Yuxarı

“Nəvəm müharibədə öləndə sevindim”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan taleyi – layihə

Əvvəlcə elə bildim, kişi səsidir. Çevrilib baxdım: yox, bizim tərəflərin dediyi kimi, nənəm-nehrə bir arvad idi. Yolun əks tərəfinə keçmək istəyirdi, arda-arda düzülmüş maşınlar acıq verirmiş kimi onun bərabərinə çatdıqda sürətini bir az da artırır, arvad məcbur olub irəli atdığı addımını geri qaytarırdı. Gözləri mənə sataşdı, ona fikir verdiyimi görüb dedi:

- Başlarına daş düşmüşlər, Parisə döndərdilər bu xaraba qalmış yolu...

Xoşum gəldi qarıdan. Yaşının çox olmasına rəğmən sifəti heç o qədər də qırış deyildi. Əlbəttə, qarının kal, köhnəlmiş səsindən xoşum gəldi deməyəcəm. Səs batıq idi və çox güman ki, illərin boğaz tellərinə təsiri vardı. Heç bayaq bu "xaraba qalmış yolu" Paris küçəsinə bənzətməzdən öncə ucadan dediyi söyüş də qadına yaraşan ifadə deyildi. Bununla belə, onun yaşı imkan verirdi ki, bu söyüşü eşidənlər qadının haqqında pis fikrə düşməsin.

"Kömək etmək gərəkdir", - ağlımdan keçirdim və səslədim:

- Ay arvad, qalacaqsan maşının altında, bir tavaxıl elə...

Bilərəkdən qocaların çox işlətdiyi sözü dedim və ərk etdim, yaxın gəldim.

"Gəlib səni doxdurxanaya aparacam"

Qarı çox kökdür, qarnı dizlərindən qabağa çıxıb, qalın jaketinin altından döşlərinin az qala göbəyinə qədər yayxanması da hiss olunur.

- Gözlə, - deyirəm.

- Gözləyirəm.

Qadının əlindən tutub yolun əks tərəfinə keçirirəm.

- Görüm, qada-bala görməyəsən səni.... – Bu onun təşəkkürüdür. – Nəvəmi gözləyirəm. Dedi, aptekin yanında gözlə, gəlib səni doxdurxanaya aparacam.

Əminəm ki, bu qadın bizim tərəflərin adamıdır. Vaxtı ilə qoca nənələrimin də xəstəxanaya "doxdurxana" demələri yadıma düşdü və qadına rəğbətim artdı.

- Ay, nənə haralısan?

- Əli Bayramlıda qalmışıq, oradanam. Amma əslim Zuatdandır. Cəlilabadın dağlarından, sərhəd tərəfdən..

- Denən, Astarxanbazardanam da... – Söhbətə körpü salıram.

- Hə, o qədim adıdır...

- Mən də dostumu gözləyirəm, - deyirəm və qarını söhbətə tuturam. - Xeyir ola, nə məsələdir, niyə gedirsən həkimə?

- Nəvəmin nəvəsi olub. Gəlin doğuşdan çıxıb, dedim, gedim görüm. Ayıb olar, el tüpürər mənə getməsəm. Uşaq dedi ki, nəvəmi ertə gün (sabah) çıxaracaqlar, evdə görərsən, dedim yox, gərək bolnisədə görəm, mamanın ovcuna pul basam da, başına dönüm.

- Ay, xala narahat olma, o mamaçalar indi pulu ovuclarında almır e, qabaqcadan bazarlıq edib, halalaşırlar.

- Genə də olsun, a bala, bəs nənə payı? El mənə nə deyər? Hamının balasının yanında olmuşam, buna gəlməsəm, yaxşı çıxmazdı.

Suyum qalıb ki

Arvadla söhbətimin daha isti alınması üçün özümü yaxın adam kimi göstərirəm:

- Xala, mən də sənin yerlinəm, suyun şirin gəldi mənə..

- Suyum qalıb ki! - Dayanacaqdakı skamyada yerini rahladı. - Suyum çəkilib, sən xalanın canının sulu vaxtlarını görməmisən. Sənin işin-gücün nədir?

Aha, soruşmalı idi, bizim tərəflərin yaşlı arvadları həmsöhbətinin yeddi arxa dönəninə qədər təftiş etməsə, dincəlməz.

- İşim çoxdur, ay xala, gücüm isə yoxdur, başımı qatıram da, belə, yaşlı adamlarla söhbət edirəm, danışıram. Sonra da yazıram, çörək pulu qazanıram.

"Yazan adama pis baxırlar"

Havanın soyuq olmasına baxmayaraq tərləyib. Əlində tutduğu dəsmalı yaxalığından içəri qoynuna aparır:

- Özünə iş güc tap, dilli-dilavər adama oxşayırsan, söhbət eləməklə yetim-yesirin qarnını doydura bilməzsən. Həm də yazan adama pis baxırlar.

- Yox, ay xala, o pis baxılan yazanlardan deyiləm, kitab yazıram, şeir, məqalə...

- Həəə, onda yaz ay bala...

Yaşını soruşuram. Bir az fikrə gedir və deyir:

- Brejnivin vaxtından qocalıq (təqaüd- F.B) alıram. Hesabla də... 90 olmayıb hələ...

- Neçə uşağın var?

Ağzının kilidi olmayan bir nəvəm var

Uşaqlardan söz düşəm kimi ağır yeriyən qaz sayağı yanbızlarını skamyada qaldırıb endirdi, rahatlandı:

- Başına xeyir, işim gücüm doğmaq olub, dənə. Torpağı sanı yaşayasan, kişi (ərini nəzərdə tutur) özü qayım-qıvraq idi. Gecə növbəsində işləyəndə də qaçıb gəlirdi, uşaqlara baş çəkirdi gedirdi. Buruqda işləyirdi axı.

- Uşaqlara baş çəkmək adıynan uşaqların sayını çoxaldırmış... – Bic-bic gülürəm.

Arvad da ürəkdən gülür:

- Mənim ağzının kilidi olmayan bir nəvəm var, o da sənin kimidir.

- Xala düz de, kişini çox istəyirdin?

- Onun yatdığı torpağa qurban olum, a bala, niyə istəməyim ki... O nöyütdü paltarını da soyunmağa macal tapmırdı; dişim ağrıyırdı, dişini tuturdu, başım ağrıyırdı başını divara vururdu ki, o da ağrını hiss eləsin.

"Kişinin bir arvadı olar"

- Deyirsən, kişin heç yava gəzməyib?

- Əlimi Qurana basaram, o mənə deyirdi ki, kişinin bir arvadı olar, mənim də arvadım sənsən.

- Heç qısqanırdın?

- Heç o da məni qısqanmazdı. Kimə qısqanaydı ki, hamı bir-birini tanıyırdı.

Toyda yad adama demirik ki

- Ay xala, necə oldu ailə qurdun?

- El adətiynən. Elçi gəldilər, bizimkilər də verdi. Sonra da gördüm, bəyəndim. Mən onda sənət məktəbində oxuyurdum. Görəndə, bildim ki, bunu çox görmüşəm, gəlib gedirmiş məktəb tərəfə. Evləndik, hələ bir az da işlədim. Sonra başım qarışdı hər il uşaq doğmağa.

- Neçə övladın var?

- 13 öz uşağım var. 9 oğlandır. Nəvə, nəticə, kötücə - bir toyxanadır. Toyda yad adama demirik ki! Özümüzkülər bəs edir.

- Kişi ilə birinci dəfə harada görüşdün?

- Elə buruqların arasında söhbət edirdik. Camaatın yanında. Day o məni ötürsün, gecələr harasa gedək, olmazdı. Bura Əlibayramlı idi. Hər gün dava, bir adam ölürdü.

