Atamda o zibil xəstəliyin
çıxma xəbərini avtobusdaykən alanda dizlərim büküldü, beynim
qurudu, ürəyim soldu, bədənimin idarəsini itirdim, çökdüm,
yanımdakı adam olmasa, yerə düşəcəkdim bir torba sümüksüz ət
kimi.
İndi 9 aylıq roman qeydlərimin (ondan əvvəl də 5 aylıq qeydlər
getmişdi – toplam 14 aylıq) çıxmaz kilidə düşmüş telefonumun
yaddaşından artıq bərpa olunmayacağı xəbərini proqramçı dostum
Rasim Hamidi mənə bildirəndə eynən elə oldum.
Bir anlıq nəfəsim getdi, gəlmədi, uzandığım yerdə bədənimin necə
cansız bir parça olduğunu, az qala, su kimi axıb hayanasa getdiyini
hiss elədim.
Gerçəkdən ona kim nə deyir-desin, – ruhmu, canmı, enerjimi, –
bax onun bədənimi tərk eləyib göyə uçduğunu aydın görürdüm. Özümə,
"Ruh" filmində olduğu kimi yuxarıdan baxırdım.
Bir azdan dostum, ümidin hələ tam üzülmədiyini dedi. Lisenziyalı
yaddaş axtarıcı bir proqram varmış, onunla telefonu sıfır çağına
qaytarıb, 6 saatlıq axtarış verəcəkmiş.
"Sıfır vəziyyətindən sonra bərpaya ümid yeri varmı?"
"Onsuz da bütün ümidlər bitib, sınamağın bir ziyanı yoxdu.
İtirəcəyimiz bir şey qalmadı. Bəlkə bu yolla… Nə deyirsən, start
verimmi?.."
Özüm-özümlə çarpışıram. "Hə" deyimmi? Birdən alınmadı? Risk yüzə
99,9. Bəlkə əməliyyata gərək yoxdu? Axı ondan o yana geri dönüş
qalmır! Bəlkə belə qalsın? Mən istixarə edincə, dostum start verdi.
Geri dönüşsüz əməliyyat başladı. 6 saat gözləyəcəkdim.
Əməliyyat masasından xəbərlər gəldi: "Proqram artıq 15 mətn
faylı tapıb…" "20…" "30…" "50…" Nəbzin döyüntüsü artır. "Artıq
50-yə çatıb!" Qurtulacaq!
Çox uzandı. 6 saat 16 saat oldu!
Mən əməliyyatdan xəbər gözləyirəm. İçəridən xəbər gəlmir! Döz
görüm, necə dözürsən!
Bu arada ətrafda baş verən qanqaraldıcı məqamlar! Sevgisiz
adamlar, üzü dönük dostlar. Dərd üstünə dərd! Bədənimdə ağrılar
başlayır. Ağrı dözülməz həddə çatır! Can da əldən gedir, tən
də!
***
"Üzgünəm, abi…"
Yenə bükülür dizlərim!
"Yəni bitdimi?.."
"Dayan, bir proqram da var…"
Daha 16 saat gözləmə. "Xilas olacaqmı?.."
"Yox, abi, alınmadı yenə… Deyəsən, bir az xərc çəkməli
olacağıq…"
"Xərc qurtuluş deməkdimi?"
"Bilmək olmaz. Qismət…"
***
16 saat sonra…
"Akkauntunla bağlı bilgiləri ver".
İçimdə ümid qığıltısı və: "Bu dəqiqə…"
6 saat ötür…
***
"Ümidsizlik?"
"Ümid, qorxudan güclü tək duyğudur, abi…"
"O da qorxudur yekunda…"
"İşgəncəni uzadır…"
***
"Maləsəf, tibbin yapacağı bir şey yox…"
"Mənim talesiz romanım! Bu beş ildə başına gəlməyən
qalmadı…"
Baxışlarımı tavandan qoparıb sevimli güllərimə dikirəm; nə qədər
kifir görünürlər! Evi nə qədər darısqal eləyiblər! Oksigenimi udan
da onlardı! Əvvəllər adam kimi danışardılar, dinlərdim. İndisə mən
ancaq küy eşidirəm.
***
Hamısı hövsələsizlik, əsəb, uşaqlıq üzündən... Eynən insan
həyatında olduğu kimi, qiymətlilərimizin qədrini bilməməyimizin nə
boyda məsuliyyətsizlik olduğunu bir daha anlamaq. Zamanında bu
gün-sabaha saxlamayıb telefondan kompüterin yaddaşına atsaydım,
belə olmazdı. Daha gecdi. Artıq bir təsəllim var: hər şey məni
bapbalaca uşağa çevirən O-nun bir telinə qurban. Zatən, ona böyük
qurban yaraşar...
Amma təsəlli nəyi qaytarır ki?.. Təsəlli hansı proqramdan
üstündür?
***
"Abi, inanıram ki, daha da yaxşıları yazılacaq…"
"Daha yazmayacam. Onsuz da hadisədən bir gün qabaq ədəbiyyatdan
gedəcəyimi demişdim. Küsdümü yoxsa ədəbiyyat, özü məndən getdi,
məndən qabaq…"
"Yox, abi…"
"Bu xarabada yaşamaq belə izafi zəhmətdi…"
***
Deyəsən, qan dövranım dayanıb. Ürəyim dəmir anbarı kimi ağır.
Ağrılar da üstünə-üstünə. Sabah telefonu götürməyə gedəcəyəm.
Götürüb qayıdacağam. İçi itmiş telefona baxıb xatırlayacağam…
…Xeyli uşaqdım. Qonşumuz yeniyetmə Umud eşşəyini çullayıb,
heybəsinə pendirdən-şordan, üstündə çiçəklər açan təndir çörəyindən
qoyub meşəyə oduna getdi. Qurumuş ağaclardan odun doğradı, iki tay
tutdu, bir az çırdan-çırpıdan şələ bağladı öz kürəyi üçün. Naharını
eşşəyi ilə böldü. At yolu cığırlarla eşşəyinin böyrünə böyrünü
verib dərəyə endi, eşşəyinin çaydan doyunca su içməsinə ləzzətlə
tamaşa elədi. Ağzı sulandı, özü də çay qırağında korun-korun
qaynayan buz bulağa diz çöküb pendirin yanğısını soyutdu. Güney
dərəyə qalxdılar. Aşağıdan çayın ancaq qıjıltısı gələn yüksəklikdə
ayağı sürüşdü, taylarını pələsəng tutmuşdu deyə, eşşək özünü
saxlayammadı, dərəyə yuvarlandı...
Kənddə evlərinə çatanda tövləni gördü, qəfildən ağlamağını
kəsdi, kövrəldi, parçalanmış eşşəyin çiyninə yüklədiyi çulunu,
noxtasını unudub üzünü göyə tutdu, yazıq-yazıq uladı:
"Allah, gedəm görəm, eşşək tövlədə, çulu da üstündə…"
***
"İtmiş qeydlərin sorağında" çabalasam… sonuncu yazdığım bu idi,
sözbəsöz olmasa da, xatırladığın canını yazıram:
"Mərhum Manaf Süleymanovun kitabını oxuduqca bolşevizm pərdəsinə
bürünmüş rusun köpəyi, hökumət dəftərxanalarından birində çalışan,
Rəsulzadənin belə tanıdığı arvadıyla birgə Azərbaycan Xalq
Cümhuriyyətinin yıxılmasında əvəzsiz rol oynamış Əli Bayramovun
başının kəsilməsinə bir əsr sonra sevinən mən Şoloxovun 1925-26-cı
illərdə yazdığı qırmızı hekayələri oxuduqca əsərin bolşevik
qəhrəmanlarının hər hekayədə ard-arda qolçomaq kazaklar tərəfindən
qətlə yetirilməsinə üzülə-üzülə, az qala, yazıçını söyürəm ki,
eləmə, Şoloxov, bu qədər qəddarlıq eləmə! Yazıqdılar…
Bax, budur ədəbiyyatın gücü!"
…Yazmayacağam mən daha. Mən də başı kəsilənlərdənəm…