Bu gün Ali Məhkəmədə
"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81
nəfərin milyonlarla pulunu mənimsəməsi ilə bağlı növbəti məhkəmə
prosesi keçirilib.
Teleqraf.com
xəbər verir ki, Zal Yusifov 2008-ci ildə həbs olunsa da,
zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb
dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov
əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə
cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin
etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin
sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri
qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması
barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin
məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə
qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün
apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun
iddiası əsassız olduğu üçün təmin edilməyib.
Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək
işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar
qəbul etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə
hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir
Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir
ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə
müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu
göndəriblər.
Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün
nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal
Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib.
Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də
şikayətçidir. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il
tarixli qərarından kasasiya şikayəti verib.
Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə
proseslərindən iştirak etməyib. Zakir Yusifov indi də məhkəmə
proseslərində iştirak etmədiyi bəhanəsi ilə Ali Məhkəmədə qərarı
dəyişdirmək məqsədi güdür.
Belə hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var -
məhkəmənin yekun qərarını uzatmaq... Yalanlarının ifşa edilməsinə
baxmayaraq Zakir Yusifov istəyindən əl çəkmir. O bu dəfə daha bir
ağ yalanla iddia edir ki, guya Bakı Apelyasiya Məhkəməsində
keçirilən proseslərə qatılmayıb, məhkəmə onun iştirakı olmadan
qərar qəbul edib.
Hər yerdən əli üzülən Zakir Yusifov indi də məhkəmədə iştirak
etmədiyini bəhanə gətirir. Bu iddia ilə zərərçəkmişlərə dəymiş
ziyanını ödənilməsi üçün mülklərin hərraca çıxarmasına mane olmağa
çalışır.
Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi
nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və
nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses
keçirilməyib.
Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən
proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi.
Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası
keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini
təxirə salmışdı.
Hakim İlqar Hüseynovun sədrliyi ilə bu gün iyunun 8-də keçirilən
prosesdə Zakir Yusifov kasasiya şikayətini geri götürdüyünü
açıqlayıb. O, bildirib ki, kasasiya şikayətinə bəzi əlavələr edəcək
və bundan sonra yenidən kasasiya şikayəti verəcək.
Zakir Yusifov 2015-ci ildə oynadığı oyunu yenidən Ali Məhkəmədə
oynayır. O, 2015-ci ilin yay aylarında kasasiya şikayəti vermişdi.
Həmin vaxt şikayət hakim Fərhad Kərimovun icraatına təqdim
olunmuşdu. Naməlum səbəblərdən Zakir Yusifov şikayətini geri
götürmüş, sonradan, noyabr ayında tələsik şikayət vermişdi.
Həmin şikayətə hakim Rasim İsgəndərovun icraatında baxılmışdı.
Zakir Yusifov həmin vaxt Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv
etdirməyə nail olmuşdu.
Zakir Yusifov yenidən kasasiya şikayətini geri götürməklə
növbəti saxtakarlığa hazırlıq görür.
Görünür, yenə köhnə üsuldan yararlanmaq fikrinə düşüb. O,
kasasiya şikayətinə bəzi əlavələr edəcəyini qeyd eləsə də, həmin
bəzi səbəbləri məhkəmə iclasında açıqlamayıb.
Zakir Yusifovun kasasiya şikayətini geri götürməsinə iş üzrə
tanınmış zərərçəkmişlər etiraz ediblər. Onlar bildiriblər ki, Zakir
Yusifovun hərəkətləri hüquqlarının pozulmasına səbəb olub.
Zərərçəkmişlər qeyd ediblər ki, Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmünü Binəqədi rayon məhkəmə nəzarətçiləri və
məhkəmə icraçıları şöbəsi dərhal icra etməlidirlər: "Amma məlum
olmayan səbəblərdən həmin qərar icra olunmur. Qərarın icrasının
dayandırılması üçün icra şöbəsinə heç kim müraciət etməyib. Bakı
Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarı ilə Zal
Yusifovun işi üzrə hökm qanuni qüvvəsinə minib. Bu səbəbdən icra
şöbəsi Ali Məhkəmənin yekun qərarını gözləməmildir və hökmü dərhal
icraya yönəldilməlidir.
İcra şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü icra edir
və həmin məhkəmə də mülklərin satılması ilə bağlı qərarın
dayandırılması üçün icra şöbəsinə müraciət etməyib. Amma bizə məlum
olmayan səbəblərdən icra şöbəsi qərarı icra etməkdən yayınır".
Zərərçəkmişlər həmçinin bildiriblər ki, iş üzrə yalnız Zal
Yusifovun üç mülkü hərraca çıxarılır. Bunlardan biri "Humay" şadlıq
sarayıdır, digərləri isə villa və qeyri-yaşayış sahəsidir.
Məhkəmənin qərarı ilə "Humay" şadlıq sarayı 1 milyon 200 min, villa
850 min, qeyri-yaşayış sahəsi isə 240 min manat dəyərində
qiymətləndirilib. Zərərçəkmişlər bildiriblər ki, məhkəmənin qərarı
ilə müsadirə olunan mülklər Zal Yusifovun özünə məxsusdur və həmin
mülklərin atasına heç bir adiyyəti yoxdur: "Axır-əvvəl bu
məhkəmənin qərarı icra olunacaq və mülklərin satılması məsələsi
həll ediləcək. Çünki burada xeyli zərərçəkmiş var. Biz
zərərşəkmişlərə də Zal Yusifov tərəfindən külli miqdarda ziyan
dəyib. Bu qərar icra şöbəsi tərəfindən dərhal icra olunmalıdır.
Kimin kasasiya şikayəti verməsini gözləməməlidir. Tərəfin hər yerə
şikayət etmək hüququ var, amma belə olan halda mülklərin satılması
və zərərçəkmişlərə dəymiş ziyanını ödənilməsi üçün tədbirlər
görürlməlidir".