Yeni formalaşan koalisiya
dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən qaçma
meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin
formalaşmasına təkan verəcək.
Bu sözləri Axar.az-a açıqlamasında 34 müsəlman ölkəsinin terrora
qarşı birləşməsini şərh edən politoloq Qabil Hüseynli deyib. Sabiq
dövlət müşavirinə görə, anti-Rusiya meyilləri Qərbdən ərəb
ölkələrinə, oradan bütün müsəlman dünyasına sıçrayıb:
"Səudiyyə Ərəbistanı dəfələrlə Rusiyaya bu və ya digər formada
xəbərdarlıq edib. Hətta buna görə Rusiya və İranı təhdid edir,
Bəşər Əsədin zorla və ya xoşluqla hakimiyyətdən gedəcəyini vəd
edir. Son dövrlər İŞİD və Əsədə qarşı ən kəskin prinsipial mövqedə
dayanan ölkə məhz Səudiyyə Ərəbistanıdır. Ər-Riyad bu yolda bütün
vasitələrə əl atır. Özü də bunu Rusiyanın hərəkətləri fonunda edir.
Məsələn, neftin qiymətinin aşağı düşməsi bunun bariz nümunəsidir.
Üstəlik, yeni koalisiya Rusiya və İranla ölüm-dirim savaşına
çıxacaq. Bunu bilən İran isə Suriyadan öz xüsusi təyinatlılarını
geri çəkərək yalnız qurudan dəstəyini saxlayır. Rusiya indi
meydanda tək qalıb. ABŞ-ın başçılığı altında 45 ölkədən ibarət
koalisiyada olan bəzi dövlətlər yeni birlikdə də yer alır. Səudiyyə
və ABŞ Rusiya, Suriya və terror məsələlərində ortaq xətt
yürüdürlər. Son günlər çox maraqlı, bütün dünyanın simasına təsir
edəcək geosiyasi proseslər baş verir".
Politoloq qeyd edib ki, ən mühüm hadisə anti-terror
koalisiyalarının Rusiyadan kənar formalaşdırılmasıdır:
"Neftin qiymətinə edilən təzyiqlər daha çox Rusiyanı vurur.
Müsəlman dünyasında İran, xristian dünyasında isə Rusiya təklənib.
Ancaq Rusiyadan fərqli olaraq İran körpüləri axıra qədər yandırmaq
istəmir. Rusiya isə inad göstərməklə qalmır, siyasəti "dalan
əxlaqı" ilə idarə etməkdə davam edir. Bu, Moskva üçün xoş
nəticələrlə bitməyəcək. Bundan sonrakı hadisələr çox sürətlə
inkişaf edəcək.Yeni koalisiyada əsas qüvvələr- Suriya, Qətər,
İordaniya olacaq. İraqı da bura daxil etmək olar. Qərb
koalisiyasında ABŞ bundan sonra daha qərarlı mövqe tutacaq. Avropa
Birliyinin əksər ölkələri bu dəfə sadəcə mənəvi, siyasi deyil,
hərbi dəstək də verəcəklər. Beləliklə, Suriya ətrafında həlqə
daralır. Bunu həm də Rusiya ilə bağlı söyləmək olar. Bir sözlə, bu
koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən
qaçma meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin
formalaşmasına təkan verəcək".
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34
müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb.