Ana səhifə Toplum |
Axar.az SOCAR prezidenti Rövnəq Abdullayevin APA-ya müsahibəsini təqdim
edir:
- SOCAR ilk dəfə olaraq Azərbaycan vətəndaşları üçün
bazarda istiqrazlar (SOCAR İstiqrazları) buraxdı. Dövlət şirkəti
olan SOCAR niyə indiyə qədər deyil, məhz hazırkı məqamda belə bir
qərar aldı?
- İstiqrazların tarixi qədim olduğu kimi, Azərbaycandakı tarixi də
qədimdir. 100 il bundan əvvəl Bakı Neft Cəmiyyəti, bir sıra neft
emalı zavodları, Dəmir Yolları İdarəsi və Bakı Bələdiyyəsi kimi
qurumlar tərəfindən istiqrazlar buraxılmışdı. Bütün bu buraxılışlar
mühüm sosial-iqtisadi layihələrin icrası ilə bağlı idi. Məsələn, 1
il sonra 100 illiyini qeyd edəcəyimiz Bakı Şollar Su Kanalının
çəkilişi məhz istiqraz buraxılışı nəticəsində əldə edilmiş vəsaitlə
mümkün olub. Bundan başqa, 100 ildən artıq müddət əvvəl Sabunçu
Neft Emalı Zavodunun səhmləri satışa çıxarılmış, həmin satışa
investorlar ciddi maraq göstərmiş və beləliklə, daxili və xarici
kapital bazarlarının inkişafına dəstək olub. SOCAR bu istiqrazları
buraxmaqla 100 illik tarixə malik bir ənənəni də yenidən
canlandırmaq istəyib. İndiyədək SOCAR xarici kapital bazarlarında
xarici investorlar üçün 3 dəfə avrobondlar buraxıb və həmin
buraxılışılar böyük maraq və yüksək tələbatla qarşılanıb. SOCAR
olaraq ilk dəfə belə qərara gəldik ki, ölkəmizdə öz vətəndaşlarımız
üçün istiqraz çıxaraq, çünki xaricilərə hər il milyonlarla dollar
faiz ödəmək əvəzinə, öz vətəndaşlarımıza birbaşa gəlir qazandırmaq
bizim üçün daha vacibdir. Digər tərəfdən də xarici maliyyə
bazarlarında əldə etdiyimiz təcrübə ilə ölkəmizin maliyyə bazarını
inkişaf etdirərək, maliyyələşmə kanallarımızı şaxələndirir və
vətəndaşlarımıza yeni bir investisiya imkanı təqdim edirik. Bunun
üçün daxili bazarda müvafiq infrastruktur da formalaşıb. Yaxın
zamanadək Azərbaycanda faiz dərəcələri yüksək idi, banklarda faiz
dərəcəsi 20%-dək qalxmışdı və bu hal bizə bazarda aktiv fəaliyyət
göstərməyimiz üçün səmərəli deyildi. Həmin vaxt biz 2, 4, 5, 6
faizlə kredit cəlb edə bilirdik və bu bizim üçün daha əlverişli
idi. Hazırda isə daxili və xarici faiz dərəcələri bir-birinə
yaxınlaşdığına görə, istiqraz buraxılışı üçün münbit bir zəmin
yaranıb. Bu gün vətəndaşlarımız yığımlarının 80%-ni dollarda
saxlayırlar və həmin yığımlar passiv vəziyyətdə evlərdə, seyflərdə
tutulur. İqtisadiyyatdan kənar qalan, sahibinə və iqtisadiyyatımıza
heç bir fayda verməyən həmin vəsaitləri aktiv iqtisadiyyata cəlb
etmək üçün SOCAR İstiqrazlarını ABŞ dollarında buraxdıq.
- SOCAR istiqrazları nədir? Kimlər ala bilər, necə ala
bilər? Hansı şərtləri və xüsusiyyətləri var?
- SOCAR İstiqrazı SOCAR-la investor arasında bağlanmış kredit
müqaviləsidir. İstiqrazların ən böyük üstünlüyü arada heç bir
vasitəçi maliyyə qurumunun olmamasıdır. Yəni, investor (istiqraz
sahibi) pulunu və ya kapitalını ən münasib qiymətə sata bildiyi
kimi, şirkət də ən münasib qiymətə ala bilir. Bu istiqrazlar
elektron formatda buraxılıb və qeydiyyatı Milli Depozit Mərkəzində
(MDM) aparılır. İstiqrazların beynəlxalq və yerli hüquqda statusu
olduqca güclüdür. Çünki, hüquqi olaraq yanaşanda emitent şirkətə nə
isə olarsa, istiqraz sahibləri istənilən halda səhmdarlar
qarşısında üstünlüyə sahibdirlər. Odur ki, həmin vəziyyətdə əldə
ediləcək maliyyə vəsaitləri əvvəlcə istiqraz sahiblərinə ödənir.
Sonra balansda qalan vəsait ilə səhmdarlara ödəniş edilir.
Dövlətimiz istiqrazlarımızın buraxılışına böyük dəstək verir.
İstiqrazlarımız vətəndaşlarımız üçün bütün növ vergilərdən azaddır.
İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda
çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və
texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının
alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə
üzləşmələrinin qarşısını alacaq.
İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ
dolları
Bir istiqrazın nominal dəyəri: 1 000 (min) ABŞ dolları
İstiqrazların müddəti: 5 illik
İstiqrazların Faizi: illik 5%
Faiz ödənməsi periodu: Hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı
ilk iş günü.
Azərbaycandakı bütün fiziki və hüquqi şəxslər SOCAR istiqrazlarını
ilkin bazardan əldə edə bilərlər. Bu, yerli investorlar üçün bir
imtiyazdır.
Xarici investorlar isə bu istiqrazları ilkin bazardan deyil, təkrar
bazardan ala biləcəklər. Satışlarda ilk üstünlük fiziki şəxslərə
(hüquqi şəxslər qarşısında) verilməklə bərabər, SOCAR işçiləri də
daxil olmaqla, heç bir şəxsə və quruma (təşkilata) xüsusi imtiyaz
hüququ verilmir. Bəs, vətəndaşlar aldıqları bu istiqrazları necə
satacaqlar? Belə ki, istiqrazını satmaq istəyən şəxs 1 və 5 saylı
Asan xidmət mərkəzlərinə yaxınlaşa bilərlər. Həmin mərkəzlərdə
SOCAR istiqrazın daimi köşkləri olacaq və satış məsələsində
istiqraz sahiblərinə lazımi dəstək göstəriləcək. SOCAR buraxdığı
istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda
alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə
üzləşmələrinin qarşısını alacaq.
Onu da qeyd etmək istərdim ki, SOCAR İstiqrazlarının satış tarixi
10 oktyabr tarixində bitir və istiqrazlarımız məhdud sayda satışa
çıxarılıb. Bu buraxılışda yerli hüquqi şəxslərlə müqayisədə
üstünlüyü fiziki şəxslərə, yəni vətəndaşlarımıza vermişik.
İstiqrazlarımızı əldə etmək istəyən vətəndaşlarımıza problem
yaşamamaları üçün sifarişlərini son günlərə saxlamamalarını
məsləhət görürük. Çünki, tələbat xeyli yüksəkdir və istənilən qədər
istiqraz əldə etməkdə çətinlik çəkə bilərlər, digər tərəfdən də iş
qrafikinə uyğun olaraq sifarişlərin günün müəyyən saatlarında qəbul
edilməsi və yaranacaq növbə sıxlığı fürsəti qaçırmalarına səbəb ola
bilər. Xalqımıza və ölkəmizə xeyirli olsun!
- Vətəndaşları ən çox maraqlandıran suallardan biri də budur ki,
istiqraz sahibləri 5 il müddəti gözləmədən bu istiqrazları
istədikləri zaman tam olaraq SOCAR-a sata biləcəklərmi və necə
satacaq? SOCAR bunun üçün nə kimi zəmanət verir?
- Vətəndaşlar Asan xidmətin 1 və 5-ci mərkəzlərinə gəlib,
istiqrazlarını SOCAR-a sata biləcək. Bu barədə zərrə qədər
narahatlığa ehtiyac yoxdur. Biz lazım olan bütün mexanizmləri
qurmuşuq və verdiyimiz sözün arxasındayıq. Mən xaricilərə
vermədiyim bu zəmanəti öz vətəndaşlarımıza vermişəm. SOCAR
çıxardığı 100 milyon dollarlıq istiqrazların hamısını növbəti gün
ala bilmə gücünə sahibdir. Vətəndaşlarımız heç bir itki ilə
üzləşməyəcək. İstiqrazları aldıqları qiymətdən SOCAR-a geri sata
biləcəklər. SOCAR-ın böyüklüyünü nəzərə alanda bu istiqrazın
miqdarı olduqca kiçikdir və bu çox açıqdır. SOCAR Azərbaycan
xalqının şirkətidir və hər zaman öhdəliklərinin arxasında
durub.
Biz xaricdə əldə etdiyimiz təcrübələrlə ölkəmizin maliyyə
bazarlarını inkişaf etdirmək üçün yola çıxdıq. Bu məqsədlə də
xalqımızın mənafeyinə uyğun olaraq xaricilərə vermədiyimiz
imtiyazları bu buraxılışda xalqımıza verdik. Bu barədə geri satın
alma ən mühümlərindən biridir. Bununla bağlı bəzi əsassız tənqidlər
eşitdik. Burada təkrarlayıram və açıq şəkildə vurğulayıram ki,
SOCAR çıxardığı istiqrazların arxasındadır və söz verdiyi kimi
satmaq istəyən vətəndaşlarımızdan geri alacaq.
- SOCAR İstiqrazlara hansı şəkildə zəmanət verir və bunu
necə təmin edəcək?
- SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük
şirkəti, təqribən 1,5 milyard manatlıq vergi ödənişi ilə ən böyük
vergi ödəyicisi, 52 000-dən çox işçisi ilə ən böyük işəgötürəni və
ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir
şirkətdir. Eyni zamanda, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6
milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36
birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən
etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, nəzərinizə çatdırmaq
istərdik ki, SOCAR İstiqrazları qanunvericiliyə uyğun olaraq
SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci
bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan
əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və
mülkün toplamı ilə) cavabdehdir.
Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları
üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək SOCAR üçün hansısa
maliyyə çətinliyi yarada bilməz. Bundan başqa, SOCAR tərəfindən bu
günədək xarici investorlar üçün beynəlxalq kapital bazarlarında
buraxılan $2,25 milyardlıq avrobondlar və həmin avrobondlara
göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz
nümunəsidir. Baxmayaraq ki, daxildə buraxdığımız istiqrazlara şamil
etdiyimiz güzəştləri həmin avrobondlara tətbiq etməmişik. Qısaca
müqayisə aparaq:
SOCAR İstiqraz SOCAR Avrobond
SOCAR hər an geri alma zəmanəti verib SOCAR ancaq tədavül
müddətinin sonunda geri alacaq (10-15 il)
5 il müddətlidir 10-15 il müddətlidir
Bütün növ vergilərdən azaddır Vergi ödənilir
3 aydan bir faiz ödəniləcək 6 aydan bir faiz ödənilir
Emissiya: $100 milyon Emissiya: $2.25 milyard
- SOCAR-ın bu addımı Azərbaycanda o qədər də inkişaf
etməmiş kapital bazarlarının güclənməsinə dəstək məqsədi daşıyır,
yoxsa istiqrazların satışından əldə olunacaq vəsait SOCAR-ın
yaranmış daxili və xarici borclarının ödənilməsi üçün sərf
olunacaq?
- SOCAR İstiqrazlarının buraxılışının başlıca səbəbi Azərbaycan
Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin
mənfəətlərindən birbaşa pay ala bilməsi, eyni zamanda, yeni
alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv
dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə
yönləndirilməsidir. SOCAR İstiqrazları SOCAR-ın xarici maliyyə
bazarlarında əldə etdiyi təcrübəni Azərbaycan maliyyə bazarına
tətbiq etmək və mövcud maliyyə sistemini daha da möhkəmləndirmək
strategiyasının mühüm tərkib hissəsidir.
Azərbaycanda birja digər dünya ölkələri ilə müqayisədə daha az
inkişaf edib. Adi bir misal, Polşa birjasının böyüklüyü 260 milyard
dollardan çox, Macarıstanda 70 milyard dollar, Türkiyədə isə 250
milyard dollardır. Biz də öz aşağı göstəricimizi mümkün olduğu
qədər inkişaf etdirməliyik. Çünki müasir dövrdə kapital
bazarlarının gəlirliliyi olduqca yüksək səviyyədədir və bu qrafik
getdikcə artır. Məsələn, 2003-cü ildə Səudiyyə Ərəbistanının
kapital bazarlarının böyüklüyü 32 milyard dollara yaxın idi, 10 il
sonra dövlətin neft və kommunikasiya şirkətlərinin də birjada aktiv
rol oynamağa başlaması nəticəsində həmin göstərici 2013-cü ildə 500
milyard dollara yaxınlaşdı. Niyə biz prosesdən kənar qalmalıyıq?!
Azərbaycanda kapital bazarı zəif inkişaf etdiyinə görə, indiyədək
insanların gəlirlərini artırmaq üçün seçim yolları çox olmayıb.
Belə ki, ya vəsaitlərini banklara qoyaraq, faiz götürüblər, ya da
biznes fəaliyyəti ilə məşğul olmağa çalışıblar. Hər kəs pulunu
banka qoymadığı kimi, biznes fəaliyyəti ilə məşğul olub, gəlir əldə
etməyi də hər kəs bacarmır, ya da bizneslə məşğul olmağa zamanları
yoxdur. Odur ki, kapital bazarının inkişaf etdirilməsi üçün
vətəndaşlara yeni alternativ investisiya imkanlarının təqdim
olunması və müxtəlif maliyyə alətlərindən istifadə etmək hazırda
olduqca mühümdür. Bu səbəbdən biz də davamlı olaraq
vətəndaşlarımıza etibarlı və gəlirli yeni investisiya imkanları
təklif etməyi planlaşdırırıq, hansı ki, SOCAR İstiqrazları bu
baxımdan bizim birinci məhsulumuzdur. Möhtərəm Prezidentimizin
2011-ci il 16 may tarixli Sərəncamına əsasən, "2011-2020-ci illərdə
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı"
Dövlət Proqramı təsdiq edilib. Bu sərəncam birbaşa ölkəmizdəki
maliyyə bazarlarının inkişafı ilə əlaqədardır. Həmin Dövlət
Proqramına istinadən, biz də ilk addım olaraq bu ilin 20 sentyabr
tarixində SOCAR İstiqrazlarını satışa çıxardıq. Gələcəkdə digər
istiqraz və alternativ investisiya alətlərini investorlarımıza
təqdim etməyi planlaşdırırıq.
Biz xaricə faiz verib, əcnəbilərə gəlir qazandırmaqdansa, öz ölkə
vətəndaşlarımıza gəlir qazandırmaq istəyirik. Buradan əldə olunacaq
vəsaitin bir qismi xaricə buraxdığımız avrobondların geri
alınmasına sərf olunacaq. Niyə biz əbəs yerə xaricilərə faiz
verib-gəlir qazandıraq. Həmin ödənişlər bizim üçün əlavə yükdür və
biz istəyirik ki, ilk növbədə öz vətəndaşlarımıza qazandıraq.
Verdiyimiz 5%-in də minimum 2-3%-i ölkə iqtisadiyyatında qalacaq.
Yəni, bütün tərəflər bundan qazanır. Bu səbəblə bizim devizimiz də
"Siz qazanın – Ölkəmiz qazansın"dır.
- Son vaxtlar mediada tez-tez SOCAR-ın yüksək kreditlərinin olduğu
və eyni zamanda, daxildə yaranmış kreditlərini ödəyə bilmədiyi
gündəmə gəlməkdədir. SOCAR-ın müvafiq maliyyə vəziyyəti haqqında
məlumat verərdiniz. SOCAR vəsait cəlb etməkdə hər hansı bir
çətinlik çəkirmi?
- SOCAR vəsait cəlb etməkdə heç bir çətinlik çəkmir. Hətta SOCAR 5
illik kreditlərini 2 - 3% ilə cəlb edə bilir, baxmayaraq ki, biz
daxilə istiqrazları 5% ilə satırıq. Şirkətimiz 40 milyard manatlıq
aktivləri, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard
manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə
müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı
icraçısı mövqeyindədir. Digər tərəfdən, investisiyalarının icrası
ilə bağlı kredit cəlb etmək praktikası bütün dünyada geniş yayılıb,
dünyanın nəhəng şirkətləri uyğun faizlə kredit almağa üstünlük
verirlər. SOCAR bu baxımdan layihələrinin həyata keçirilməsi üçün
dünyada və tarixdə kredit götürən birinci şirkət olmadığı kimi, heç
vaxt sonuncu şirkət də olmayacaq. İndiyədək SOCAR-ın ödəmədiyi və
ya gecikdirdiyi tək bir krediti də yoxdur. Bütün bu kreditlər bir
neçə il ərzində ölkəmizə yüksək gəlirlər gətirəcək olan layihələrin
icrasına xidmət edir. Adi bir məntiqi nümunə söyləyək: Tutaq ki,
SOCAR-ın əlində 100 dollar pulu var. SOCAR bu pul ilə gedib bir
layihə həyata keçirmək əvəzinə, 20%-ni özü qoymaqla, 80%-ni də
banklardan cəlb edərək 5 layihə həyata keçirə bilər. Bu zaman həm
risklərini banklarla bölüşmüş olar, həm də sonda 5 layihənin
sahibinə çevrilər. Belə olan halda, risk məsələsində SOCAR daha
əlverişli mövqedə olacaq, çünki onun daşıdığı risk cəmi 20%,
bankların riski isə 80% təşkil edəcək. Həm də banklarla ortaq
olmağın özü də müsbət haldır, çünki onlar da başdan-sona
layihələrin qüsursuz icrası üçün gedişata daim nəzarət edəcəklər.
