Ana səhifə İqtisadiyyat |
Bu gün Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
muxtar respublikada iqtisadiyyatın inkişafı ilə bağlı prioritetləri
açıqlayıb.
APA-nın məlumatına
görə, V. Talıbov deyib ki, Naxçıvan İqtisadiyat Nazirliyi yerli
xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə
imkan verən istehsal müəssisələrinin yaradılmasını davam etdirməli,
daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara
çıxış imkanları da araşdırılmalıdır.
V. Talıbov bildirib ki, istehlak qiymətlərinə nəzarət mexanizmi
gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına
qarşı tədbirlər davam etdirilməlidir. Daxili bazarda yerli
istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət
mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması
məsələlərinə də diqqət artırılmalıdır. Dövlət Gömrük Komitəsi
tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət
gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya
gətirilməsinin qarşısı alınmalıdır. V. Talıbov qeyd edib ki, muxtar
respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilməli,
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bununla bağlı
konkret tədbirlər planına malik olmalıdır. Eyni zamanda istər bank
və kredit təşkilatları, istərsə də Sahibkarlığa Kömək Fondunun
xətti ilə kreditlər verilərkən ehtiyac meyarları düzgün
qiymətləndirilməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalı,
vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət
gücləndirilməlidir. Ali Məclisin sədri inflyasiya əleyhinə
tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasının
vacibliyini vurğulayıb. Bunun təsirli vasitələrindən biri də
dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasıdır. Alıcı
təşkilatlar, eləcə də sahibkarlıq subyektləri nağdsız əməliyyatlara
üstünlük verməlidirlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsi Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işi
gücləndirməli, fəaliyyətə başlayan hər bir sahibkarlıq subyekti
üçün bank hesablarının aktiv olmasına diqqəti artırmalıdır. Bundan
əlavə alğı-satqı əməliyyatlarında POS-terminallardan istifadə ilə
bağlı tədbirlər gücləndirilməlidir. Yerli icra hakimiyyəti
orqanları yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin
yaradılması məqsədilə sahibkarları yeni layihələrin icrasına cəlb
etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar:
"Dövlət büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu
xüsusat nəzərə alınaraq hər bir sahibkar milli mənafeni, xalqa,
vətənə xidmət amalını diqqətdə saxlamalı, öhdəliklərini layiqincə
yerinə yetirməlidir".
V. Talıbov bildirib ki, əksər kənd təsərrüfatı və ərzaq
məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi
təmin edilməli, ilk növbədə əkinəyararlı torpaq sahələrindən
istifadəyə diqqət artırılmalıdır. Əkilməyən boş torpaq sahələrinin
əkin dövriyyəsinə cəlb olunması təmin edilməlidir. Mövsüm ərzində
tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlar
tərəfindən alınması nəzarətdə olmalı, məhsul istehsalçıları ilə
səmərəli əməkdaşlıq qurulmalıdır. Bu tədbirin təşkilinə
İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları
bilavasitə məsuliyyət daşıdıqlarını yadda saxlamalıdırlar: "Muxtar
respublikanın aqrar sektorunda məhsul istehsalı əsasən kiçik
təsərrüfatlar tərəfindən həyata keçirilir. Lakin məhsuldarlığın
artırılması və istehsal xərclərinin azaldılması üçün iri
təsərrüfatların yaradılmasına da ehtiyac var. Belə təsərrüfatlarda
son texnoloji nailiyyətlərə əsaslanan heyvandarlıq və quşçuluq
komplekslərinin yaradılması diqqətdə saxlanmalıdır. Digər tərəfdən,
dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa,
izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan
almalıdır".
Ali Məclisin sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib.
Tarix
2016.02.10 / 22:05
|
Müəllif
Axar.az
|