Yuxarı

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

"Qazprom Ermənistan" şirkətinin qaz kəmərində planlaşdırılan təmir və bərpa işləri səbəbindən 15-25 sentyabr tarixlərində Ermənistana Rusiya təbii qazının tədarükü dayandırılacaq. Bu barədə məlumat şirkətin Teleqram səhifəsində yayılıb. Məlumatda bildirilir ki, bu müddət ərzində istehlakçılara fasiləsiz, məhdudiyyətsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlardan və İrandan əlavə təbii qaz təchizatından istifadə etməklə təmin olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

“Maraqlıdır ki, “Qazprom-Ermənistan”ın bu addımı Ermənistan Baş naziri Nikol Paşinyanın altentaniv qaz mənbələrini nəzərdən keçirdikləri barədə açıqlamasından bir neçə gün sonra atılıb.

Paşinyan 11 sentyabr 2026-cı il tarixində keçirdiyi brifinqdə jurnalistlərin “Ermənistanın Avrasiya İqtisadi İttifaqından(Aİİ) çıxması halında qaz qiymətlərinin mümkün artımı” ilə bağlı sualına cavab verərkən İrəvanın alternativ təchizat mənbələrini nəzərdən keçirəcəyini demişdi. O, alternativ qaz təchizatı olaraq TRİPP marşrutu boyunca qaz kəmərinin çəkilməsini də istisna etməmişdi. Paşinyan vurğulamışdı ki, ikinci, üçüncü və ya hətta dördüncü mənbədən qaz almaq imkanı yaranarsa, Ermənistan bu fürsətdən istifadə edəcək. Üzərindən 3 gün keçməmiş, “Qazprom Ermənistan”ın təmir bəhanəsi ilə qaz təchizatını kəsməsi Ermənistan baş nazirinə verilmiş cavab kimi görünür.

Anlaşılan budur ki, Paşinyan ölkəsinin enerji təhlükəsizliyində əsas ümidlərini Azərbaycandan alacağı qaza bağlayıb. Amma bir məsələ var: Rusiya Ermənistana olduqca ucuz qiymətə - 1000 kub metrini 177 dollara qaz satır. Bəs, Azərbaycan necə, Ermənistana o qiymətə qaz satacaqmı?”, - o bildirib.

Siyasi şərhçi Rusiyanın Ermənistana 1000 kub metr qazı 177 dollara satması barədə iddiaların doğru olmadığını vurğulayıb:

“Bu iddialar Rusiyanın özünəməxsus hesablamaları nəticəsində ortaya çıxardığı rəqəmlərə əsaslanır. Həmin maliyyə hesabatının həqiqəti əks etdirmədiyinə Paşinyanın özü də haqqında söhbət açdığımız mətbuat konfransında eyham vurmuşdu. O demişdi ki, əlavə rüsum və istehlakçı ödənişləri nəticəsində Ermənistan Rusiya qazını faktiki olaraq digər ölkələrlə müqayisədə daha yüksək qiymətə alır.

Açığı, mən Paşinyanın nə demək istədiyini anlamaq üçün bəzi araşdırmalar apardım. Məlum oldu ki, Ermənistanın qaz tədarükünün 85%-ni təchiz edən Rusiya sənədlərdə qiyməti az göstərsə də, qazı istehlakçıya çatdırmasını öhdəsinə götürən “Qazprom-Ermənistan” müxtəlif əlavə ödənişlərlə onu erməni xalqına 400 dollardan bahaya sırıyır. Bu isə Avropa standartlarının üstündə bir qiymətdir. Əslində, İrəvan da bu talançılığın qarşısını almaq, enerji təchizatını şaxələndirmək istəyir və Paşinyan da bunu açıq şəkildə ifadə etdi. Dedi ki, Ermənistanın Avropa Birliyinə inteqrasiya prosesinin qarşısını almaq üçün Rusiya qaz qiymətlərini artırıb-artırmayacağından asılı olmayaraq, İrəvan enerji təchizatını şaxələndirəcək.

Deyə bilərsiniz ki, “Qazprom-Ermənistan” erməni istehlakçılarına qazı baha qiymətə satırsa, buna Rusiya nə etsin? Əsas odur ki, Moskva ona qazı ucuz qiymətə satır. “Qazprom-Ermənistan” aldığı qazla qaz vurub qazan doldurursa, Paşinyan niyə Putindən küsür?

“Qazprom-Ermənistan” şirkəti “Qazprom”dan fərqli bir qurum deyil. Şirkət 1997-ci ildə yarananda onun 3 səhmdarı vardı: Ermənistan Energetika Nazirliyi (45%), Rusiya "Qazprom"u (45%) və Rusiyaya məxsus "İtera" şirkəti (10%). 2006-cı ildə Rusiya qazının Ermənistana guya nisbətən ucuz satılmasını vəd edən və rus investorlarını ölkənin enerji sektoruna irimiqyaslı investisiyalar qoymağa “həvəsləndirən” müqavilələr nəticəsində “Qazprom”un Ermənistan qaz şəbəkəsindəki payı 80 faizə yüksəldi. Amma 20%-lik qazancı belə Ermənistana çox görən Rusiya 2014-cü ildə qaz alış-verişində yaranmış 300 milyon dollarlıq borc müqabilində 20%-lik səhm payını da ondan aldı. Nəticədə “Qazprom-Ermənistan” 100% rus şirkətinə çevrildi. Beləcə, Ermənistana qazı satan da, onu təchizatçılara paylayan da “Qazprom” oldu.

Həm qazın ölkəyə girişində, həm də əhaliyə paylaşımında istənilən rəqəmi göstərmək hüququ “Qazprom”un ixtiyarına keçdi. Ermənistanın isə onu yoxlamaq hüququ əlindən alındı. Bu da maxinasiya üçün münbit şərait demək idi. Hətta Ermənistanın qazla təchizatında heç bir maxinasiyaların olmadığını fərz etsək belə, rəsmi sənədlərdə göstərilən rəqəmlər Rusiyanın bu ölkəyə digər təchizatçılardan xeyli baha qiymətə qaz satdığından xəbər verir.

Təsəvvür edin, Ermənistanın qaz təchizatının 15%-ni İran verir. Erməni ekspertlərin hesablamalarına görə, İranın Ermənistana verdiyi qazın 1000 kub metri 300 dollara düşür. Çünki İran Ermənistandan aldığı 3 kVt/saatlıq elektrik enerjisi müqabilində ona 1000 kub metr həcmində qaz verir. Yəni, elektrik enerjisi ilə qazı mübadilə edirlər. Nəticədə Ermənistan İrandan 25% daha ucuz qiymətə qaz ala bilir.

Bəs bilirsinizmi, Ermənistan İrana satdığı həmin elektrik enerjisini necə əmələ gətirir? Bu suala cavab tapmaq üçün Ermənistan Statistika Komitəsinin 2025-ci il hesabatına nəzər salaq. Hesabatda bildirilir ki, ölkədə elektrik enerjisi əsasən 4 mənbədən əldə olunur: su, atom, günəş və istilik enerjisi. Elektrik istehsalında ən böyük pay İstilik Elektrik Stansiyalarının (İES) üzərinə düşür – 33-40%. Və həmin İES-lər Rusiyadan aldıqları qazı yandırmaqla elektirk istehsal edirlər. Sonra isə onun bir hissəsini İrana satıb daha ucuz qiymətə qaz alırlar.

Başqa sözlə desək, İrəvanın qaz alqı-satqısı “aldım qoz, satdım fındıq” məntiqinə əsaslanır. Ölkə bu məntiqsiz enerji siyasətindən yaxa qurtarmadıqca, öz həqiqi enerji təhlükəsizliyini təmin edə bilməyəcək, Rusiya və İranın enerji mübadiləsində yarımkeçirici rolu oynayacaq. Görünür, Azərbaycan prezidenti son Naxçıvan səfərində Ermənistana qazla yanaşı elektrik enerjisi sata biləcəyimizi təklif edərkən, İrəvana qurtuluş yolunu göstərmək istəyirdi. Bizim dünənə qədər düşmənimiz sayılan bir ölkəyə bundan daha humanist nə təklifimiz ola bilər? Ermənistanın enerji təhlükəsizliyinə ödəyəcəyi pulu da biz öz cibimizdən qarşılamalıyıq?

Rusiyanın yaman günə qoyduğu Ermənistan enerji təhlükəsizliyi üçün sponsorları özü tapmalıdır və bunu rahatlıqla bacara bilər. Məsələn, II Qarabağ savaşından az sonra Ermənistana özünün çürük “Bastion” zirehli texnikasını sırımağa çalışan Fransa onun əsas təhlükəsizlik strategiyasının xərcini öz üzərinə götürə bilər. Niyə də götürməsin? Fransa ancaq erməniləri gücləri çatmayan daşları qaldırmağa vadar etmək üçün mövcuddur?

Rusiyanın “ucuz enerji” dediyi şey 1000 kub metrlik qazı 400 dollara sırımaqdırsa, Azərbaycan da təxminən eyni, bəlkə də daha ucuz qiymətə öz qonşusunu təchiz edə bilər. Statistik məlumatlar göstərir ki, ötən il xaricə satdığımız qazın orta qiyməti hər 1000 kubmetr üçün 350 dollar olub. Bu il İran müharibəsi səbəbindən qazın qiymətinin təqribən 45-50% bahalaşması, təbii ki, Azərbaycan qazının da qiymətini artıracaq.

Amma eyni sözləri Rusiyadan alınan qaz üçün də söyləmək olar. Üstəlik, Ukraynanın rus enerji kəmərlərini və mənbələrini vurması nəticəsində gələn il Rusiyanın özünü təchiz edib-edə bilməyəcəyi belə qaranlıqdır. Azərbaycan isə dünyada etibarlı enerji təchizatçısı kimi ad qazanıb. Ən əsası isə biz Rusiya kimi öz qazımızdan və ya neftimizdən strateji silah kimi istifadə etmirik. Qış yaxınlaşan kimi kəmərlərimizi təmirə dayandırmırıq. Ermənistan sevinsin ki, biz onu təxminən eyni qiymətə rus asılılığından xilas edə bilərik”.

Tarix
2026.09.16 / 07:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla