Yuxarı

“Nizaminin dövründə nə neft olub, nə də qaz...”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə şair Fəxrəddin Meydanlı ilə həmsöhbət oldum. Onunla yaradıcılığı, ümumilikdə ədəbi proses və digər məsələlər haqda söhbətin oxucularımız üçün də maraqlı olacağını düşünürəm. Vədələşdik və fevral ayının soyuğunu bir çaynik çayın istisi və söhbətimizlə canımızdan çıxartdıq.

Nizaminin dövründə nə neft olub, nə də qaz

-Fəxrəddin müəllim, necədir təbiniz, yazı-pozu yerindədirmi? - deyə ilk olaraq soruşdum.

-Təşəkkürlər, təbim yerində, yazılara da Allah bərəkət versin, olur ara-sıra, - deyə cavab verdi.

Sualıma bir az da konkretlik qatıram:

- Siz SOCAR-da məsul işdəsiniz, neftin qiyməti də düşdü, bunu əhaliyə dəyən zərbəsi aydındır, bəs şairin təbinə necə?

Şairin cavabı sanki çoxdan hazırmış. Əbəs yerə özünə "Meydanlı" təxəllüsünü götürməyib, cavablarından da usta olması bilinir:

- Nizaminin, Füzulinin dövründə nə neft olub, nə də qaz, sosial vəziyyət isə indikindən dəfələrlə, qat-qat aşağı olub, amma günümüzə çatan ölməz əsərlər yaranıb. Maddi maraqdan qaynaqlanan təbin məhsulu elə maddiyyatın özü kimi necə gəlir, elə də gedir.

- Şair kimi özünüzü rahat hiss edirsiniz, yoxsa maliyyəçi, neftçi kimi?

- Mən özümü ilk növbədə insan kimi rahat hiss edirəm, maliyyəçi kimi gördüyüm işdən zövq alır, şair kimi isə könlümün səsini bəyan edirəm-eşidənlər olursa, necə də şadam.

Yazılan yeni şeir də bir nəvədir

Fəxrəddin müəllim cavablarında da elə bil rəqəmlərlə işləyir; konkret, lakonik cavablar verir.

- Nə vaxt daha rahat olursan? Şeir yazanda, yoxsa nəvələrlə oynayanda?

- Nəvə də bir baladır, hər yazılan yeni bir şeir də bir nəvədir. Təbii ki, hərəsinin öz yeri var.

- Nəvənin qoxusu şirindir, yoxsa şeirin havası?

- Nəvənin qoxusu ən gözəl rayihə, şeirin havası isə xoş sabah mehidir!

- Fəxrəddin bəy, son zamanlar ədəbi mühitdə şoulaşma gedir. Bu şouda niyə yoxsunuz?

- Bütövlükdə cəmiyyətdə, o cümlədən də ədəbi mühitdə hər zaman şoulaşma olub. Bütün insanlar bunu hiss eləyə bilməsə belə, bir şeyi bilmək lazımdır ki, şoulaşan bir kəsdən gözəl sənət əsəri gözləmək çox sadəlövhlük olardı. Və təbii ki, mən şou adamı deyiləm, öz şirəsində bişən meyvələr kimi.

- Özünüzü ədəbi tədbirlərdən uzaq tutursunuz, yoxsa işiniz daha çoxdur?

- İşim də çox olur, bir az da özüm uzaq dururam-şoulaşmanı görməmək üçün. Bəzilərinin üzə tərifləyib, qapı dalında baltalamalarını görməmək üçün.

-AYB-də bəzən fikir ayrılıqları yaşanır, sizcə, orada da monopolistlər var?

- İnsan varsa, mütləq fikir ayrılığı da var-harada olmasından asılı olmayaraq.

- Ədəbiyyatımızın halı necədir, adam arasına, ölkələrin ədəbiyyatı sırasına qoymağa yazarlarımız bir şey yazırmı?

- Azərbaycanda ədəbiyyat var, çox ölkələrin ədəbiyyatından da güclü ədəbiyyatımız var. İstər yaşlı nəslə, istər orta nəslə, istərsə də gənc nəslə aid olsun, amma bu ədəbiyyatı oxuyub, sağlam ədəbi tənqidin süzgəcindən keçirib, onu ədəbi ictimaiyyətə təqdim edənimiz yox dərəcəsindədir. Həmişə demişəm, təkrar edirəm ki, ciddi ədəbi tənqidimiz yoxdur-yaxşı ədəbi tənqidçilərimiz varsa belə. Çoxumuz ucdantutma ədəbi təhlillə məşğuluq, az qala, sintaktik, morfoloji və s. təhlillər edirik.

