Axmaqlığın bundan o tərəfi ola bilməz. Adam etiraz edir
ki, sən niyə hörmətli Yaqub Mahmudovu böyük tarixçi hesab
etmirsən?
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
onun yazdığı şərhə tarixçi-alim Dilavər Əzimlinin cavabını şərh edərkən bildirib. Fazil
Mustafa barəsində səsləndirilən ittihamlara da cavab verib:
"Adam bildirir ki, sən niyə Toynbiinin adını çəkirsən, o ki
Osmanlıya qarşı olub? Bu nə məntiq, bu nə anormallıq, Məhərrəmlikdə
baş yarmaq üçün istifadə olunan zəncirin fəlsəfəsini yazan bu adam
bu gün Azərbaycanda tarixçi alim sayılır, işlədiyi müəssisənin
müdirindən başqa tarixçi tanımır. Əlbəttə, Yaqub Mahmudova ağsaqqal
bir insan kimi böyük hörmətim olduğunu yazmışam, faydalı
araşdırmaları olduğunu qeyd etmişəm, ancaq dünya tarixşünaslığına
damğasını vuran dahilərlə adının bir sırada niyə çəkmədiyimə adam
etiraz bidirir. Bu adam bilirmi ki, Mommzen 1903-cü ildə "Roma
tarixi" (5 cildlik) əsərinə görə Nobel mükafatı alıb. Adam bilirmi
ki, "Bolşevik inqilabı" şedevr tarix trilogiyasının müəllifi Karr
ixtisasca diplomat olub, tarixçi təhsili olmayıb? Bu adam Karrın
heç olmasa "Tarix nədir?" əsərini bir dəfə də olsun vərəqləyibmi?
Toynbiinin Osmanlı dövlətinə, Atatürkə qarşı mənfi münasibəti və ya
təhrifləri olsa da, bütün dünyada tarixin metodologiyasını və
sivilizasiyaları fərqli izah edən mütəfəkkirlərdən biri hesab
olunur. Zəki Vəlidi Toğan kimi "Ümumi türk tarixinə giriş" əsərinin
müəllifinin səhvini tutacaq qədər irəli gedən bir anlayışla yazılan
tarixi mətnlərimizi ona görə də hüdudlarımızdan kənarda ciddi qəbul
edən yoxdur.
Yaltaqlıq etmək istəyirsən, sabah Akademiyanın dəhlizində
yaxınlaşıb hörmətli Yaqub müəllimin ayaqqabısını sil, ancaq qüsura
baxma, sənin arzunu yerinə yetirməyim imkansızdır, çünki
Azərbaycanda bir sıra istedadlı tarix araşdırmaçıları, dəyərli
alimlər olsa da, hələ ki, Zəki Vəlidi Toğanla, Mommzenlə, Karrla,
Toynbii ilə sıralamada yer alan tarixçi gözümə dəymir".