Ana səhifə Planet |
"Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması ilk növbədə kəskin islahatları müvəffəqiyyətlə həyata keçirmək bacarığı olan gürcü eks-prezidentin strateji əhəmiyyətə malik bölgədə rəsmi Kiyevin nüfuzunu qaldırmaq və eləcə də təsdiq etmək məqsədi daşıyır".
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu söyləyib.
Onun sözlərinə görə, Saakaşvili Odessada uğur qazansa, Moskva məğlub olacaq:
"Təbii ki, Rusiyanın Saakaşviliyə münasibəti və eləcə də, sonuncunun rəsmi Moskvaya olan yanaşması nəzərə alınarsa, burada həm də Rusiyaya bir gözdağı vermənin şahidi ola bilərik. Hətta bunu belə də qəbul etmək olar: Poroşenko Saakaşviliyə 2008-ci il avqustunda baş vermiş məşhur "5 günlük müharibə"nin əvəzini çıxması üçün şans verir. Odessa kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir. Odessa Qara dənizə çıxışı olan liman şəhəridir. Eyni zamanda Moskva üçün Ukraynanın mərkəzinə doğru irəliləmək üçün münbit bir plastdarmdır. Bu səbəbdən onun nəzərədə tutduğu tədbirləri asanlıqla həyata keçirəcəyini güman etmək sadəlövhlük olardı. Həmin bölgənin əhalisi olan ruslarda separatizm meyli güclüdür və müxtəlif yollarla bu idarəçiliyə mane olacaqlar. Moskva da bunun belə olması üçün əlindən gələni edəcək. Ən azı o səbəbə görə ki, Saakaşvilinin Odessada uğur qazanması Kremlin məğlubiyyətidir və bu məğlubiyyətlə Moskva separatizmin Ukraynanın mərkəzinə doğru irəliləməsini təmin edə bilməyəcək. Əslində, Saakaşvili kimi prinsipial və qatı Rusiya əleyhdarı olan birinin belə bir vəzifəyə gətirilməsinin bir başlıca səbəbi də elə budur".
Tarix
2015.06.02 / 09:09
|
Müəllif
Ülkər Cəfərova
|