Mənə gözü düşənləri döyürmüş...

- Ay xala, heç olubmu ki, ərindən qabaq səni istəyələr, başqası ilə him-cim edəsən?

- Yox, olmayıb him-cim. Amma hamı deyirdi ki, Əşrəfin qızına, yəni mənə, filankəs elçi düşmək istəyir. Xoşuma gəlirdi bu sözlər. Gedələrə də baxırdım. Xoşuma gələnləri də olurdu. Gözləyirdim ki, bu gün-sabah elçi gələcək. Sonra uzaq olurdular. Demə, bu torpağına qurban olduğum basıb döyürmüş onları. Mən hələ məktəbdə oxuyan vaxtdan gözü tutubmuş məni. Bu da əsgərlikdən gəlmişdi. Davadan sonrakı illər idi. Böyük gedəm 47 də doğuldu. 46-da evlənmişdik. Mənim yaşım düşürdü də ərə getməyə.

Sözü fırlayıram:

- Xala sevgindən danış.

- Biz bilməzdik sevgi nədir. Biz bir-birimizdən sarı ölərdik. Ərimin dostları çox idi. Erməni qızlarını, rus qızlarını heç bəyənmirdi.

"Nəvəm müharibədə öləndə sevindim"

Axır ki, xalanın adını soruşmaq yadıma düşür. "Ağaxanımdır" - deyir.

- Ağaxanım xala, düz de, bu həyatda səni ən çox nə sevindirib?

- Çox şey sevindirib. İnanmazsan, nəvəm müharibədə öləndə də ağlaya-ağlaya sevindim. Allah məni öldürsün, gör nə deyirəm e... Amma nəvəm narkoman kimi iynədən ölmədi, avariyadan ölmədi, davada, düşmənlə üz-üzə öldü, dedim.

Qadın kövrəldi.

- Tifilimin adını, ondan sonra neçə uşaq oldusa, qoymadılar. İndi nəvəmə demişəm ki, qızına desin, bəlkə əmisi uşağının adını qoydura bildi balacaya.

Ağaxanım xalanın kök sifətinə, yorğun və qalın kişi səsinə kədər və xırıltılı əlavə olunur. Könlünü alıram.

Ərinin baxışlarından az qala adam uşağa qala

- Ərim məni gəzdirirdi, kurortlara aparırdı. Əynim başım, pal-paltarım oraların dəbi ilə düz gəlmirdi, fikirləşirdim ki, kişi sıxılar. Bir-iki dəfə elə bilmişdilər qaraçıyam. Amma rəhmətlik kişi zəhmli, zabitəli adam idi. Erməni qızı vardı Soçidə, sanatoriyada tibb bacısı idi, deyirdi ki, sənin ərinin baxışları elədir ki, az qala, adam o baxışlardan uşağa qala.

- Sənin də acığın tuturdu.

- Yox, niyə acığım tutur, sevinirdim. Orda bir qadın vardı, həkim idi, Maşa adında. Soruşdu neçə uşağın var, dedim 10. Onda 10 uşağım vardı. Dedi, belə kişi ilə 10 uşaq azdır, mən bir o qədər də doğardım. - Sonra bir qədər də fikrə getdi. - Kaş Allah birinci məni öldürəydi. Onda kişinin sözündən çıxmazdılar, yazıq nəvəmin adını hansısa uşağa qoyardılar.

- Ay nənə, sənə demişdim axı, o tərəfdə, aptekin yanında dur, yaxşı ki, ağlıma gəldi, bura keçdim. – Nəvəsi idi, yolun əks tərəfindən onu haylayırdı...

- Allah səni saxlasın, başımı söhbətə qatdın, uşaq soyuqda məni gəzirmiş..

Nənənin uşağının 55-60 yaşı olardı...

Tarix
2014.12.17 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla