Ana səhifə Toplum |
Axar.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,
Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsini təqdim edir:
- Hörmətli Şeyxülislam,
müqəddəs Ramazan ayı artıq arxada qalıb. Ramazanın əvvəlində
orucluq zamanı məzhəb ayrı-seçkiliyindən narahatlığınızı
bildirərək, məscidlərə, din xadimlərinə xəbərdarlıq etmişdiniz.
Azərbaycanda bu sahədə hazırkı durumu, məzhəblərarası münasibəti
necə qiymətləndirirsiniz?
- Bismillahir-rəhmanir-rəhim! Şükürlər olsun ki, Azərbaycanda
dini durum sabitdir. Dini icmalar öz fəaliyyətlərini həyata
keçirir, dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni
məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini
vacibatlarını yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından
yararlanır. Dindarlar dövlətin diqqətindən, dövlət başçımızın
yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından
razıdırlar.
Məramımız Azərbaycanda öz milli, dini, mənəvi dəyərlərinə sadiq,
yüksək səviyyədə tolerant cəmiyyət formalaşdırılmasıdır ki,
əlhəmdülillah, dövlətimizin də dəstəyi ilə bu mərama yetmişik.
Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik,
inşallah. Bəziləri bu şəraiti dəyərləndirmək iqtidarında deyilsə,
bu, naşükürlükdür və Allaha xoş getməz. Əlhəmdülillah, Azərbaycan
milli-mənəvi dəyərlərinə yüksək səviyyədə sahib çıxmaqla yanaşı,
tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi, gözəl
münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün
uğurlu nümunədir. Bu, bizim qürurverici gerçəkliyimizdir. Dövlət
rəhbərimizin bütün din və millət ardıcıllarına münasibətdə
tolerantlıq, multikulturalizm ideyalarını fəal təbliğ etməsini
dindarlarımız böyük rəğbətlə qarşılayırlar. Nəinki, dinlərarası,
ümumən, mədəniyyətlərarası, sivilizasiyalararası əməkdaşlıq
sahəsində Azərbaycanın dünyaya təqdim olunmağa layiq dəyərləri
mövcuddur. Şadam ki, dövlətimiz, dövlət rəhbərimiz səviyyəsində,
habelə Heydər Əliyev Fondu tərəfindən bu dəyərlər yüksək səviyyədə
təbliğ və təşviq olunur. Bakının bir-birinin ardınca
sivilizasiyalararası dialoq və əməkdaşlığa dair nüfuzlu beynəlxalq
tədbirlərə ev sahibliyi etməsini olduqca əhəmiyyətli hadisə kimi
dəyərləndirirəm.
Bəli, müqəddəs Ramazan ayı başa çatdı və bu il də hər zaman
olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin AMEA-nın Şamaxı
Astrofizika Rəsədxanası ilə birlikdə hazırladığı təqvimə istinad
olundu. İstər namaz vaxtları, istər dini bayramların Azərbaycan
coğrafi gerçəkliklərinə uyğun olan vahid təqvimə əsaslanması milli
vəhdətə xidmət etməklə yanaşı, həm də müstəqil dövlətçiliyimizin
göstəricisidir. Bu, həm də məzhəb ayrı-seçkiliyinə, hər hansı
təəssübkeşliyə imkan verməyən vahid mövqedir. Azərbaycan
müstəvisində məzhəb ayrı-seçkiliyindən narahatlıq deyirsiniz -
əslində bu həmin ayrı-seçkiliyin mövcudluğundan deyil, bu
ayrı-seçkiliyi salmağa cəhdlərin varlığından irəli gələn
narahatlıqdır. Dünyada baş verən hadisələr fonunda bəzi qüvvələr
dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata
əl atır. Ölkəmizdə milli, dini, məzhəb münasibətlərində problemin
olmaması bəzi qüvvələri narahat edir.
Əlhəmdülillah, dini mərkəz olaraq, biz bu yöndə səylərin və
mövcud təmayüllərin qarşısının alınmasında Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə birlikdə ardıcıl iş aparırıq. Hər iki qurumun
potensial imkanları səfərbər edilib. Dövlət Komitəsinin inzibati
sahədə səlahiyyətləri, dini mərkəzin maarifləndirmə, dini kadrların
hazırlığının daha da artırılması və s. tədbirləri sayəsində
istənilən nəticəyə nail oluruq. Dövlətimizin bu sahədə siyasətini
xüsusi qeyd etmək lazımdır, siyasi iradə mühüm rol oynayır. Bu, həm
də dövlət-din münasibətlərinin yüksək səviyyəsinin
nəticəsidir.
- Bu günlərdə ölkə başçısı dini qurumlara maliyyə
vəsaiti ayırıb. Bu vəsaitsən QMİ-yə 1 milyon manat ayrıldığı
bildirilir. Maliyyə vəsaitinin hansı istiqamətdə sərf olunması
planlaşdırılır?
- Prezident İlham Əliyevin Ramazan bayramı ərəfəsində
Azərbaycandakı dini icmalara maliyyə yardımı ayrılması barədə
sərəncamı oldu. Biz, konfessiya rəhbərləri ilə birgə dövlət
başçımıza bunula bağlı təşəkkür məktubu ünvanladıq. Multikultural
Azərbaycanda bu, dövlətin mənəvi sahəyə, bütün dinlərdən olan
vətəndaşlarına nümunəvi qayğısının təzahürüdür. Qafqaz Müsəlmanları
İdarəsinə ayrılan vəsait dini-mənəvi sahənin müxtəlif
istiqamətlərinə, ən başlıcası maarifləndirmə işinə yönəldiləcək. 45
adda kitab və vəsait hazırlanıb. Uzun müddət üzərində iş gedən,
hazırlanmasına müxtəlif alimlərin cəlb olunduğu bu kitabların işıq
üzü görməsi, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən
məscidlərə paylanması mənəvi sahədə maariflənməyə böyük töhfə
olacaq.
Bundan əlavə, idarə nəzdində fəaliyyət göstərən kitabxanada artıq
bir neçə ildir ki, qədim kitabların, Quran, təfsir və s.
ədəbiyyatın qədim nüsxələri üzərində bərpa işi həyata keçirilir. 35
illik Şeyxülislamlıq fəaliyyətimdə çox böyük çətinliklə bir-bir
toplamağa müyəssər olduğum bu qədim əlyazmalar və kitab
nüsxələrinin bərpa olunaraq yeni həyat qazanması mənim üçün cox
vacibdir. Bu, həm də çox uzunmüddətli, böyük məsrəfli, xüsusi
mütəxəssis və saxlanma şəraiti tələb edən işlərdir. Həmçinin,
kitabxanamızda qürur mənbəyimiz olan 6 mindən artıq nadir kitab
nümunələrinin elektronlaşdırılması üzərində iş davam edir. Dövlət
başçımızın bizimçün ayırdığı vəsaitdən bu işlər üçün istifadə
olunacaq.
Təbii ki, neçə ildir, həyata keçirdiyimiz din xadimlərinin
təkmilləşdirmə kurslarını davam etdirəcəyik. Bu kursların
müdavimləri, sertifikat alaraq, onlar üçün hazırlanan din
xadimlərinin vahid geyimi ilə təmin olunur, kurs müddətində bütün
ezamiyyə - qalma, yemək, səfər xərcləri, habelə məvacibləri
ödənilir, dərslərlə yanaşı, onlara kompüter texnologiyalarından
istifadə vərdişləri aşılanır, müxtəlif tarixi, mədəni mərkəzlərlə
tanışlıq imkanı yaradılır, ölkəmizin tanınmış ictimai xadimlərinin
mühazirələrini dinləmələri təmin olunur. Bütün bu işlərin ən yüksək
səviyyədə təşkili din xadimlərinin öz üzərlərində işləmələri,
müasir dünyagörüşə malik savadlı din xadimi olmaq üçün böyük stimul
rolu oynayır.
Qafqaz Müsəlmanları İdarəsi mütəmadi olaraq, beynəlxalq
əlaqələrini də inkişaf etdirir, xaricdə soydaşlarımızın kompakt
yaşadığı ölkələrdə nümayəndəliklərini təsis edir. Soydaşlarımızın
mənəvi tələbatlarının ödənilməsinə xidmət edən bu işlər məsrəf
tələb edən, lakin uzaq hədəfdə olduqca səmərəli fəaliyyətdir.
Beynəlxalq səviyyəli konfransların təşkili hər zaman gündəmdə olan
məsələdir. Bizim Qafqazda, Rusiya, Gürcüstanda, MDB məkanında belə
konfranslar təşkil etmək təcrübəmiz mövcuddur. Son illər AMEA ilə
uğurlu birgə fəaliyyətimiz olub. Bu yöndə işlərimiz davam edəcək,
inşallah.
- Bu yaxınlarda Dövlət Komitəsi nümayəndəsinin də açıqlaması
oldu ki, bir sıra regional məscidlərdə, xüsusilə şimal-qərb
bölgəsində imam təyinatı olmadığından dini icmalar qeydiyyata alına
bilmir. Bundan başqa, Nardaranda dini icmanın qeydiyyata alınması
istiqamətində iş aparıldığı bildirilsə də, hələlik konkret nəticə
yoxdur. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitənin ümumi məqsədi
dini mühiti, ölkənin dini həyatını ən yüksək səviyyədə qurmaqdır -
bu həm dindarların hüquqlarının təmini, həm onların öz vəzifələrini
bilmələri istiqamətində, həm də dini icmaların qanuni fəaliyyətinin
təmini yönündə işləri ehtiva edir. Biz hüquqi dövlətdə yaşayırıq,
dini sahəni tənzimləyən "Dini etiqad azadlığı haqqında" Qanun
mövcuddur, islami dini icmaların tarixi dini mərkəzi olan Qafqaz
Müsəlmanları İdarəsinin Nizamnaməsi var. Bu sahədə bütün məsələlər
bunlarla tənzimlənir. İcmaların yaradılması, onların qeydiyyatdan
keçməsi üçün mövcud tələblərə riayət olunmalıdır. Hər il bizim
təqdimatla Dövlət Komitəsində onlarla icma ilkin və ya təkrar
dövlət qeydiyyatından keçir. Bu sahədə heç bir problem yoxdur.
Nardaranda da proses bu istiqamətdə öz axarı ilə gedir. Bizim
oradakı səlahiyyətli nümayəndəmiz də fəaliyyətini davam
etdirməkdədir. İcmalar qeydiyyatdan məscidlərdə keçir, yəni hər
hansı məscid hüquqi ünvan olaraq göstərilir. Bundan sonra QMİ həmin
məscidə din xadimi - axund, imam təyin edir. İcması olmayan ibadət
məkanlarına da dini ayinlərin icrası üçün din xadimləri - axund,
imam, mütəvəlli təyinatını həyata keçiririk. Dini kadrların
seçiminə, təyinatına məsuliyyətlə yanaşırıq.
Bəzi bölgələrdə seçim prosesi bir qədər vaxt aparırsa, bu, yalnız daha layiqli, daha səriştəli namizədin axtarışı ilə bağlıdır. İmam, axund həm təyinat aldığı bölgənin ehtiram bəslədiyi şəxs olmalı, dindarların etimadını qazanmalı, həm də dinimizi lazımi səviyyədə təbliğ etmək bacarığına malik olmalıdır. Vətənini sevən, ona bağlı olan, Vətən təəssüblü şəxslərin dinimizi təbliğ etməsi mühümdür, çünki Vətəni sevmək özü də imandandır. Məsələn, biz bu günlərdə Şəki-Zaqatala-Balakən bölgəsində səfərdə olduq. Səfər zamanı da mən bildirdim ki, əsas olan din xadimlərinin savadlı olmasıdır. Bilirsiniz, Bakı İslam Universitetinin yeganə filialı məhz Zaqatalada fəaliyyət göstərir. Biz bu istiqamətdə xeyli iş aparırıq — təsisçisi olduğumuz Bakı İslam Universitetinin tədris proqramı üzərində iş gedir, din xadimlərinin mütəmadi təkmilləşdirilməsi kursları təşkil olunur, mədrəsələrin yaradılması istiqamətində hazırlıq gedir. Bütün bunlar öz müsbət nəticəsini verəcək, inşallah. Və bu sahədə müvəqqəti catışmazlıqlar aradan qalxacaq.
- Azərbaycanda bu il Həcc ziyarətinin qiymətlərinin qalxması, əvvəlki illə müqayisədə ayrılan yerlərin azlığı diqqət çəkir. Son Həcc ziyarətində faciəvi hadisələr baş verdi. Builki ziyarət barədə nə deyə bilərsiniz?
- Müqəddəs Həcc ziyarəti dini səciyyəli səfər olduğundan Qanuna,
Nizamnaməmizə uyğun olaraq, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
həyata keçirilir. Bu istiqamətdə zəvvar səfərlərinin təşkili dini
mərkəzin fəaliyyət istiqamətlərindən biridir. QMİ bu fəaliyyəti
müqəddəs məkanların yerləşdiyi Səudiyyə Ərəbistanının müvafiq
qurumu - Həcc və Ümrə İşləri Nazirliyi ilə koordinasiyalı şəkildə
həyata keçirir. Hər il hər bir müsəlman ölkəsinin Həcc Missiyası
ilə imzalanan protokollarda səfərə dair bütün məqamlar əksini
tapır. Ötən il Həcc ziyarəti zamanı baş verən hadisələr,
təhlükəsizliklə bağlı yaşanan problemlər, Kəbə evi ətrafında
aparılan genişləndirmə, yenidənqurma işlərinin həcmi ilə bağlı
artıq bir neçə ildir, ümumi zəvvar sayında azalma planlaşdırılıb
ki, bu, Azərbaycana da ayrılan kvotaya təsir edir.
Dünyada enerji daşıyıcıları ilə bağlı yaşanan iqtisadi
təbəddülatlar Həcc ziyarətinin qiymətinə də müəyyən təsir göstərir.
Bəzi müsəlman ölkələrində Həcc ziyarətinə getmək istəyənlərin sayı
həmin ölkəyə ayrılan kvotadan dəfələrlə artıq olduğundan
zəvvarların növbəlilik prinsipi mövcuddur. Ziyarət səfərinin
qiymətinə gəlincə, təəssüf ki, Həcclə bağlı mətbuatda bəzən
qeyri-dəqiq xəbərlər yer alır. Əslində, Azərbaycanda bu il Həcc
ziyarətinin qiymətində artım olmayıb. Keçən il qiymətlər nisbətən
ucuz və nisbətən baha mehmanxanalarda qalmaqdan asılı olaraq
4700-5750 ABŞ dolları idisə, bu il müvafiq olaraq, 3500-4500 ABŞ
dolları civarındadır. Ziyarətin təşkili ilə bağlı xidmət haqqını
Səudiyyə tərəfinə ABŞ dolları ilə ödədiyimizdən zəvvarlarımız da bu
valyuta ilə ödəniş edirlər. Xidmət haqqı ödəmə günü mövcud
məzənnəyə uyğun alınır. Məzənnənin artımı səbəbindən qiymətlər
manat ekvivalentində dəyişə bilər, lakin bununla belə ziyarət
qiymətləri ötən illə müqayisədə artmayıb. Ötən il baş verən
qələbəlik zamanı azərbaycanlı zəvvarlara, şükürlər olsun, heç bir
xətər toxunmayıb. Bugünədək öz əcəli ilə dünyasını dəyişən
zəvvarlarımızı mövcud dini hökm və qaydalara uyğun olaraq,
ehtiramla Məkkə yaxınlığında torpağa tapşırmışıq. İnşallah,
zəvvarlarımız builki Həcc ziyarətini sağ-salamat başa vurub, Vətənə
dönəcəklər. Həcc missiyası olaraq, bunun üçün əlimizdən gələni
əsirgəməyəcəyik. Bu il zəvvarlarımız Həcc ziyarətinə gediş və
dönüşü AZAL-ın təyyarələrində çarter uçuşları ilə həyata
keçirəcəklər.
- Azərbaycandan Suriyaya döyüşmək üçün gedənlərin
sayında azalma müşahidə olunur. Bunu nə ilə izah edirsiniz? QMİ-nin
apardığı profilaktik maarifləndirmə tədbirlərinin bunda rolu nə
qədərdir?
- Maarifləndirmə işinə bu qədər önəm verməyiniz təqdirəlayiqdir.
Həqiqətən də, aparılan izahedici, maarifləndirici iş nəticəsiz
qalmır. Son illər insanların şüuruna müasir informasiya
texnologiyaları (İT) vasitəsilə təsir edərək onların inamından,
ülvi hisslərindən məkrli şəkildə sui-istifadə halları var. QMİ-nin
dini mərkəz olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə
birgə həyata keçirdiyi tədbirlərin mənəvi-ideoloji dəyəri, təsir
qüvvəsi olduqca böyükdür. Tərəfimizdən nəşr olunaraq
respublikamızın bütün guşələrinə paylanan kitab və vəsaitlər,
bölgələrdə keçirilən çoxsaylı görüş və tədbirlər, gənclərlə
aparılan iş möhtərəm dövlət və din xadimlərinin insanlarla
təmasları — bütün bunlar reallıqların camaata çatdırılmasında böyük
rol oynadı. Dövlət və din arasında münasibətlərin yüksək səviyyəsi,
milli-mənəvi, ənənəvi dini dəyərlərə sahib çıxmaq istiqamətində səy
və əməli işlər bu sahədə uğurlarımızı təmin edir.
- Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində
qarşı tərəfin təxribatı nəticəsində hərbi toqquşmalar qeydə alınır
və Azərbaycan düşmənə layiqli cavab verir. Münaqişənin yenidən
alovlanması region üçün ciddi təhdid sayılır və bir sıra
ictimai-dini xadimlər, o cümlədən Siz də müvafiq bəyanatlar
verdiniz. Bununla belə, təmas xəttində gərginlik, xüsusilə
ermənilərin mülki əhaliyə qarşı silahlı təcavüzü davam edir. Bir
din xadimi olaraq mövqeyiniz və təklifiniz nədən
ibarətdir?
- Allah dərgahında ən yuksək məqama yetişmiş şəhidlərimizin
məkanı cənnətdir. Şəhid qanı ilə islanmış Vətən torpağı isə
müqəddəsdir. Vətəni sevmək imandandır, şəhidlik imanın ən yüksək
zirvəsi. Şəhidlərimizin Vətən sevgisi, kamil imanı hər birimiz üçün
müqəddəs örnəkdir. Bu şəxslər, Peygəmbər Mühəmməd Salavatullahın
mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək
zirvəsinə ucalanlardır.
Möhtərəm dövlət rəhbərimiz ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, olduqca şərəfli və qürurverici an idi. Bu, Vətənimizin böyük zəfərinin ilk qaranquşu olmaqla, böyük mənəvi əhəmiyyət kəsb edən hadisədir. Xalqımız bu qürurun sevincini yaşadıqca, haqq işinin qələbəsinə inamı, bu yolda əzm və dəyanəti daha da artır. Azərbaycanın din xadimləri Ali Baş Komandanımızın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini birmənalı şəkildə dəstəkləyir, bu müdrik fikirləri məscidlərdə, dini tədbirlərdə təbliğ edir, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırırlar. Bu, ümumxalq, ümummilli əhəmiyyətli hadisələrin önəmini izah edərkən, din xadimləri şəhidliyin uca zirvəsi, ruhi, mənəvi yüksəkliyi, Allah Nəzərində yüksək məqamı ilə bağlı insanlarımızı maarifləndirirlər. Biz, Azərbaycanın din xadimlərinin birgə bəyanatında da bildirdik ki, müharibə hər zaman insan itkisi ilə müşayiət olunur. Lakin bir məsələ nəzərdən qaçırılmamalıdır ki, haqq yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalanalrdır. "Şəhid" sözünü özgə torpağına göz dikən, kimlərinsə xülyalarını, aqressiv siyasi ambisiyalarını reallaşdırmaq yolunda ölümə göndərilən qəsbkarlara şamil etmək olmaz. Ermənilərin vətəni təhlükədə deyil, onların oğulları işğalçı rejim yolunda qurban verilir. Bizim xalqımız heç bir vaxt yad torpaqlara göz dikməyib, lakin öz torpaqlarını göz bəbəyi kimi qorumağa hər an hazırdır və bunu öz müqəddəs borcu hesab edir. Dövlət başçımız - Ali Baş Komandan İlham Əliyevin düzgün vurğuladığı kimi, erməni əsgərlər ölmək istəmirlərsə, bizim torpaqlarımızı tərk etməlidirlər. Azərbaycan xalqının səbr kasası dolub, onilliklərlə davam edən işğal faktına son qoymaq üçün vətənpərvər, yüksək peşəkar nizami Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın dövlət başçısının sülhpərvər siyasətini dəstəkləyən Azərbaycan xalqı münaqişənin dondurulmuş halda qalmasını istəmir, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərarını istəyir və dünya birliyindən də bunu gözləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur. Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı ədaləti bərpa etməyə qadirdir. Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar - BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı üçün bir o qədər yaxşı olar. Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram. Lakin ədalət burada vacib meyardır. Haqq-ədalət yerini tutmalıdır.
Tarix
2016.07.26 / 14:40
|
Müəllif
Axar.az
|