Vasif İsmayıl adlı bir
həkimin "Ar olsun sizə, mətbuat" başlıqlı yazısı gözümə dəydi. Hələ
məqaləni oxumazdan qabaq duymuşdum ki, bizi, yəni mətbuatın
külüngçülərini doktor qardaşımız tənqid edib, "söküb-yığıb". Sonda
da məsləhətlərini verib. Belə yazılmalıdır, elə yazılmalıdır və s.
Ona görə duymuşdum ki, başqa peşənin sahibləri hər zaman belə
ediblər. Elə məqalənin başlığı da bunu deyirdi – "Ar olsun sizə,
mətbuat"... Həmişə yazı yazıblar, jurnalistlərə necə yazmağı
öyrətməyə cəhd göstəriblər. Yəni ki, bu hal birinci dəfə
deyil.
Yazını oxudum və təxminimdə yanılmadığımı gördüm. Doktor
həmkarı, millət vəkili Rəşad Mahmudov haqqında deyilənlərə dolayısı
ilə cavab verib.
Əvvəlcə Rəşad həkim haqqında bir neçə
kəlmə...
Rəşad həkim haqqında o deputat olmazdan qabaq da eşitmişdim.
Eşitdiklərimin hamısı da həkimi müsbət xarakterizə edib. Haqqında
"peşəkardır, xəstələri ilə hər zaman mülayim davranışı var,
kimsəsizi, yoxsulu pulsuz belə müayinə, müalicə və hətta əməliyyat
edə biləcək bir həkimdir. Savadlıdır, ölkədə bəlkə də yeganə
kordioloq-cərrahdır" sözləri deyilib. Hətta Rəşad müəllim
deputatlığa namizədliyini irəli sürəndə bildim ki, Astaranın
deputatı olacaq. Çünki nüfuzludur, tanınandır, insanların qəbul
etdiyi adamdır. Həkimin deputatlıq istəyinə sevindim, həm də bir az
pis oldum. Sevindim ona görə ki, ölkəmin parlamentində belə
savadlı, vicdanlı bir insanın təmsilçiliyi müsbətdir. Pis olmağımın
səbəbi isə parlamentdəki işlərinin çoxluğu ilə əlaqədar ondan mədəd
uman xəstələrinə vaxt ayıra bilməyəcəyi əndişəsi idi. Şəxsi
tanışlığım yoxdur deyə, əksəriyyətin fikrinin doğru olduğu
qənaətində olmuşam. Bu gün də Rəşad Mahmudov haqqında heç bir mənfi
fikrim yoxdur. Jurnalist həmkarım Rəşad həkim haqqında yazıb, onu
tənqid edib, xəstə bir uşağı əməliyyat etməkdən boyun qaçırdığını
deyib. Həkimin hardasa riskləri nəzərə alaraq, əməliyyat etməmə
səbəbini anlamaq olar. O da insandır, bəlkə doğrdan da daha
dəhşətli risk olub. Amma Rəşad həkimin uşağın valideynlərinə "krizə
girsə, həkim çağırmayın, qoyun ölsün" deməsinə inanmıram. Həkim
yox, heç bir insan, vicdanı olmayan biri də uşaq haqqında bu cür
deməz. Rəşad Mahmudovun ünvanına səsləndirilən qalan ittihamlarla
işim yoxdur. Doğrudur, yalnışdır, bunu həmin uşağın valideynləri və
həkimin özü bilir.
Gələk Vasif həkimin bizə ar olsun deməsinə və yazmaq
öyrətməsinə
Vasif həkim deyir ki, jurnalist belə bir məsələ var idisə,
araşdırmalı idi, qarşı tərəfin mövqeyini öyrənməli idi. Razıyam,
hər bir tərəfin mövqeyi öyrənilməlidir. Bu jurnalistikanın təməl
prinsiplərindən biridir. Amma Rəşad müəllimin özü haqqındakı
iradlara, iddialara cavab verməkdə bu qədər çətinlik çəkir ki?!
Tanınmış, peşəkar bir həkim, üstəlik də millət vəkili olan bir şəxs
üçün hansısa bir qəzetə, sayta zəng edib, mənim mövqeyimi də
işıqlandırın deyə bilməzmi? Mətbuat təcrübəsində belə bir anlayış
var - "cavab haqqı". Mən inanmıram ki, hansısa mətbu orqan, elə
ittihamların səsləndirildiyi sayt Rəşad həkimin cavab haqqını
tanımaya. Xarici mediaya nəzər salın. Tanınmış, nüfuzlu bir şəxs
haqqında ajiotaj yaradacaq bir xəbər gedən kimi həmin şəxs dərhal
buna reaksiya verir. Ya təkzib edir, ya hadisənin əslində deyildiyi
kimi yox, başqa cür olduğunu deyir və s. Yəni cavab verir. Bunun
aylarla araşdırılmasına nə gərək var ki? Məqalənin altında, "qarşı
tərəfin mövqeyini dərc etməyə hazırıq" qeydi varsa, bunun jurnalist
tərəfindən nə araşdırması aparılmalıdır axı?! Bu mənada Vasif
doktor mətbuatı hardasa qınaya bilərsiz, amma bizə "ar olsun"
deyib, sonra da dərs keçə bilməzsiniz.
