Türk dərgahı
Qardaş Türkiyənin bütün
gözəlliklərini, təbiət və mədəniyyət möcüzələrini, milli-mənəvi
dəyərlərini görüb, öyrənməyə bir necə ömür bəs etməz.
Anadolu torpaqları bütövlüklə insanlığın tarix aynasıdır. Bu
aynaya baxandə türkün yaradıcılıq qüdrəti və türk ruhunun böyüklüyü
qarşısında heyrətə düşürsən. Otuz ilə yaxın bir zaman içində
Türkiyəyə dəfələrlə gəlsəm və bu torpaqları dörd dəniz boyunca,
eninə-uzununa gəzsəm də, hər gəlişimdə onun yeni bir zənginliyinin
şahidi oluram.
Bu dəfə Kırşəhir Ahi Avran Unuiversitetinin dəvətlisiydim,
Azərbaycan -Türkiyə ədəbi əlaqələri timsalında mili-mənəvi
birliyimiz mövzusunda konfransım olacaqdı. Ankaradan Kırşəhirə
gedən yol Orta Anadolunun baharın oğlan çağında gözalan bir
yaşıllığa bürünmüş geniş yaylalarından keçir. Bu yaylalar, dağlar
türklüyün yüksəliş çağlarını, zəfər və fəthlərini xatırladır.
Yol yoldaşlarım - Türkiyənəni ünlü yazarlarından olan və Türk
dünyası ədəbiyyatını Türkiyədə ardıcıl çevirib nəşr etdirən köhnə
dostum İmdat Avşar və millət sevdalısı, iş adamı Mövlud Toprakla
yol boyu bu duyğuları paylaşırıq. Mənim Kıpşəhirə ilk dəfə
gəldiyimi bildiklərindən, Anadolunu vətən eləmiş, bura türklüyün
silinməz imzasını atmış böyük insanların türbələrini, təkkələrini
ziyarət edə-edə gedirik: Həsəndədə və onun övladlarının türbələri,
Sofu Baba türbəsi, Hacı Bektaş dərgahı, Əxi Evran camesi...
Kalehöyük muzeyi... Bunlarsız nə Kırşəhirin ruhunu duymaq olar, nə
də Orta Anadolunun türk tarixindəki yerini dərk etmək...
Bu yaylalarda insan özünü dünyanın damındaymış kimi hiss edir,
elə bil, Yer üzünün qalan yerləri səndən xeyli aşağıdadır. Elə bir
genişlikdən keçirsən ki, sanki yamac-yamac, səhifə-səhifə,
üfüq-üfüq açılan bu əkin-biçin yerləri, tarlalar, bağlar, dağarası
vadilər dünyanın sonunadək uzanıb gedir və bu gözəlliyə heç vaxt
payız nəfəsi dəymir, bu genişliyi dolduran gün işığı heç vaxt
çəkilib getmir. Ancaq İmdat bəy bu ilki yazın yağmursuz keçdiyindən
və quraqlığdan narahatdır.
Orta Anadoluda belə "Dədə", "Baba" türbələri çoxdur. Şübhəsiz,
Azərbaycandakı eyni adlı məzarlar və ziyarətgahlar da eyni yolun
yolçusu olmuş insanlara məxsusdur. Ziyarət etdiyimiz türbələrin,
camelərin hər biri Türk-Osmanlı tarixində mühüm rol oynamış
adamların haqqa qovuşduqları - Haqqa yürüdükləri yerdə böyük
sevgiylə ucaldılıb, bugünədək diqqətlə və minnətdarlıqla qorunub;
hər birinin cildlər dolduracaq tarixi var; fərqli olan Kalehöyük
muzeyidir. Bu muzey yaponların yayladakı bir kurqanda onillərlə
apardıqları qazıntılar sonucu olaraq yaradılıb. Muzey də elə bir
kurqandır. Kənardan baxanda yaşıl təpədir, ancaq yandan yolu var,
içəridə zəngin və yüksək texnolojı özəllikləri olan bir muzey
yerləşir. Arxeoloqların bu səliqəsi və sayqısını mən bizim Qəbələdə
koreyalı mütəxəssislərin qazıntılarında da görmüşəm. Muzeydə 6-7
min illik bir tarixin yadigarları qorunur.
Yol boyu diqqətimi çəkən ən mühüm cəhət adamların qeyri-adi
dərəcədə xeyirxahlığı və yardım etmək duygusu oldu. Yaşlı adamların
marağı, cavab vermək, izah etmək şövqü adamı həyəcanlandırır. Bunun
özü də o ziyarətdə yatanların müqəddəs ruhlarının ölməzliyindən,
nəsillərin ürəyində yaşadığından xəbər verir.
Bu günün ən unudulmaz anlarını Hacı Bektaş Vəli dərgahında
yaşadıq. Bu ziyarətə çoxdan can atırdım. Hacı Bektaş türk irqinin
yetişdirdiyi ən böyük, ən müqəddəs şəxsiyyətlərdən biridir. Hacı
Bektaş - Yəsəvidən başlanan türk milli fikir intibahının ən uca
zirvələrindən olmaqla, "bektaşilik" adlanan və sonralar bütün Şərqə
yayılan, sırasına bizim böyüklərimizdən Nəsimini, Şah İsmayıl
Xətayini, Füzulini də qatan və Həzrəti Əliyə bağlı olan bir
təriqətin yaradıcısıdır. Maraqlıdır ki, böyük Yəsəvinin fikir
babası, müəllimi azərbaycanlı Yusif Həmədani olmuşdu.
Burda bektaşilikdən geniş bəhs etmək niyyətim yoxdur. Qısaca onu
deyə bilərəm ki, Türkiyədə Əxilər Hərəkatının və bektaşiliyin
tarixindən danışılarkən, Azərbaycan kənarda saxlanıla bilməz. Çünki
bektaşiliyin təməl qaynaqlarından olan əxilik-qardaşlıq
təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı.
Kırşəhirdə (o zaman Gülşəhəri) əxiliyi yayan, əxilərin piri olan
Əxi Evran da əslən azərbaycanlı idi. O, 1175-ci ildə Güney
Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Bu vaxt artıq Gəncədə
dahi Nizami Gəncəvinin də daxil olduğu əxilik-qardaşlıq geniş
yayılmışdı. Əxi Evran (Əvran) Anadoluda ilk sənətkar birliklərini
qurmuşdu. Özü 32 sənətin ustadı və müəllimiydi. Onun qurduğu
sosial-iqtisadi-siyasi sistem Osmanlı imperatorluğunun idarəçilik
fəlsəfəsi oldu. Osmanlı sultanları özlərini əxi-qardaşlıq birliyinə
bağlı sayırdılar. Əxilərin bir deyimi məşhurdur: "Əxi olanın
əli-qapısı-süfrəsi açıq, sözü-beli-dili bağlı olar".
Əxi Evran 1264-cü ildə, 93 yaşında əlində qılınc monqollarla
savaşarkən öldürülmüşdü. Məni dəvət edən universitet də onun adını
daşıyır. Kırşəhirdə bu gün də qadınların, kişilərin bir-birinə
"qardaş" deyə müraciət eləməsi əxilik ruhunun yaşadığını
göstərir.
Ələvi və bektaşi böyükləri,
onların ağlasığmaz mərifət və kəramətləri haqqında çox yazılıb. Biz
də birinin şahidi olduq. Yol boyu İmdat bəy quraqlıqdan
şikayətlənirdi dedim. Sonuncu ziyarətimizdən, yəni Hacı Bektaş
dərgahından çıxan kimi havanın tutulduğunu gördük. Seyrək, iri
damlalar səpələnməyə başladı. Bir dəqiqə sonra, özümüzü maşına
çatdırmağa inkan tapmamış elə bir leysan başladı ki, dükanların
birində daldalanası olduq. Yazın bu çağında əsil bərəkət yağırdı və
sonrakı iki gündə də davam elədi. Kim bilir, bəlkə də sidq-ürəkdən
edilən ziyarət və verilən nəzirlərin bir sirli kəraməti də bu
idi.
***
Hacı Bektaş və onun yaratdığı təriqətin biçimlənməsində yuxarıda
adlarını çəkdiyim Böyük Azərbaycan-türk şairlərinin yaradıcılığı
kimi, təsəvvüf düşüncəsi - o dövrün əsas dini-fəlsəfi fikir axını
kimi - mühün rol oynamışdı. Təsəvvüfə görə, insan və gördüyümüz
bütün var olan hər şey Tanrı ilə birdir. Varlıq birliyi -
vəhdəti-vücud - anlayışı da burdan qaynaqlanır. İnsan Allahın
ruhundan yaranıb, Mütləq Yaradan insanda təcəlla edib. Ay, ulduz
Allahın zərrələridir. Şiəliyin bir qolu olan ələviliyin əsas
fəlsəfəsi insana sevgidir. Yaradan və yaradılmışların ən
alisi-mükəmməli olan insan bir-birindən ayrılmazdır. İnsanı sevmək
- Yaradanı sevməkdir. Allahdan qorxmaq yox, onu sevmək
lazımdır.
Ələvi-bektaşi humanizm ənənələri - insanlığın əxlaq dəyərlərinin
yox edildiyi, haqqın, ədalətin Zora və Qanunsuzluğa əsir düşdüyü
indiki zamanda bəşəriyyətin Ana Yasası - Konstitusiyası olmaq
səviyyəsində üstün bir normadır.
Ələviliyə görə, insan dörd kamilləşmə qapısından keçəndən, özünü
tanıyandan sonra günəş, ulduz kimi kainatın bir parçası olur, dünya
onun ətrafında dövr edir. Ələvi alimlərinin yazdığına görə,
ələviliyi islamın başqa təriqətlərindən ayıran əsas fərq Allaha və
Qadına münasibətdədir. Başqa məzhəblərdə Allahdan qorxu olduğu
halda, ələvilər Allaha "dost" deyir, dost gözüylə baxır. Ələvilər
qadını erkəklə bərabər tutur, onun yaşınmasını mənasız və əsil
islamla əlaqəsi olmayan bir şey sayırlar. Bu baxımdan onlar
dünyanın inkişaf etmiş xalqlarını yüzillərlə qabaqlamışlar.
Ələvi-bektaşiləri anlamaq baxımından Türkiyənin tanınmış
alimlərindən İsmət Zəki Eyuboglunun sözləri yerinə düşür:
"...Bektaşilik tarixinin Anadolu insanının tarixinin bəlli bir
kəsimi olduğu anlaşılır. Bu düşüncə Anadolu insanıyla yaşıddır.
Anadolu insanı, insan kavramından nə anlamışsa, bektaşiliyin
anladığı da odur aşağı-yuxarı".
Maraqlı məsələlərdən biri də yüzillər boyu Osmanlının əsas
güclərindən biri olan, onu ayaqda tutan yeniçərilərin bektaşiliyə
bağlı olmasıdır. Yeniçərilər öz ocaqlarını həm də Hacıbektaşi ocağı
sayırdılar. Bəzi ələvi-bektaşi araşdırıcılarının yazdığına görə,
Osmanlının çöküşü 1826-cı ildə Yeniçəri Ocağının ləğvindən
başlanmışdı. Yeniçərilər "bizim başımızdakı geyim Hacı Bektaş
börkü, qurşandığımız qılınc Həzrəti Əli qılıncıdır" deyirdilər...
Bu bağlılığı göstərmək baxımından Yeniçəri gülbankı (duası) da
maraqlıdır: Allah, Allah, illallah. Baş üryan, köküs qalxan, didə
al qan, sinə püryan. Bu meydanda neçə başlar kəsilir, heç olmaz
soran. Kahrımız, qılıncımız düşmənə ziyan. Qulluğumuz padşaha əyan.
Sayılmarız barmaqla, tükənməriz kırmakla. Üçlər, Beşlər, Yeddilər,
Qırxlar... Nuri Nəbi, kərəmi Əli, kəraməti Vəli, Gülbank-i
Məhəmmədi, pirimiz, hünkarımız, ustadımız, Kutb-ul Arifin Hacı
Bektaş-i Vəli. Dem-ü devranına hu deyəlim huuu..
Yaxın Asiyada bu boyda nüfuz və təsirin arxasında Hacı Bektaşın
böyük mərifət və insanlıq fəlsəfəsi dayanır. O deyirdi: Ara, bul.
Kadınları oxudunuz. İncinsən də incitmə. Murada yetmək səbir
ilədir. ... Hər nə ararsan, özündə ara. Əlinə, dilinə, belinə sahib
ol. Mərifət elminin ilk məqamı ədəbdir. İnsanın camalı sözünün
gözəlliyidir. Heç bir milləti və insanı ayıblamayın. Elmlə
gedilməyən yolun sonu qaranlıqdır. Düşüncə qaranlığına işıq
tutanlara nə mutlu. Düşməninizin dəxi insan olduğunu untmayın və
s.
Bektaşi alimləri bu sözlərə dayanaraq BMT-nin İnsan Haqları
Bəyannaməsinin kökündə bektaşi fəlsəfəsi və türkün insan sevgisinin
dayandığı qənətindədirlər.
***
Bakıdan çıxandan cəmi bir neçə saat sonra insanlığın fikir
tarixinin ən parlaq səhifələrinin yarandığı, o səhifələri yaradan
insanların adının, sözünün, xatirəsinin müqəddəs tutulduğu
yerlərdəydim. Burdakı bilgilər bir çox sirlərin üstündən pərdəni
götürür. Böyüklərimizin keçdikləri yollar, türkü altıyüz il üç
qitənin Baş ağası (Paşası) etmiş böyük fiziki və mənəvi gücün
qaynaqları burda daha canlıdır və daha aydın görünür. İdrak qapısı
təkcə keçmışə yox, həm də gələcəyə açılır. Çünki zaman insan
ağlının çox böyük imkanlarını göstərsə, bir çox sahələrdə
ağlasığmaz intellekt sıçrayışları olsa da, insanlığın zəiflikləri
də davam edir və bir sıra mənəvi məsələlərdə irəliləməkdənsə,
geriləmələr müşahidə olunur. Türk ərənlərinin, pirlərin, dədələrin,
babaların, abdalların, dərvişlərin, övliyaların əxlaq dərsləri bu
meydanda öz parlaq gözəlliyi ilə yenidən ortaya çıxır, yeni
savaşları dinc yola yönəldən ən təsirli, çağdaş vasitə, məktəb kimi
dəyər qazanır.
Hacı Bektaş dərgahının mətbəx bölümündə əfsanəyə görə eyni
zamanda 12 inəyin ətinin bişirildiyi nəhəng qazanlar var. Bu
dərgahda minlərlə, on minlərlə insan illər uzunu bu mətbəxin
bərəkətini dadıb, aclıqdan xilas olub. Ancaq indi daha o qazanlar
da, onlarin iki metrlik sapı olan yekə çömçələri də, ocaq
qurdalamağa uzun maşaları da sadəcə muzey əşyalarıdır. Amma Hacı
Bektaşın söz və hikmət qazanı odsuz-alovsuz hələ də qaynamaqda və
fikir aclarını doyurmaqdadır.
Kırşəhir həm də türk dünyasının ən böyük şairlərindən olan Yunus
Əmrənin, Aşıq Paşanın vətənidir.
İmdat bəy və dostlarının buraxdıqları "Koroğlu" dərgisinin mənə
həsr olunmuş irihəcmli nömrəsini başqa vaxt görsəm, "buna ehtiyac
varmı?" deyə narahat olardım. Ancaq indi böyük Yəsəvilərin, Hacı
Bektaşların, Yunus Əmrələrin,, Aşıq Paşaların yolunda olmağın,
onların dilində yazmağın, onların sözünü, ürfan və mənəviyyat
ənənələrini davam etdirməyin nə qədər böyük bir xoşbəxtlik
olduğunun rahatlığı dolmuşdu ürəyimə.
Axşam Universitetdəki görüşün təşkilatçısı olan Ayfər xanım da
bizə qoşuldu. Gördüm elə o da qardaşlıq ruhunu, türk birliyi ruhunu
yaşadan qız qardaşlarımızdan, Türkiyənin əsil aydınlarından
biridir.
Ertəsi gün şəhərlə tanış olduq, Cacabəy Gökbilim (astronomiya)
Mədrəsəsinə baxdıq, Aşıq Paşa türbəsini ziyarət etdik. Türkiyənin
böyük xalq aşığı, ozan Neşet Ərtaşın muzeyindən aldığım təəssürat,
dinlədiyim musiqilərin oyatdığı duyğular ayrıca qeyd
olunmalıdır.
Burda yenə Türkiyə ilə Azərbaycan bir yerdədir. Anadolu sazı ilə
yanaşı Azərbaycan sazı... Kamança, tar, tulum da beləcə. Yunus
Əmrə, Aşıq Paşa ilə yan-yana Nəsiminin, Füzulinin, Xətayinin, Aşıq
Ələsgərin rəsmləri və şeirləri təqdim olunur. Ayrı-seçkilik
qoyulmadan.
Muzeyin ən gözlənilməz eksponatı Ərtaşın öz mum heykəlidir.
Kənardan baxanda elə bilirsən canlıdır; geyim-kecimi yerində, saz
sinəsində, "çalır, oxuyur"...
Unudulmaz görüşlərimizdən biri Kırşəhir valiliyində oldu. Vali
Necati Şəntürk məni çoxdankı tanışı kimi qarşıladı. Şair olduğunu
dostlarımız öncədən demişdilər; aramızda əsil ruh qohumlugu varmış.
Yeni çapdan çıxmış kitabını açıb "gəl sənə şeir oxuyum, görüm
bəyənirsən?" deyərək oxumağa başladı:
Yəsəvicə kükrəmiş, bizə Pir-i Türküstan,
Anadolu türkündür, diyar-i Rum müslüman,
Horasandan yürümüş, neçə alp, neçə aslan,
Horasan, insanlığın irfan çağlayanısan,
Tarixi istikbala hale bağlayanısan.
...Tarixə toxum səpmiş bu kəntdən Əxi Evran,
Bursada çinar olmuş Dövləti-ali Osman,
Üç qitə, yeddi iqlim, nə möhtəşəm bir dövran,
Kırşəhir, dövranların irfan çağlayanısan,
Sən ki, Anadolunun qədim Xorasanısan...
Şairləri bilirəm, birini oxudumu, ikincisini oxumaq istəyir.
Amma Vali qardaşımızın şeirlərində Kırşəhirə yaraşan yüksək bir
milli ləyaqət, tarixinə sahib çıxmaq, sevgi ruhu var.
Söhbətimiz uzanır. Bu arada Bakının Qala kəndində hərbi xidmətdə
olmuş bir zabit də gəlib məclisimizə qoşulur. Bu da birlik
duyğusunu gücləndirən başqa bir reallıqdır. Öz-özümə düşünürəm ki,
görəsən Türkiyədə neçə vali, Azərbaycanda neçə icra başçısı
ürəyində belə yüksək Vətən sevdası daşıyır, neçəsinin tarix şüuru
bu qədər itidir, neçəsi kitaba bu qədər bağlıdır?..
***
Universitetin böyük salonu dolu idi. Türkiyənin demək olar ki,
bütün universitetlərində Bakıdan getmiş müəllim və tələbələrlə
rastlaşmaq olur. Bura da istisna deyildi. Adını çoxdan eşitdiyim
riyaziyyat alimlərimizdən Vaqif Quliyev bu universitetdə çalışır.
Onunla, azərbaycanlı tələbələrlə görüşdük. 1990-cı ildə Kaysəri
Ərciyəz Universitetində keçirilmiş Birinci Böyük Azərbaycan
Konfransında tanış olduğum ədəbiyyatşünas-folklorşünas alim Mahmud
Sarıqaya, dekanlar Rafiq Balay, Nadir İlham, rektor yardımçısı
Mustafa Kurt ilə görüşlərimizin xoş ovqatını, onların konfransda
iştirak və çıxışlarını xüsusi qeyd etməliyəm.
Konfransda Ayfər xanımdan başqa İmdat Avşar da
Azərbaycan-Türkiyə əlaqələri barədə öyrəncilərə ətraflı məlumat
verdilər. Qalan iş mənim boynumaydı.
Ancaq konfransla iş bitmədi. Yorulmaz təşkilatçı olan Ayfər
xanım həyat yoldaşı Əli bəy və gözəl qızları Münəvvər İlay Vüslat
və Gülbəyaz Dilşadı da yanlarına alıb, axşam bizi qonaq çağırdılar.
Təkcə bizi yox, həm də Kırşəhirin şairləri və musiqiçilərini.
İkinci bir şeir axşamı burda başlandı və gecə yarısınadək davam
etdi...
***
Yazımı burda bitirərkən dostumuz İmdat Avşarın ədəbiyyatımızın
Türkiyə türkcəsinə axtarılmasında göstərdiyi fədakarlığı,
tərcümələrinin yüksək keyfiyyətini bir daha minnətdarlıqla yada
salmaq istəyirəm. Əslində, bunun əsas səbəbi onun istedadla
yazılmış gözəl şeir və hekayələr müəllifi olmasıdır.
...İstanbula Kaysəridən uçacaqdım. Fürsətdən istifadə edib,
yolüstü köhnə dostumuz, erməni dili və ədəbiyyatı üzrə sayı çox
olmayan mütəxəssislədən biri, Ərciyəz Universitetinin müəllimi
Qafar Çaxmaqlı ilə görüşüb onu professor adı alması münasibətiylə
təbrik etdik... Özünü gözə soxmadan, sakitcə, amma vicdanla, elmi
dəqiqliklə gördüyü işlər onu bizlərə və tələbələrinə sevdirən əsas
keyfiyyətlərdəndir..
Bu səfərdə gördüyüm, tanış olduğum adamların hamısının üzündə
Hacı Bəktaş dərgahının, türk dərgahının işığını gördüm...
8.05.2016. İstanbul.