Yuxarı

Aşiq Səbuhi: “Üsyan”dan sonra “Toy eləyək” - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin ki, Türkiyə və Azərbaycanda məşhur olan "Üsyan" mahnısını hər kəs xatırlayır. Tanınmış müğənnilərin ifasında səslənən bu mahnıya simli alət ifaçıları da müraciət etdilər. Lakin onların çox az qismi sevildi. Ancaq "Üsyan"ın ifasını Aşıq Səbuhinin sazla müşayiətində ayrı bir üsyan oldu. Bu yaxınlarda isə onun daha bir yeni uğura imza atdığını eşitdik. Odur ki, bu yeni xəbəri Axar.az-ın oxucuları ilə bölüşməyə qərar verdim.

- Səbuhi bəy, yeni "Toy eyləyək" mahnınız işıq üzü görüb. Dinlədim və çox bəyəndim. Əslində, adı toyla bağlı olsa da, özü sevgidən bəhs edir.

- Təşəkkür edirəm. Elə sevginin təməli ailədir. Bu mahnı da sevənlər üçündür. Şən əhval-ruhiyyəyə köklənən bir mahnıdır. Yəni, əsl toy üçündür.

- Şən əhval-ruhiyyə demişkən, lirik mahnı janrına da toxunursunuz hərdən. Misal üçün, məşhur "Üsyan"...

- Hə, "Üsyan" gözəl olduğu qədər də qəliz mahnıdır. Musiqisi Halil Sezaiyə, aranjimanı isə Nail Yusifova məxsus bu mahnı mənim ifamda həqiqətən də çox bəyənildi.

- Bu gün Azərbaycanda kifayət qədər tanınan aşıqlar çoxdur. Səbuhi bəy, Azərbaycanda aşıq yaradıcılığında kimi birinci görürsünüz?

- Aynur xanım, suala görə sizə dərin təşəkkürümü bildirirəm. Axar.az saytı hər bir zaman mənim yaradıcılığımla yaxından maraqlanıb, sizə və kollektivinizə işlərinizdə uğurlar arzulayıram. Mən Azərbaycan aşıq yaradıcılığında ustad Aşıq Kamandarı özümə ideal və müəllim seçmişəm. O şəxs mənim üçün aşıq yaradıcılığında birincidir.

- Müasir sənət incilərinin tükəndiyi bir məqamda aşıqların aşıq sənətinə bayağı yanaşması düzgündürmü?

- Qətiyyən bu fikirlə razı deyiləm. Zaman inkişaf edir və hər bir sahə inkişaf etdikcə öz intibah dövrünü yaşayır. Məncə, aşıq yaradıcılığının da inkişafı təqdirə layiqdir. Amma təəssüflər olsun ki, hər bir sahədə olduğu kimi, bizim sənətdə də bayağı ifalar var. Biz onların düzəlişi üçün əlimizdən gələni edirik. Bir məsələ də var ki, bu bayağılığın yaranmasında əsas səbəb cəmiyyətimizdə bir təbəqə insanın tələb və istəkləridir. Efiri açırsan və elə səviyyəsiz insan və ifalar görürsən ki, sadəcə olaraq həmin an kanalı digəri ilə əvəz etməkdən başqa əlindən bir şey gəlmir. Amma diqqətli olsaq, görəcəyik ki, o ifaçıların tamaşaçıları da elə özləri kimi zövqsüzdür. Mən belə durumun qəti şəkildə əleyhinəyəm. Bizim kifayət qədər səviyyəli və savadlı ifaçılarımız var. Allah bu ağır və çətin yolda onlara yar olsun. Çünki bu sənət bizim gənc aşıqların sayəsində yaşayır və nəsildən-nəslə ötürülür. Bu danılmaz bir faktdır və biz bu həqiqəti istəsək belə, inkar edə bilmərik.

- Sənət qazanc üçündür, yoxsa burada əsas yaradıcılıq nəzərdə tutulur?

