19:42
İsmayıllı rayonun bir neçə kəndində evləri və əkin
sahələrini sel suları basıb.
APA-nın xəbərinə görə, bu gün saat 15:00 radələrində 2
saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması
nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində
təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq,
Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində
fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm
sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və
mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən
asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı
avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində
hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə
dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində
Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi
tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın
kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan
çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub
apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi
kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı
içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır
texnikalar və işçi qüvvəsi cəlb olunub.
Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun
hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər
evlərin eyvanlarına və damına çıxıblar. Ümumilikdə 200-dən çox evin
zirzəmisi və həyətyanı sahələri su basıb, 10-a yaxın köhnə ev,
tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar,
keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti
qırılaraq yararsız hala düşüb. Kənd sakinləri görünməmiş təbii
fəlakətlə üzləşdiklərini və heç vaxt belə güclü yağış və sel
sularının şahidi olmadıqlarını bildiriblər. Kəndlərin daxilindən
keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi
ziyan vurub, həyətləri qalın lil qatı örtüb. Hazırda kəndlərdə sel
və daşqınlar davam edir.
Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin
üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini
aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və
elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb,
meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən
əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin,
İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol
istismar idarəsinin işçiləri cəlb olunub.
***
İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı
nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki
nəfər ağır xəsarət alıb.
Dağlardan gələn sel suları evləri, küçələri, həyətyanı sahələri
basıb, 10-dan çox kənddə böyük fəsadlar törədib. Rayonun Çayqovuşan
kənd sakini 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel
aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının
üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı
sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr
aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas
ediblər. Təxminən 20 dəqiqə suda qalaraq boğulan Səbinə Sadıqova
təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq
tibbi yardım göstərilib.
Hazırda reanimasiya şöbəsində olan Səbinə Sadıqovanın vəziyyəti
ağır olaraq qalır. Sel suları Quşencə kənd sakini 1938-ci il
təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış
evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının
altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz
tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına
gətirilib, hazırda müalicə olunur.