Mərkəzi Bank bank kartlarının alınmasına qoyulan məhdudiyyətlə bağlı açıqlama verib, dəqiq statistika göstərib. “Məlum olub” ki, bank kartı avqust ayında iyul ayına nisbətən 189 min ədəd artıb və 22 milyon 974 minə qalxıb. Halbuki iyul ayında bank kartı 29 min ədəd azalmışdı.
Yəni “kartdan karta” əməliyyatlarına günlük 5 dəfəlik limit tətbiq ediləndən sonra insanlar kütləvi şəkildə yeni bank kartları almağa başlayıb.
Məgər bu, 1 avqustda “kartdan karta” qadağası tətbiq ediləndə “məlum” deyildi? Hələ o zaman iqtisadiyyatın “i”sindən xəbəri olmayan mənim kimi kəmsavadlar yazmışdı ki, “kartdan karta” məhdudiyyəti çıxış yolu deyil: insanlar bir və ya bir neçə bankdan kartlar alacaq və hər kart üzrə “5 dəfəlik limit”dən istifadə edəcək.
Adi insanların həyat təcrübəsi ilə dediyi bu həqiqət rəsmilərə bir aydan sonra, üzərimizdə həyata keçirdikləri növbəti eksperimentin nəticəsində “məlum oldu”.
Mərkəzi Bank bu gün daha bir statistika açıqlayıb və bu statistika adamı həddən artıq narahat edir: məlum olur ki, avqust ayında nağdsız əməliyyatların ümumi məbləği iyul ayı ilə müqayisədə azalaraq, 8 milyard 888 milyon manata düşüb. Bu, iyul ayından 824 milyon manat azdır.
İyuldakı 9 milyard 712 milyon da iyunla müqayisədə 190 milyon manat az idi.
Yəni iyulda 190 milyonluq azalmanın “qabağını almaq üçün” “kartdan karta” məhdudiyyəti tətbiq edildi, nəticədə avqustda azalma 4 dəfədən də çox artdı.
Cəmi bir aya hesablamalarının doğru olmadığını görüb, indi də bank kartlarının alınmasına məhdudiyyət tətbiq edirlər...
Bu məhdudiyyət bankların, o cümlədən istifadəçilərin hüquqularını pozmaq deməkdir.
Digər tərəfdən, bu qadağadan başa düşdüyümüz odur ki, bir şəxs bir bankda bir kateqoriyadan (məsələn, “tam kart”) yalnız bir kart ala bilər.
Başqa banklardan kart almağa məhdudiyyət yoxdur ki? Onda bir şəxs niyə bir bankdan ikinci kart alsın ki? 5 bankın hərəsindən 1 kart alsa, “kartdan karta” əməliyyatına bəs eləməz?
Məhdudiyyətləri anlayırıq, hədəf doğrudur – qanunsuz dövriyyə olmasın, vəsaitlər vergidən yayındırılmasın, şəffaflıq olsun və s. Vəsaitlərin şəffaflığı birmənalı şəkildə həm də ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir və mütləq təmin edilməlidir. Ancaq necə, hansı qərarlarla?
İqtisadiyyatın “i”sindən xəbərsiz mənim kimi kəmsavadlar indi də deyirlər ki, bu məhdudiyyət nağd ödənişləri bir az da artıracaq – insanlar kartlarının banklarını “şaxələndirəcək”, vəsaitlərini-maaşlarını nağdlaşdırmağa üstünlük verəcək, nağd alış-verişə qayıdacaqlar; pullarını da mümkün qədər ciblərində nağd saxlayacaqlar ki, bu, həm də bank sisteminə ziyandır, çünki vəsaitlərin kartlarda qalması banklara maddi divident gətirir.
Doğrudanmı iqtisadiyyat üzrə dünyanın nəhəng universitetlərini al-qırmızı diplomla böyrü üstə qoyub, Vətənə dönən uzman-azman-nəhəng-yekə iqtisadçılarımız verdiklərin qərarların nəticələrini əvvəlcədən hesablaya bilmirlər? Yoxsa Azərbaycanı təcrübə dovşanı hesab edilər?
Bilməmək qayət normal bir şeydir: Avropada Avropa iqtisadiyyatı öyrədilir, Avropa iqtisadiyyatı həm də Avropa insanının düşüncə və təfəkkürü üzərində qurulub. Azərbaycanda isə “atam bic idi, kündələri sayırdı, anam bic idi, kündədən kəsirdi” düşüncəsi hakimdir – təəssüf ki, belədir və reallıqdır. Neyləyə bilərik? İnşallah, ümid edək ki, bəzi vəzifəlilər oğurlamaqdan əl çəkəndə və insanların inamını qazananda, sadə azərbaycanlılar da vergidən yayınmağı özlərinə ar bilərlər!
Bu, o deməkdir ki, Azərbaycanda yanaşma fərqli olmalıdır, çünki qoruq-qadağalar tətbiq olunduqca yayınmalar daha da artır.
Qarşısını almaqda çətinlik çəkirsinizsə, dünyaca məşhur iqtisadçılardan məsləhət ala, onları ölkəmizə dəvət edə bilərsiniz. Dünyaca məşhur iqtisadçıların hökumətlər tərəfindən dəvət edilməsi və onlarla birgə layihələr həyata keçirmək məşhur praktikadır.
Yeri gəlmişkən:
Meşədə ora-bura qaçıb, özünü oda-közə vuran dovşandan tülkü soruşur ki, nə haydı, nə olub?
- Meşəyə insanlar gəlib, kimin 3 qulağı var, kəsirlər, - deyir dovşan.
Tülkü də uğunub gedir:
- Daha niyə narahatsan, sənin axı iki qulağın var!
Dövşan qayıdır ki:
- Bu insanlar qulağı kəsəndən sonra sayırlar...