SOCAR, Türkiyədəki aktivi olan "SOCAR Türkiyə" şirkətinin 13%-ni
1,3 milyard dollara "Goldman Sachs və JP Morgan" investisiya
bankına satarkən, həmin bankın nümayəndələri SOCAR-ın bütün maliyyə
vəziyyətini, kreditlərini, öhdəliklərini, imzaladağı müqavilələri,
icra etməkdə olduğu layihələri nəzərdən keçirərək həmin hissələri
aldılar, bunu Rövnəq Abdullayevin sözünə və ya hansısa şəxsi
münasibətə görə etmədilər. SOCAR-ın bu gün borcu 6 milyard
dollardan artıq deyil, bu da belə böyük layihələr həyata keçirən
bir şirkət üçün normal bir məbləğdir. Bu məbləğ "SOCAR Türkiyə"nin
qiymətləndirilmiş dəyərinin heç 60%-i etmir. Digər tərəfdən,
Türkiyədəki 300 milyon dollar investisiya dəyəri olan Petkim
limanının tikintisi üçün Petkim 65 milyon dollar vəsait qoydu, geri
qalan məbləğ isə banklardan kredit olaraq cəlb edildi. Daha sonra
həmin limanın 30%-i "Goldman Sachs" investisiya bankına 300 milyon
dollar qarşılığında satıldı və bu qədər sərfəli şəkildə qoyulmuş
bütün xərc çıxarıldı. Qeyd etmək istərdim ki, Petkim limanının
dəyəri təxminən 1 milyard dollar olaraq qiymətləndirilir. Hazırda
SOCAR-ın 100 dollarlıq avrobondlarının London birjasındakı qiyməti
102 - 107 dollar arasında dəyişir. Bu səbəbdən mən artıq bu borc
məsələsinin gündəmdən çıxarılmasını istəyirəm, çünki bu söhbətlərin
heç bir əsaslı, şişirdiləcək mənası yoxdur.
- Son zamanlar gündəmə gələn məsələlərdən biri də SOCAR- ın
yaxın gələcəkdə özəlləşdirilməsi məsələsidir. Belə bir addım
atılacağı planlaşdırılırmı? Bu haqda ətraflı məlumat
verərdiniz.
- Belə bir məsələ gündəmdə deyil. Cənab Prezident də Davosda bu
məsələyə aydınlıq gətirərək, "Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti"nin özəlləşdirilməyəcəyini bəyan edib. SOCAR Azərbaycan
dövlətinin 100% səhmlərinə sahib olduğu bir şirkətdir və SOCAR-ın
xüsusi dövlət imtiyazları vardır. SOCAR Azərbaycan iqtisadiyyatının
onurğa sütununu təşkil edir və ölkəmiz üçün olduqca strateji
əhəmiyyətə malikdir. Ancaq bildiyiniz kimi, SOCAR-ın 36 birgə
müəssisəsi, 18 əməliyyat şirkəti, holdinq və çox sayda digər
müəssisələri mövcuddur. SOCAR bu şirkətlərinin səhmlərini fond
birjasında satışa çıxara bilər. Çünki vətəndaşlarımızın kapital
bazarlarına birbaşa çıxışı olmalıdır və bu hal ümumilikdə
ölkədaxili kapital bazarlarının inkişafına xidmət edən bir
təmayüldür. SOCAR beynəlxalq bir şirkət olaraq, daxili və xarici
maliyyə bazarlarının əhəmiyyətini yüksək qiymətləndirir və
vətəndaşlarımızı da bu prosesə təşviq etmək niyyətindədir. Bunun
üçün biz müvafiq bir şirkət də qurmuşuq, davamlı bazar
araşdırmaları aparırıq və qlobal təcrübə və tendensiyaları yaxından
izləyirik. SOCAR-ın alt şirkətləri vasitəsilə "Tekfen", "Saipem"
kimi bir çox şirkətlə ortaqlıqları mövcuddur, ancaq bizim hazırda
başlıca məqsədimiz alt şirkətlərimizin səhmlərinin birjada
satılmasını təmin etməkdir, çünki bu proses həm vətəndaşlarımıza,
həm daxili kapital bazarlarının inkişafına, həm də SOCAR-a olduqca
faydalıdır. Həmin səhmlərin gələcəkdəki satışı prosesinə başda
yerli investorlarımız olmaqla, xarici investorlarımızı da cəlb
etmək istəyirik.
Tarix
2016.10.03 / 12:20
|
Müəllif
0
|