Deyirsiz ki, həkimləri mətbuat pisləməklə məşğuldur. Mətbuat
neynəsin pisləməsin?! O qədər mənfi hallar görürük ki
həkimlərdən... O qədər vicdansız həkimlər görürük ki...
Azərbaycanın səhiyyə sisteminin bərbad durumda olması hər kəsə
məlumdur. Belə olmasaydı, bir az imkanı olan insanlar Almaniyada,
Türkiyədə, İranda müalicəyə getməzdilər. Təbii ki, bunun obyektiv
və subyektiv səbəbləri var. Həkimin maaşı azdır, bəzən məcburdur
rüşvət almağa və s.
Amma vallah, savadsız həkimlərin, həkimlikdən çox alverlə məşğul
olan, firmalarla müqavilə bağlayıb vətəndaşa saxta, keyfiyyətsiz
dərmanları sırıyan "həkimlərin" əlində qalmışıq, doktor. Təbii ki,
istisnalar hər zaman var. Amma Azərbaycanda bu istisnalar çox
azdır, barmaqla göstəriləcək qədər azdır.
Doktora bir hadisəni danışım
Mənim bir sinif yoldaşım Almaniyada tibb təhsili alıb. Dediyinə
görə, yaxşı cərrahdır. Bir gün Almaniyadan döndüyündən sonra
görüşdük, işlərimizdən danışdıq. Dedi ki, Bakıda özəl klinikalardan
birində həkim-cərrah kimi fəaliyyətə başlayıb, normal maaş
veriləcək. Görüşümüzün üstündən heç 2 ay keçməmişdi ki, təsadüfən
yenidən qarşılaşdıq. Ordan-burdan danışanda, dedi ki, bəs
Almaniyaya qayıdır, klinikadan çıxıb. Səbəbini soruşanda... Bəlkə
də inanmayacaqsız. Cərrah sinif yoldaşım dedi ki, klinikanın
qoyduğu şərtlərlə vicdansızlıq edib işləyə bilməz. Onun dediyini
olduğu kimi yazıram: "Anar, təsəvvür et ki, kənd yerindən 45-50
yaşlarında bir xəstə gəlmişdi. Onun müalicəsi 12 manatlıq preparat
idi. Yəni 20 gilə dərman atacaqdı, keçib gedəcəkdi. Amma klinika
rəhbərliyi mənə dedi ki, onu əməliyyat etməlisən. Mən dedim axı,
həkim, bu adamı əməliyyat etməyə lüzum yoxdu. Dedi "lüzum var, ya
yox, əməliyyat olunmalıdır, vəssalam. Lazım olmasa belə, əməliyyat
etməlisən ki, klinikanın kassasına pul gəlsin, sizə maaş verək".
Baş həkimə dedim, bəs vicdan? Dedi, "vicdan almanlardadı, bizdə
vicdan anlayışına yer yoxdu". Mən də əməliyyat etməyəcəyimi deyib,
ərizə yazıb işdən çıxdım. Çünki mən bunu edə bilməzdim, bu
vicdansızlıqla uşağıma çörəkpulu apara bilmərəm. Həmin xəstəyə də
12 manatlıq dərmanı məsləhət görüb, klinikadan uzaqlaşdım".
Sinif yoldaşıma dedim, sən vicdansızlıq etmədin, bəs başqa
həkimlər?!... Dedi ki, "işdən ayrıldıqdan sonra qalan maaşımı
götürməyə getdiyimdə artıq həmin kişini əməliyyat etmişdilər.
Xəstəyə də demişdilər ki, o həkimin başı çıxmır, ona görə sənə adi
bir dərman yazıb, yola verib".
Yəni deməyim odur ki...
Vasif doktor, 1-2 nəfər vicdanlı həkim varsa da, bu cür mənfur
əməli törətməyə qadir, baş həkimin gözünə girmək üçün, ağ xalatının
cibinə 5 yox, 10 manat qoymaq üçün ləyaqətsizlik göstərib, ehtiyac
olmadığı halda xəstəni cərrah masasına uzadanlar da az deyil.
Məncə, mətbuata hirslənib, "ar olsun sizə, mətbuat" deməkdənsə, bir
həkim kimi bu cür vicdansız həmkarlarınıza, "ar olsun, dələduz
həmkarlarım", "ar olsun, Hippokrant andını pozan həmkarlarım", "ar
olsun, xəstəyə firma dərmanlarını sırıyan həmkarlarım" deyə bir
çağırış edə bilərdiniz.
Onu da nəzərə alın ki, Rəşad Mahmudovu müdafiə xarakterli
yazdığınız məqaləni də, "ar olsun sizə, mətbuat" dediyiniz mətbuat
orqanı işıqlandırıb.