- Əslində, yaxşı sənət hər bir zaman sənətçiyə maddi qazanc gətirib. Çünki həmin sənətçi sənəti üçün can yandırıb. Bir daha qeyd edirəm ki, hər bir sahədə belədir; əgər sənətini sevərək təqdim edirsənsə, o zaman sənət də səni yaşadacaq. Amma təəssüflər olsun ki, bu gün sənətə ancaq maddiyyat əldə etmək üçün yiyələnmək istəyənlər də az deyil. Çox pis haldır ki, bu gün saz sənətinə yiyələnmək istəyən gənclərin çoxunun düşüncəsi məhz belədir. Təbii ki, hamı eyni deyil və sənətin dərinliyini mənimsəmək istəyən qabiliyyətli gənclərimiz də var. Valideynlərin də bu vəziyyətin günahı çoxdur. Əgər valideyn övladını saz məktəbinə yazdıranda: "Ay bala, sazı pula görə yox, sənətə görə öyrən" desə, o zaman nəticə də mükəmməl olar.

- Sənətinizdə nə kimi yeniliklər var?

- Sənətimdə çox yeniliklər var; bu yaxınlarda "Üsyan" adlı musiqimə çəkilən klipi tamaşaçıların ixtiyarına verdim. Məni sevənlərin qarşısına tam yeni janrda olan bir ifa ilə çıxdım və şükürlər olsun rəbbimə, çox gözəl qarşılandı. Eyni zamanda, yeni "Toy eyləyək" adlı mahnımı təqdim etdim. Hamı məni instrumental saz ifaçısı kimi tanıyır, lakin bu dəfə pərəstişkarlarım müğənniliyimin də şahidi oldu. Aşıq havalarını el məclislərində oxuyurdum, amma bu dəfə bəstəkar mahnısını sınaqdan keçirdim. Qeyd edim ki, təqdim etdiyim mahnının musiqisi özümə, sözləri gənc şair Fuad Əhmədə, aranjimanı isə "Sevən ürəklər" qrupunun solisti Nail Yusifova məxsusdur. Hal-hazırda albom üzərində çalışıram.

- Sənətlə neçə ildir məşğulsunuz?

- Uşaqlıqdan bu sənətdəyəm və 21 il desəm, yanılmaram. Ustad məktəbini bitirdikdən sonra, artıq professional səhnəyə çıxdım. Allahın izni ilə də sənətimi davam etdirirəm. Müəllimim Gədəbəy aşıq məktəbinin tanınmış aşıqlarından sayılan ustad Aşıq Zirəddin Hüseynov olub. Yəni mənim saz məktəbim qərb aşıq saz məktəbi hesab edilir.

- Sizin fikrinizcə, əhval-ruhiyyədən asılı olmayaraq, istənilən vaxt gözəl saz havası ifa etmək olarmı?

- Bəli, təbii ki, olar. Niyə də yox? Günü bu gün mən sazda öz aşıq havalarımızla yanaşı bəstəkar mahnıları, öz bəstələdiyim musiqiləri də ifa edirəm. Və bu ifalarım həyatımın kədərli və ya sevincli anlarında baş verə bilər. Və əbəs yerə mahnılarım dünyanın tanınmış radiolarında radio-hit paradlarında ilk yerləri tutmur. Bu mənim və Azərbaycan aşıq yaradıcılığının uğurudur. Azərbaycanda sazı ilk dəfə müasir tərzdə sintez edən məhz mən olmuşam və bununla da fəxr edirəm.

- Bu gün Azərbaycanda aşıq sənəti üçün xüsusi məktəb varmı?

- Bəli var. Əyalətlərdə və paytaxtımızda belə məktəblər çoxdur. Elə mənim özüm də Sumqayıt şəhərində "Dastan" adlı saz məktəbi yaratdım ki, tələbələrim olsun, saz alətinin sehrinə onlar da yiyələnə bilsinlər. Sumqayıt şəhərində saz-söz həvəskarları yetərincədir. Mənim məktəbimdə təhsil alan bu cür gənclər çoxdur. Tələbələrimlə fərdi şəkildə şəxsən məşğul olurdum, lakin sonradan qərara gəldim ki, rəsmi şəkildə bir məktəb yaradım. İnşallah, yaxın zamanlarda tələbələrimlə birgə yeni layihələrimi izləyə biləcəksiniz.

Tarix
2014.11.21 / 08:00
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla