdən tapılır
Bakıda vasitəçi olan Züheyrə sonralar Qətərdə Dini İşlər
Nazirliyində vəzifə verilib. Maraqlıdır ki, Zübeyr Yəmən
vətəndaşlığını daşıyıb.
Həmin "X" adlı məmura gəlincə isə onunla bağlı məlumatlar yoxa
çıxıb: "İsa Abzatov deyir ki, Xəttab öləndən sonra vəziyyət çox
qarışdı. Ortada şübhələrin sayı həddən artıq çox idi. Bunlardan
biri də zəhərli məktubun Avar İbrahimin vasitəsilə
göndərilməsiydi.
Az sonra Avar İbrahimin meyiti Yeni Yasamalda zibil qutusundan
tapıldı…"
Qeyd edək ki, Xəttab məşhur çeçen terrorçularından olub və uzun
zaman Rusiya xüsusi xidmət orqanlarının siyahısında axtarılan əsas
şəxslər sırasında yer alıb. Əslən Səudiyyə Ərəbistanından olan
Xəttab 2002-ci ildə öldürülüb. Sələfilərin Qafqazda ən məşhur
nümayəndələrindən hesab olunub.
İsa Abzatov isə Türkiyədə uzun müddət çeçen döyüşçülər üçün
yardım toplayıb. Aslan Mashadovun Ankarada rəsmi təmsilçisi olan bu
şəxs onun ölümündən sonra da burada fəaliyyətini davam etdirib. O,
1999-cu ildə verdiyi müsahibəsində Rusiyanın Xəzər neftinə sahib
çıxmaq üçün ölkəsini işğal etdiyini bildirmişdi.