Rəsmi Tehran nəhayət ki, Azərbaycanın 14 İran vətəndaşını arzuolunmaz şəxs elan etməsi ilə bağlı qərarına münasibət bildirib. Lakin təəssüf ki, bu reaksiya gözlənilən konstruktiv və diplomatik yanaşmadan daha çox, məsuliyyətdən yayınmaq və baş verənləri təhrif etmək cəhdindən o yana keçməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, sözügedən şəxslərin heç biri diplomat deyil və Azərbaycan ərazisində də olmadıqlarına görə Bakının bu qərarı məntiqsizdir, dostyana addım sayıla bilməz. Bununla yanaşı, Azərbaycanın Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırıldığı və ona rəsmi etirazın bildirildiyi açıqlanıb.
Əslində, rəsmi Tehranın bu mövqeyi bir sıra ciddi suallar doğurur. İlk növbədə, məsələ həmin şəxslərin diplomatik statusunun olub-olmamasında və ya Azərbaycan ərazisində yerləşib-yerləşməməsində deyil. Məsələnin mahiyyəti onların Azərbaycan dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə, konstitusion quruluşuna, dövlət-din münasibətlərinə və siyasi rəhbərliyinə qarşı sistemli şəkildə səsləndirdikləri təhdid xarakterli bəyanatlar, təhqiramiz ifadələr və qanunsuz çağırışlarla bağlıdır. Söhbət heç də təsadüfi şəxslərdən getmir. Aralarında müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, siyasi ekspertlər və media nümayəndələri olan 14 nəfərin fəaliyyətini adi fərdi mövqe və ya sərbəst fikir ifadəsi kimi təqdim etmək reallıqdan uzaqdır. Xüsusilə İran kimi siyasi və ideoloji nəzarətin kifayət qədər sərt olduğu bir ölkədə bu miqyasda və eyni istiqamətli siyasi-dini ritorikanın dövlətin diqqətindən kənarda qalması inandırıcı görünmür.
Belə bir şəraitdə haqlı sual yaranır: Azərbaycanın dövlətçilik əsaslarını, suverenliyini və siyasi idarəçilik sistemini hədəfə alan, dini radikalizmi təşviq edən, hətta hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar səsləndirən şəxslərin fəaliyyəti rəsmi Tehranın siyasi iradəsindən tamamilə kənar ola bilərmi? Əgər İran hakimiyyəti bu şəxslərin mövqeyini bölüşmürsə, onların açıq-aşkar düşmənçilik ritorikasına niyə adekvat münasibət göstərmir? Əksinə, Azərbaycanın qanuni qərarına etiraz etməklə həmin şəxslərə siyasi dəstək görüntüsü yaratmaq hansı diplomatik məntiqə əsaslanır?
Burada daha bir mühüm məqama diqqət yetirmək lazımdır. İranda ölkənin ali dini rəhbərliyinə və ya digər yüksək vəzifəli şəxslərə qarşı ən kiçik tənqidi mövqe sərgiləyən insanların ən sərt təzyiqlərlə, hətta ölmülə belə üzləşə biləcəyi hər kəsə məlumdur. Fikir və ifadə azadlığının bu qədər ciddi məhdudlaşdırıldığı bir siyasi sistemdə Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirən şəxslərə münasibətdə nümayiş etdirilən dözümlülük necə izah oluna bilər?
Deməli, rəsmi Tehran üçün qəbuledilməz olan tənqid öz ölkəsinin rəhbərliyinə yönəldikdə dərhal ən ağır müdaxilə ilə qarşılanır, Azərbaycanı hədəf alan təhqir və təhdidlərə gəldikdə isə bunlar guya fərdi mövqe və ya sərbəst fikir ifadəsi kimi təqdim olunur. Bu, açıq-aşkar ikili standartdır. Daha da önəmlisi, belə yanaşma İranın Azərbaycanla münasibətlərdə bəyan etdiyi dostluq və mehriban qonşuluq prinsiplərinin səmimiliyini ciddi şəkildə şübhə altına alır.
Unudulmamalıdır ki, dövlətlərarası münasibətlərdə dostluq ritorik bəyanatlarla deyil, konkret siyasi davranış və qarşılıqlı hörmətlə ölçülür. Bu, ilk növbədə, tərəflərin bir-birinin suverenliyinə hörmət etməsini, daxili işlərə müdaxilədən çəkinməsini və qarşı tərəfin dövlətçiliyinə, təhlükəsizliyinə yönələn təhdidlərə prinsipial münasibət göstərməsini tələb edir. Azərbaycan öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün heç kimdən icazə almaq məcburiyyətində deyil. Bu, beynəlxalq hüquqla tanınan suveren hüquqdur və rəsmi Tehranın həmin hüququn həyata keçirilməsini dostluğa zidd addım kimi təqdim etməsi qəbuledilməzdir.
Belə olan halda, İran tərəfi özünə kifayət qədər ciddi bir sual verməlidir: Azərbaycanla münasibətlərdə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa nə dərəcədə sadiqdir? Çünki dostluq birtərəfli güzəştlər, səssizlik və qarşı tərəfin narahatlıqlarına etinasızlıq üzərində qurula bilməz. Azərbaycanın dövlət suverenliyi, milli təhlükəsizliyi və siyasi müstəqilliyi isə hər zaman toxunulmazdır. Rəsmi Tehranın bu reallığı nəzərə alması və münasibətlərdə qarşılıqlı hörmət prinsiplərinə əməl etməsi iki ölkə arasında sağlam və konstruktiv dialoqun inkişafına mühüm töhfə verə bilər. Nəticə etibarilə, Azərbaycan-İran münasibətlərinin gələcəyi bəyan edilən dostluq prinsiplərinin konkret siyasi davranışlarda nə dərəcədə əks olunacağından asılıdır...
Elman Babayev