Həmd olsun Uca Tanrının dərgahına

- Sizin ən böyük arzunuz nə olub, gerçəkləşibmi?

- Həmd olsun Uca Tanrının dərgahına, şikayətim yoxdur, hər zaman şükürlüyəm. Mən Allahdan nəsə diləyəndə, həmişə sonda "hansı yaxşıdır, hansı məsləhətdir ondan elə, ya Rəbbim", - deyirəm. O da özü məsləhət bildiklərini edir və məni heç vaxt darda qoymur. Ən ümdə arzularım hər zaman müstəcəb olur, şükürlər!

- Şair olaraq arzunuzu nəzərdə tutdum, nə arzulayırdınız və o arzu necə oldu?

- Şair olaraq bir arzum olub ki, yazdıqlarım oxucuların xoşuna gəlməyə bilər, təki məni xəcalətli eləməsinlər, bundan da razıyam.

- Kimi daha güclü yazar görürsünüz və ya görmüsünüz, ona bənzəmək istəmisinizmi?

- Ad çəkmək istəməzdim, mənim nəzərimdə güclü sayılan birisi, digəri üçün eyni əhəmiyyət kəsb etməyə bilər. Amma güclü yazarlarımız həmişə olub, var, olacaq. Təki biz onları seçib, sevib, təbliğ edə bilək-xəbislikdən, paxıllıqdan, gözügötürməzlikdən uzaq olaq. O ki qaldı kiməsə oxşamaq istəyinə, fikrimcə, biz öndərlərdən, hətta bir-birimizdən öyrənə-öyrənə yaradıb, öyrətməli, amma hər kəs özü olmalıdır.

Maliyyə dərdi çəkməmişəm

- Bəzi gənclər Mirzə Cəlili, Sabiri, Vurğunu və başqa klassikləri tənqid edir, bu tənqidlərdə heç doğru olan yoxdur?

- Əgər Siz deyən "gənclər"ə ortabab məktəb səviyyəsində adlarını çəkdiyiniz və çəkmədiyiniz ədiblərimiz yetərincə təqlid olunsaydı, bu yenilməz sənət fədailərinin Azərbaycan milləti, cəmiyyəti qarşısında etdikləri əvəzsiz xidmətləri anlatsaydılar, onda bu "gənclər"in təxəyyülündə də onların kimliyi yer ala bilərdi. Səməd Vurğun demiş:

Qananlar məclisindən keç ki, feyz al, sözlə-söhbətdən,

Fəqət qanmazlar ağzında, düşər loğman da qiymətdən.

Fəxrəddin Meydanlı demiş:

Adam var ki, nə etsən, bilməz qədrin-qiymətin,

Adam var ki, zərrəyə bildirər öz rəğbətin.

Adam var ki, Fəxrəddin, dindirmə gəl, amandır

Adam var ki, üzünə, baxsan səni qanandı.

- Əgər dünyaya yenidən gəlsəydiniz, yenə də maliyyəçi olub, şair olardınız, yoxsa şair olub maliyyə dərdi çəkərdiniz?

- Deyim ki, maliyyə dərdini çəkməmişəm, heç vaxt da çəkmərəm inşallah. Çünki mən onun aludəçisi olmamışam. Cibimdə bir manatım olsa da, on min manatım olsa da, bu, mənim təfavütümdə görünməz. O ki qaldı şairliyə, əgər hər hansı sənət adamı yaradacağı əsəri onun qarşılığında maliyyə görəcəksə, o mükəmməl əsər yarada bilməz. Sənət əsərini dəyərli edən, onun pulla ifadəsini-ekvivalentini müəyyən etməkdə çətinlik çəkilməsindədir. O ki qaldı dünyaya təzədən gəlməyimə.Bildiyimiz kimi, şairlik istəklə olmur, Allahın verdiyi istedaddır şairlik. Əbəs yerə deməyiblər ki, şairlər Allah məqamında peyğəmbərlərdən sonra gələn sıranı tuturlar. Bu baxımdan Allah onda da məni istedadla mükafatlandırsaydı, təbii ki, şair olardım- bunu istəməsəm belə. Həyata gəldikdə isə maliyyəçi, mühəndis, müəllim, həkim..., hansı sahədə təhsil alsaydım, çalışardım, o sahəni də indiki kimi mükəmməl öyrənib, "mənim işimi məndən çox bilən olsa, onda mən mütəxəssis deyiləm" - şüarıma sadiq qalardım.

Tarix
2016.02.07 / 10:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla