ABŞ Transxəzər ticarət dəhlizinin inkişafı və biznesi üçün imkanların genişləndirilməsi potensialını nəzərdən keçirərək Cənubi Qafqaza diqqətini artırır.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2026) bildirib.
Onun sözlərinə görə, son 14 ay ərzində ABŞ vitse-prezidentinin səfəri, ilk iqtisadi dialoqun keçirilməsi və ardınca gələn təmaslar da daxil olmaqla, ABŞ və Azərbaycan arasındakı münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib:
"Düşünürəm ki, Birləşmiş Ştatların hazırda Cənubi Qafqaz regionuna prioritet diqqət ayırdığı tamamilə aydındır".
E.Karlon, həmçinin ötən gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində TRİPP layihəsinə həsr olunmuş tədbiri, eləcə də ABŞ Prezidenti Donald Trampın çıxışını diqqətə çatdrıb. D.Tramp çıxışında avqust ayında Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı vurğulayıb.
"Bu, ABŞ hökumətinin diqqət mərkəzində olan məsələdir. Çünki biz Cənubi Qafqazın bu Transxəzər ticarət dəhlizindəki potensialını, eləcə də ABŞ biznesi, birgə rifah və bu regiona sülh və yeni imkanlar gətirmək baxımından mövcud potensialı həqiqətən görürük", - E.Karlon vurğulayıb.