Yuxarı

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Zəfər Günü münasibətilə Yeni Partiyanın sədri Özgür Özəlin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində və Azərbaycan xalqına təbriklərini çatdırmasında qeyri-adi heç nə yoxdur. Özgür Özəl Türkiyədə ana müxalifətin lideri statusunda olsa da, ölkəsinin Azərbaycanla strateji müttəfiqliyin davam etdirilməsində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan qədər maraqlıdır. Bu səbəbdən Özgür Özəlin İlham Əliyevlə telefon danışığı Rəcəb Tayyib Ərdoğanın da maraqlarına cavab verir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Özgür Özəlin İlham Əliyevlə telefon danışığının münasibətlərdəki son böhranla əlaqəsinin olduğunu düşünmürəm. Həmin Özgür Özəl 2024-cü ilin noyabrın 8-də də İlham Əliyevə zəng edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə dövlət başçısını təbrik etmişdi. Özgür Özəl iki il əvvəlki telefon danışığında Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırlatmışdı. Yeni Partiya lideri bundan başqa o zaman sədri olduğu Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini İlham Əliyevin diqqətinə çatdırmışdı. Telefon zənginə və təbriklərə görə Özgür Özələ təşəkkürünü bildirən Prezident İlham Əliyev həmin telefon danışığında qeyd etmişdi ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulamışdı.

Özgür Özəlin hazırda lideri olduğu Yeni Partiya Türkiyə cəmiyyətində kifayət qədər dəstəyə malikdir. İki il sonra Türkiyədə prezident seçkisi keçiriləcək. Yeni Partiyanın dəstəkləyəcəyi namizədin dövlət başçısı seçilməsi ehtimalı az deyil. Bu baxımdan bu partiya ilə qurulan dialoq Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir. Yaxın müddətdə Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının da Azərbaycana səfəri reallaşa bilər. Türkiyədə millətçi partiya, siyasətçi və ekspertlərin Azərbaycanla münasibətlərə əhəmiyyət verməsi iki ölkə arasındakı yaranan böhranların ortadan qaldırılmasında xüsusi rol oynayır”, - o əlavə edib.

Tarix
2026.11.09 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla