Axar.az tənqidçi İradə Musayevanın Vahid Qazinin "Çöl
Qala" povesti haqqında yazdığı "İnsan ruhunun yaratdığı üçüncü
dünya..." adlı yazısını təqdim edir.
Vahid Qazi "Çöl Qala" (İlk dəfə "Azərbaycan" jurnalında
"CHOLQALA 1992" adı ilə nəşr olunub - 2014, N8) povestində yeni bir
sevgi çeşidindən bəhs edir. Bizə çox köhnədən, Füzulinin "Leyli və
Məcnun"undan tanış olan qədimdən qədim və müasir zamanımızda
qəflətən başımızın üstünü alan "onlayn", "virtual" ünsiyyət
formatındakı tanışlıqlarda zühur edən sevginin yeni
şəklindən...
Proloqda müəllif öz qərarsızlığının məzmununu açıqlayır. Evli
bir kişi ilə dul qadının gizli məktublaşmasını (bu adi bir yazışma
deyildi, əlbəttə...) çap etdirib-etdirməmək tərəddüdünün əsas
səbəbi isə o idi ki, bunun icazəsini almaq üçün kimsə yox idi...
Qəhrəmanlar ölmüşdü... Bu iki insanın koda qoyulmuş dünyasına daxil
ola bilən müəllif isə günahkar, çaşqın, təbəddülatlı və
rəncideyi-haldır... Üstəlik özü də həmin qadına vurulub... Rəssamın
sevdiyi qadına... Bəlkə də qadına yox, bu sevgiyə vurulub...
Virtual, qeyri-verbal ünsiyyətdən doğan, amma ölməzlik həddinə
qalxan sevgiyə...
Əsərin süjetini 5-6 cümləyə yerləşdirmək olar. Amma məğzini
danışmaq, məzmununu ifadə etmək çətindir. Çünki məğz məktubların
məzmunundadır, məktublar isə həmişə fraqmentallıq, epizodluluq
yaradır əsərlərdə.
Həmin tərəddüdlü yazar bir gün "Üns" teatrında tanış bir qadınla
rastlaşır. Tələbəlik illərindən tanıdığı bu qadın vaxtilə gözəlliyi
ilə ad qazanmışdı. Əlçatmaz qadın məşhur bir rəssamın xanımıdır
indi, daha doğrusu xanımı olub. İndi o rəssam, eləcə də onun gizli
yazışdığı və ilahi bir eşqlə sevdiyi qadın isə artıq yoxdurlar...
Rəssamın xanımı bu köhnə tanışının araşdırıcı olduğunu biləndə ona
rəssamın arxivini etibar edir, sərgisinin açılışı üçün köməyə
ehtiyacı olduğunu bildirir və danışıqları baş tutur. Xanımın maddi
dəstəyi ilə o rəssam haqqında məqalələr, kitab yazacaqdı.
Araşdırıcı müəllif arxivə, əslində, rəssamın dünyasına daxil
olur... "Çöl qala 1992" (CHOLQALA1992") kodunun sirrini açır. Çöl
qala Şuşada bir məhəllənin adıdır, 1992 isə Şuşanın işğal ili...
Rəssam Şuşalıdır, Mir Mövsüm Nəvvabın nəslindəndir. Sonralar
araşdırmaçı-yazar onun iç dünyasının açarını əldə edəndən, ruhuna
bələd olandan sonra deyəcəkdi: "... rəsmi tədbirlərdə çıxışlarından
onu quru, boz adam təsəvvür edirdim. Yaradıcı şəxsdən daha çox
keçmiş dönəmlərin bürokrat partiya xadimi təsiri bağışlayırdı".
Araşdırıcı kodun sirrini açan kimi onu xanıma vermək istəyir,
amma məlum olur ki, bu mümkün olmayacaq və işin içərisinə
irəlilədikcə həm də çox şeyin mümkün olmayacağı aydınlaşır: "O,
uzun müddət bir qadınla məktublaşırmış. Ağlıma "Başqasının
məktubunu oxumaq ayıbdır!", "Kodu arvadına verimmi?" sayaq cürbəcür
fikirlər, suallar gəlirdi. Ancaq dəli bir maraq bütün hissləri
üstələdi! Yazışmaları birnəfəsə oxudum. Neçə gün özümə yer
tapmadım. Oxuduqlarımı Xanıma danışmaq, sirri açmaq günah olardı!
Amma bədii əsəri xatırladan bu yazışmaları dərc eləməməyin özü də
bir başqa günah idi. Çıxılmaza düşmüşdüm. İndi nə edəcəyimi
bilmirdim. Qalırdı son suala cavab tapmağım: Nə edim?"
V.Qazinin kitabı çıxmazdan öncə oxumaq üçün mənə də göndərmişdi
və əsərlə bağlı uzun-uzadı söhbətin bir məqamındakı fikirləri
yadıma salıram indi. Mən irad kimi yazmışdım ki, "Bu sanki böyük,
təlatümlü bir dünyanın sadəcə bir sevgi fraqmentidir. Talelərdir,
sevgi, sədaqət, intellektual, ruhi yaxınlıq və s. Amma bizim o
təlatümlü, əbədi, bəşəri həqiqətlərlə idarə olunan dünyadan
xəbərimiz olmur bu əsərdə". Vahid Qazi isə cavabında: "Bəlkə məqsəd
heç də o təlatümlü dünyadan xəbər vermək deyil burda" - yazmışdı.
Yaxşı cavabdır, amma tam qəbul edə bilmirəm...
Əsərdə hər şey – bütün problematik yanaşmalardan tutmuş estetik
zövq və həzzə qədər – bütün ideyalar obrazların içindən keçir və
ikisinin arasında "razılaşdırılır". Dünyaya, həyata, insanlara,
hadisələrə, ədəbi-mədəni, fəlsəfi yaradıcılıq nümunələrinə baxış
bucağında birləşən "virtual cütlük" artıq iki bədəndə bir ruhun
daşıyıcısına çevrilib. Bəlkə əsil sevgi də budur? Eyniyyət, səmavi
eşq həddində ilahiləşmək, ucalmaq... Virtuallıq, uzaqdan-uzağa, səs
və sözlərlə, hərflərlə, işarələrlə bir-birini anlamaq, anlatmaq,
dəyərləndirmək, sevmək klassik anlamdakı ilahi eşq mənasına
bərabərdir, məncə... Bu müəllifin üslubu da ola bilər – iki
insanlıq bir dünya yaratmaq və dünyanın, ölkənin bir çox
məsələlərini və həmin insanların subyektiv, intim yaşantılarını bu
iki adamlıq dünyanın fövqəlinsan duyğuları fonunda çözmək, analiz
etmək...
Lakin bu cütlüyün zamanı, cəmiyyəti, əhatəsi, başqalarının
onlara baxış meyarı və s. bu kimi prinsiplərin də bədii həlli
zəruri hesab edilir. Bu isə əsərdə nəzərdə tutulmayıb.
Müşahidəmə görə, V.Qazinin üslubunda bir fraqmentallığa meyil
var. Və bu fraqmental düşüncə vərdişi onun fərqli yaradıcılıq
üslubunun genişlənib, daha böyük ideya, epik genişlik meydanına
çıxmasına mane olur. Əsərdən oxucunun zövq almaması mümkünsüzdür.
Oxucu oxuyacaq və mütləq o mətndəki həyatı içindən keçirəcək,
yaşayacaq, təsirlənəcək. Çünki estetik təsirlilik və
lirik-psixoloji ifadə mükəmməlliyi var əsərdə. Amma mən, məsələn,
bu mətnin özünü daha böyük bir mətnin - roman problematikalı bir
mətnin içərisindəki süjetlərdən biri kimi görürəm. Bu povestin
mətni elə bir süjetdir ki, o əlavə süjetlərdən "kömək istəyir". Tam
və böyük bir həyatın parçası olduğunu sübut etmək üçün...
Fəqət, bu iraddan keçirəm və əsəri olduğu kimi qəbul edərək
düşüncələrimi bölürəm...
Bir virtual qadın var ki, bütün kişi xisləti və ruhu onu
arzular, bir virtual kişi obrazı var ki, bütün qadın ruhu və
düşüncəsi onunla daima ünsiyyətdə olmaq istər... Onun cisminə yox,
ruhuna, ağlına, düşüncəsinə və bütün bunları əks etdirən gözlərinə
baxan kişi obrazı arzular qadınlar, ağıllı və dürüst, özünəinamlı
qadınlar... Oxu zamanı virtual səmadan, qeybdən göndərilmiş bir
eşqin içərisinə düşürük biz də... Platonik bir məhəbbətdə
yaşantılarımızın tanış cizgilərini, məqamlarını tutmağa,
xatırlamağa çalışırıq. Biz də onların yanındayıq, biz də kodu
sındırıb başlamışıq məktubları oxumağa, rəssamlardan danışırlar,
rənglərdən, rəsm əsərlərindən, filmlərdən, şairlərdən, arada
siyasətə də baş vururlar, ailələrindən az-az hallarda söz salarlar.
Hamısını eşidirik. Rəssamın xaricə çoxlu səfərləri olur, oradakı
şəhərlərdən, muzeylərdən, insanlardan danışır. Maraqla qulaq
asırıq. Biz də onunla təyyarədə idik həmin gün. Təyyarə qəzaya
uğrayan gün. Gözümüzün qabağında okeanın üstündə qəzaya uğradı...
Onda qadını fikirləşirdik, ikinci dəfə hər şeyini itirən zavallı
aşiq qadını... Qadın yenə yazışmasına davam edirdi, o hələ virtual
səmada sevgilisini dəfn etməmişdi, elə əvvəlki qaydada yazırdı –
hər şeydən, özündən, xatirələrindən... Platonik sevgilər ölmür
axı... Onlar bir-birinə söz vermişdi. Bütün suallara birlikdə cavab
axtaracaqlar... Rəssam real görüş istəyərdi, "Yüz il oldu, virtual
tanışlığımız", qadın: "tanışlığımız virtual olsa da, realda
doğmalaşmışıq axı, deyəsən" - deyərdi...
Vahid Qazinin aşiq qəhrəmanları zaman, mühit, cəmiyyət
çevrəsindən çıxıb, onlar hər şeyi öz gizli, sirli, "koda qoyulmuş"
iç dünyalarının qanunları ilə mühakimə edir. Onların öz daxili
zamanları var, iki adamlıq cəmiyyəti və mühiti var. Onlar üçün real
məkan isə sosial şəbəkədir. Sosial şəbəkədə sirli, gizli bir guşədə
öz dünyalarını yaradıblar, heç kimin qarışmayacağı dünyalarını...
Və burada xoşbəxtdirlər.
Yazarın mövzuya yanaşması prinsipinə hörmətlə yanaşsam da, bir
oxucu kimi həmin qəhrəmanlara müxtəlif bucaqlardan baxış
ştrixlərinin olmasını da arzulardım bu məqamlarda, amma yoxdur,
nəzərdə tutulmayıb...
Onlayn sevgi, onlayn ünsiyyətin qeyri-verballığındakı
qeyri-ciddiliklərin sayı-hesabı yoxdur. "İnternet tanışlığı"
ifadəsindəki bayağı münasibət assosasiyası da bunu sübut edir.
Hətta əsəri oxumağa başlayanda Salam Qədirzadənin "46 bənövşə"sinin
yeni, modern variantınımı yaratmaq istəyib müəllif? - sualı yarandı
düşüncəmdə. Amma əsər səhifələndikcə öz sözünü dedi...
Vahid Qazi sosial şəbəkədə mənə "mən yazıçı deyiləm,
dərinliklərə varmaq xüsusi istedad, qabiliyyət istəyir" - deyə
yazmışdı. Mən, əlbəttə, belə düşünmürəm. Vahid Qazinin qələmi və
ruhu, ədəbiyyat, sənət hissiyyatı, eləcə də bu qavramları bədii
dillə ifadə üslubu çox yaxşıdır. Daxilə enmə və obrazların
psixoloji yaşantılarını real, həqiqi, spesifik cizgiləri ilə əks
etdirmə qabiliyyəti danılmazdır. Məsələn, əsərdəki qadının nəinki
söhbətləri, hətta düşüncələri, fikrindən keçənlər, hisslərini ifadə
tərzi belə o qədər canlı və təbiidir ki, elə bilirik ki, bu qadının
müəllifi yoxdur, eləcə özü ilə qəflətən real bir məkanda tanış
olmuşuq. Rəssamın da həmçinin... Müəllifin dünyanı və insanları
anlamaq, qavramaq, ifadə və izah etmək istedadında yazıçılıqdan
əlavə bir rəssam, bəstəkar duyumunun da olduğunu anladıq. Mətnin
bütün cümlələrində rəng və səs-musiqi var. Bu əsərdə hisslər söz,
musiqi və rənglərin dili ilə izah olunur. Elə bu estetik qavram
detalları (söz, musiqi və rənglər) ilə də iki insan - ətrafın
hay-harayından, çal-çağırından, toplum qaragüruhundan, hər məsələyə
kütlə qınağı, psixologiyası ampluasından baxan, onu həmin baxış
müstəvisində mühakimə edən insanlardan kənar durmağa çalışan iki
insan - kişi və qadın öz təmiz, ruhlarının görüş yeri hesab
etdikləri dünyalarını yaradırlar.
Obrazlardan biri deyir: "Biz özgənin yaratdığı dünyada
yaşayırıq... öz dünyasını yarada bilən insanlığın sirrini açmış
kimidir". Povestin qəhrəmanları - rəssam kişi və ixtisasca rejissor
olub, amma başqa sahədə çalışan qadın virtual məkanda özləri də
hiss etmədən üçüncü bir dünyanı ruhi-mənəvi, intellektual
oxşarlıqlarının istəyi hesabına yaradırlar. Bu üçüncü dünya
bir-birini görməyən, fiziki olaraq heç vaxt təmasda olmayan kişi və
qadının ruhi qovuşma məkanına çevrilir. Bu məkanda isə hər şey
təmiz, müqəddəs və qudsaldır, estetikdir, nəciblik və
intellektuallıq var bu sevgi aləmində. Bu kişi və qadın bir-biri
üçün çox darıxır, bir-biri ilə onlayn da olsa söhbət etmək,
müxtəlif ictimai-siyasi, ədəbi-estetik məsələlərə münasibət
bildirmək, fikir bölüşmək istəyir. "Səni sevirəm" kimi ibtidai
münasibət formasından imtina var bu məhəbbətdə. Burda darıxma var,
ünsiyyət aclığı var... Cismani, fiziki yox, ruhi-psixoloji olaraq
darıxma və istək var... Ortaq anlaşma, ortaq yanaşma, ortaq darıxma
və cəmiyyətin qaragüruhundan, kortəbii, kor-koranə, instinktiv
yaşamından ortaq imtina jestləri var. Rəssam hətta dünyanın o
başında olsa da növbə gözləyib 5 dəqiqəlik internet limiti əldə
edəndə ən doğma adamlarını deyil, məhz bu qadını arzulayır. Onunla
ünsiyyətə can atır və ona "mesaj"lar yazır. Onların söhbətlərinin
məzmunu isə şəxsi, subyektiv xırdalığından çox uzaqdır. Onlar rəsm
əsərlərinin, filmlərin, həyata baxış fəlsəfəsinin və uşaqlıq
xatirələrinin cazibəsi dairəsində söhbət edirlər. Onlar
Mikelancelodan, Klad Monedən, Van Qoqdan, Salvador Dalidən, Səttar
Bəhlulzadədən, Corc Orueldən, Motsartdan, Paulo Koelyodan, "Dorian
Qreyin portreti"ndən, Oskar Uaylddan, Nazim Hikmətdən, R.Rövşənin
şeirlərindən, Ədalətin saz havalarından, Üm-Əl Banindən, Marina
Svetayevadan, Maykl Ceksondan, Alla Puqaçovadan, Sezen Aksudan,
Flora Kərimovadan, Adil Mirseyiddən, Rüstəm İbrahimbəyovun, Əlfi
Qasımovun əsərindən danışırlar, dünyanın məşhur muzeyləri haqqında
fikir mübadiləsi edirlər. Şəxsi işlərindən, yaradıcılıq
planlarından söhbət açanda da mədəni-etik normaları və lirik-poetik
ovqatı pozmurlar. Hər şey real və qeyri-real absurdluqda cərəyan
edir. Əsərin dili və məzmunu ifadə üslubu elə axıcı və ahənglidir
ki, sanki bütün hadisələr bir musiqi, (özü də bəşəri bir musiqi)
məsələn, Şopenin "Yağış valsı" ya da Motsartın "Göz yaşının
melodiyası"nın sədası altında yazılıb. Məsələn, mənim oxu
prosesimdə həmin musiqilərin səsi eşidilirdi mətndən... Bəlkə ona
görə ki, Rilke demiş: "Tənhalıq yağışla doludur"...
Vahid Qazinin "Ruhlar şəhəri" əsərində də belə idi – dilin və
bədii ruhun, ovqatın musiqisi əsərin məzmununu, məğzini anlamağa
kömək edir...
Rəssam Qadına: "Mən səni söz-söz, cümlə-cümlə tanıyacam" -
deyir. Qadınsa: "Səni mənim üçün başqalarından fərqləndirən məşhur
rəssam olmağın deyil, məhz səni öyrənmək, duymaq istəyimdir. Bəzən
qədim bir qaladan tapılan mücrüyə bənzədirəm səni. Qapağını
qaldırmağa ürək eləmədiyim mücrüyə. İçində zinət də ola bilər,
çürümüş yarpaqlar da"... Daha ənənəvi məhəbbət mətnlərimizdəki kimi
"onun iri qara gözləri"ni, "ahu baxışları", əndamı-filan təsvir
edilmir. Çünki bu cismin deyil, ruhun sevgisidir, üçüncü bir aləmdə
qərarlaşan qohum ruhların... Amma maraqlısı odur ki, bu kişi və
qadın sevgisində həm də Vətən var. Rəssamın ürəyində işğal olunmuş
Şuşanın "Çöl Qala" nisgili var. Həm yurdun, həm də ailədən kənarda,
"çöl"də olan (əslində isə için, ürəyin, qəlbin və ruhun) sevgisi
üçün parol olan "Çöl Qala" sirliliyi var... Əsərin kişi qəhrəmanı
artıq ölkənin tanınmış rəssamlarındandır. Bu romantik sevgililər
həyatın fəal, işgüzar, real qəhrəmanlarıdır həm də.
Rəssam bütün dünyanı dolaşır və hər yerdə azərbaycanlılığını
saxlayır, vətən, yurd, millət üçün nəsə fikirləşir. Bütün
düşüncələri və işləri barədə sevdiyi qadına mütəmadi yazmağı da
unutmur: "...Bu gün ciddi bir görüşdəydim. İstəyirik islam ölkələri
rəssamlarının beynəlxalq sərgisini keçirək. Neft Şirkətiylə
sponsorluq məsələsini müzakirə edirdik. Deyəsən, onları o qədər də
maraqlandıra bilmədim. Sərginin tək müsəlman ölkələriylə
məhdudlaşmasını istəmirlər. Mən isə hesab edirəm ki, Bakını islam
dünyasının mədəniyyət mərkəzinə çevirə bilərik".
"Meksikadayam. Paytaxtı çox gəzə bilmədim. Çapultəpək deyilən
məşhur muzeyə də gedə bilmədim. Amma bir də gələcəm, mütləq türk
izinə burada da düşəcəm. Deyirlər, orada qədim türklərin çox
nişanələri var. Elə adındakı "təpək" sözü yerli dildə "təpə"
anlamını verir. Nə isə, hər yerdə türk nişanələri axtarmağım
çoxdankı vərdişimdi..."
Əsərdə virtuallığın realizminə, realistləşməsinə elə öyrəşirik
ki, hətta rəssam qadına "Mən o səhnəni, Sənin sevginin şəklini
çəkəcəm, mütləq çəkəcəm" –deyəndə "sevginin şəkli necə ola bilər? -
sualını vermirik. Rəssamın və qadının özünün yox, hətta
xəyallarının, həyəcanının, sevgi və faciəsinin obrazını, portretini
yarada bilirik təxəyyülümüzdə. Bu ədəbi qabiliyyəti və təxəyyül
intuisiyasını, əlbəttə, bizdə müəllif yaradır,...
Doğrudan da "Sevgi bütün mövcud olanları təzələyə bilən
enerjidir, onun reinkarnasiya qabiliyyəti var. Sevgi ağ varaqdı,
təzə sətirdi, doğuluşdu" - fikrinə biz də şərik çıxırıq və
düşünürük: bir-birini görməyən insanların ruhu nə qədər güclü ola
bilər ki, belə böyük bir sevgiyə imza ata bilsin, barmağını belə
toxundurmadığı qadına "Başımı dizlərinə qoyacaq qədər doğmasan" -
etirafında bulunsun....
Bu məqamlarda bir səksəkəmiz də var. Rəssamın zavallı qadını -
həyat yoldaşı. Onun da özünəməxsus, alicənab və nəcib
xüsusiyyətləri var. Və bu qadın obrazı da əsərin ümumi ahəngini
tamamlayır sanki. Ərinin çəkdiyi göz rəsminin onun olmadığını
bilə-bilə sərgidə salonun baş tərəfindən asır və öz portretini
sərgidən çıxardır. Bu xanım hətta ərinin sevdiyi qadınla üz-üzə,
göz-gözə gəlir sərgi salonunda, əri öləndən sonra... Rəssamın
sevgilisi isə ölmüş rəssamın ünvanına mesajlar yazır və həmin
səhnəni olduğu kimi təsvir edir.
Müəlliflə onun qəhrəmanları arasında qəribə bir münasibət
müşahidə olunur. Hadisə və təsvirlərin müəyyən, hissi-emosional,
kuliminativ məqamlarında sanki müəllif də onların yanında, hətta
bir-birini sevən insanların arasında, ortasındadır. Bunu yazıçı
əsərində özü də vurğulayır. "Növbəti gün ilk dəfə aralarında intim
söhbət oldu. Söhbətin axarı məni də özüylə apardı. Başqalarının
intim yazışmasını oxumaq elə onların sevişmə səhnəsinə baxmaq kimi
bir şeydir. Qadının fotolardan süzülən təbəssümü, məlahəti məni də
tilsimləmişdi. Rəssamın Qadına bağlanma səbəbini ilk kəs anladım.
Ondakı adamı maqnit tək özünə çəkib sehrləmək gücünü bütün qəlbimlə
duydum... Qadın həqiqətən də gözəldir. Fotoları belə adamı
sehrləyir. Onun əsirinə çevrilməmək hər kişinin işi deyil. Rəssamın
hövsələsinə məəttəl qalmışam. Görüşü bu qədər uzatmalarını anlaya
bilmirəm. Oxuduqca bəzən onun yerinə özüm səhnəyə atılıb nələrsə
eləmək istəyirəm".
Əsərin əvvəlindən özünü laqeyd, etinasız göstərməyə çalışan
müəllif hadisələri elə məqama gətirir ki, bunun məqsədli olduğunu
sanki oxucu da hiss etmir. Rəssamın həyat yoldaşı ondan xahiş edir
ki, ərinin arxivində işləsin. Müəllif arxivdə Rəssamla bağlı ağıla
gəlməyəcək yeni bir həyat hekayəsi, yeni süjet, yeni roman mövzusu
tapır. Əslində, Rəssamın gizli dünyasının parolunu, kodunu ələ
keçirib yeni bir qapıdan, o qapıdan ki, oranın yolu heç kəsə - nə
dostlara, nə ailə üzvlərinə məlum deyil - oradan daxil olur onun
gizlin həyatına... Burda isə əvvəldə bəhs etdiyim iki bir-birindən
uzaq və əslində bir-birinə olduqca doğma insanla tanış edir
bizi.
"Çöl Qala" povestinin hər iki qəhrəmanı - kişi də, qadın da
çağdaş cəmiyyətimizin "onlayn sevgi oyunları" iştirakçılarına
parodiya kimi verilmir, əksinə, yazar "onlayn" -
qeyri-reallığından, "mifikliyindən" ideyasını reallaşdırmaq üçün
məqsədəuyğun bir vasitə kimi istifadə edir.
Əsərin bütün ideyası bu sevgi süjetinə köklənib. Müəllifin
estetik baxışları, siyasi-ictimai görüşləri bu sevginin mahiyyətinə
yerləşdirilib. "...İki gündür Havanaya gəlmişəm. Qaldığım hotel
1959-cu ilədək "Hilton" adlanıb. İnqilabdan sonra adını "Habava
Libre" qoyublar, yəni "Azad Havana". Amma azadlıqdan əsər-əlamət də
yoxdu bu ölkədə. Burdan şəhər ovuc içi kimi görünür. Okeanın "üst"ü
səmanın "dib"iylə qucaqlaşıb. İşə bax, bu "qucaqlaşmaya" üfüq
deyirlər... Kuba qapalı ölkədi. Keçmiş SSRİ kimi. Siz
xatırlamazsınız o dövrləri. Kommunistlər hələ də vəd etdikləri
kommunizmi qura bilməyiblər burda. Deyəsən, indi heç özləri də buna
inanmırlar". Bu məktublarda, mesajlarda yaşayan sevginin əhvalat və
xatirələrlə dolu süjetində ardıcıllıq, davamlılıq var. Onlar
bir-birlərinə hər şeydən danışırlar, hər duyğu və zövq anlarının
sanki şəklini çəkib göndərirlər...
"...Harda qalmışdım dünən? Hə... maşınlarda. Amma məni maşınlar
yox, rəsmlər maraqlandırır. Axır ki, əsl mən deyən əsərləri tapdım.
Məni dar, üfunət qoxuyan küçələrlə apardı velotaksi sürücüsü. Arıq,
dərisi gündən əriyib qaralmış, üzünü qırxmağa sanki heyi qalmayan
bir rəssamın evinə gün əyiləndə girdik. Yarıqaranlıq zirzəmi...
İlahı, burada insan yaşayar!? Siz bunun əsərlərinə baxın... Bazara
çıxardığını ayrı yığıb. Bunun "sandıq rəsmləri" əsl sənət
əsərləridir. Mən onların Xorxe Kamaço, Vifredo Lam kimi məşhur
sürrealist rəssamları haqda oxumuşdum, rəsmlərini görmüşdüm. Bu,
onlardan heç də geri qalmır. Mütləq bu bədbəxt rəssamın da
əsərlərinin baha qiymətə satılan, dəyərləndirilən zamanı çatacaq.
Amma çətin o bunu görə. Somerset Moemin "Ay və qəpik" əsərini
oxumusuz? Tapıb oxuyun. Rəssam bədbəxtliyi (həm də xoşbəxtliyi)
haqqında ən kədərli əsərlərdən biridir. Nə isə... Cəmi iyirmi
dollara çox gözəl rəsm aldım... Görüm buranın rəsmi orqanlardan
icazə ala bilsəm, bu rəssamın YUNESKO xəttiylə keçirəcəyimiz böyük
bir sərgiyə dəvət olunmasına çalışacam. O dahidir, heç kimin
tanımadığı dahi... Yenə çıxmalıyam. Sabah başqa şəhərlərə
gedəcəyik, maşın kirayələmişik. Bu ölkəni qarış-qarış gəzəcəm.
İnternet olmayacaq. Sonra yazaram. Hələlik".
Onların söhbətləri çox maraqlıdır, taleləri isə bizi elə
əvvəldən narahat edir. Bu sevginin sonu necə olacaq? Kişi evlidir,
qadın ona qədər həyatında baş verənlərdən sarsılıb...
Görüşmək, vüsala yetmək və s. bu kimi real olacaqlar isə oxucunu
o qədər də maraqlandırmır. Çünki, biz bu insanların mənən, ruhən
artıq çoxdan qovuşmasının şahidi olmuşuq. Cismən isə ayrılırlar.
Rəssam təyyarə qəzasında ölür, qadın bir müddət sonra xərçəngdən...
Lakin rəssamın ölümündən sonra da qadın ənənəvi olaraq, canlı
insanla ünsiyyətdə imiş kimi yazışmanı davam etdirir. Birtərəfli
yazışmanı... Onun xəyalında rəssam sağdır və onu eşidir, onun
yazdıqlarını oxuyur sanki...
Müəllif isə tale, aqibət yazan deyil, amma o da çox narahatdır
və həyəcanı, emosiyası mətnə yansıyıb.
"Məni qəribə bir hiss bürüdü. Elə bil bütün bu olanların
baiskarı mən özüməm. Mənim günahım ucbatından təyyarə qəzaya
uğrayıb, Qadın xərçəng tapıb. Onu xəstə qoyub getmişəm, guya qalıb
sağaldacaqmışam. Axı, mən yazılanları dəyişə bilməzdim! Pozub,
yenidən, başqa cür yaza bilməzdim! Onları qovuşdurub, sonu sevinclə
bitən bir sevgi dastanı yaza bilməzdim!
Bunu edə bilərdimmi? Yazılanı pozmaq olurmu?
... Gözümün qabağından onların siması çəkilmirdi. Bu vaxt
ərzində mənə elə doğmalaşmışdılar ki... Lakin bilmirdim necə
doğmadılar! Bəzən atam-anam olurdular, məni dünyaya onlar
gətiribmiş. Ata-anasını heç vaxt görməyən yetim uşağıydım sanki.
Gah da balam olurdular, bəxtsiz balalarım. Mən də qəlbində bala
dağı daşıyan ata.
Birdən də Qadın mələküzlü sevgilimə çevrilirdi, Rəssam da onu
əlimdən almaq istəyən qara düşmənə. Qadına vurulub şirin xəyallara
getməyim də olurdu, Rəssamı qısqanc duyğularla anmağım da.
Bəzən də taleləri əlimdə olan quşcuğaza dönürdülər – istəsəm
açıb buraxaram, istəsəm boğazlarını üzərəm.
Amma daha çox məndən imdad diləyən köməksiz sevgiliyə
bənzəyirdilər. Mən də onlara istədikləri hər şeyi verə biləcək,
onları xoşbəxt edəcək güc sahibinə!"
Yazıçı əsərin sonunda elə dramatik bir situasiya yaradır ki, özü
də oradan çıxa bilmir. "Hər şeyi məhv etmək!" – psixoloji
sarsıntısını yaşayır və kafkavari bir addım atır. Hər şeyi
sıfırlamaq, yandırmaq, məhv etməklə işi bitirmək... "Evə qalxıb
kompüteri açdım. Onların yazışmaları olan faylı "qovluq"dan da,
"səbət"dən də sildim. Şəbəkədə Rəssamın səhifəsini bağladım.
Sonra əlyazmaları götürüb həyətə düşdüm. Dalandar Əli kişinin
köşkünün yanında ocaq çatıb vərəqləri bir-bir oda atdım.
Kağız odun deyil, yananda çəkdiyi əzabın dözülməzliyindəndir
yəqin, qıvrılır, büzüşür. Bəlkə də elə bu ağrıya görədir, tez yanıb
qurtarmaq istəyir - öz dünyalarına tez köçmək istəyən adamlar
kimi.
Əlyazma yanıb kül oldu. Ocağın qaralan külündə sonuncu közərti
qapqara göy üzündə parlayıb itən tənha ulduz kimi söndü.
Onların ağrısı bitdi. Ağrının, kədərin olmadığı yerə getdilər.
Ayrılıqların bitdiyi yerdən başlayan əbədi qovuşuqda gözdən
itdilər. Daha heç bir Tanrı övladı bir də Yeliseyin – Çöl Qalanın
kodunu aça bilməyəcəkdi!"
Vahid Qazi əsərinin qəhrəmanları haqqında "taleləri əlimdə olan
quşcuğaza dönürdülər – istəsəm açıb buraxaram, istəsəm boğazlarını
üzərəm" – desə də, artıq sona yaxın hiss olunur ki, müəllif
çıxılmaz vəziyyətə düşüb. Qəhrəmanları ilə vidalaşmaq, onların
nisgilindən qurtulmaq belə mümkünsüzləşib. O zaman sadə, asan bir
üsulla - əlyazmanı oda atmaq, kompüterdəki faylı "qovluq"dan və
"səbət"dən silmək - acınacaqlı taleli qəhrəmanlarla vidalaşmaq.
Lakin aydındır ki, bu "silmə" üsulu da həmin qəhrəmanların
taleyinin bir ştrixinə çevrilir və onların yaddaşda ilişib qalmış
hekayələri bitmir...
Məşhur rus-amerikan yazıçısı Vladimir Nabokov deyirdi ki, "yazar
özünün yaratdığı şərtilikdən kənarda qalmağı bacarmalıdır. Öz
yaradıcılığının yox, ona addımbaşı tələlər quran həyatın çölündə
qalmalıdır. ...Bu sayədə mən özümlə yaratdığım surət arasına bəlli
bir məsafə qoymağa can atmışam. Çünki mən – yaratdığım personaj
deyiləm".
Ümumiyyətlə, yazarların öz "mən"ləri, əslində bədii simaları -
obrazları ilə münasibətləri və bununla bağlı açıqlamaları müxtəlif
səciyyə daşıyır. Məsələn, İsveç yazarı Tomas Transtromer bu
məzmunlu suallardan birinə cavab verərkən deyirdi ki, əvvəl özüm
haqqında daha utancaq, ağayana danışırdım. Çox zaman özümü işarə
edəndə üçüncü şəxs əvəzliyi işlədirdim - "o" deyirdim. Ancaq deyim
ki, indi də özüm haqqında nəyisə təsvir edərkən "o" deməyi sevirəm.
Bu hal əvvəllər məndə ambisiya kimi idi, hansısa naməlum səbəbdən
görünməz insan olmağı seçmişdim. Sonra düşündüm və qərar verdim ki,
özümü göstərmək daha cəsarətli və daha effektivdir. Onda
yazdıqlarım daha dürüst görünür. Həm də hamı bilir ki,
əksəriyyətimiz öz təcrübələrimizdən və hisslərimizdən yazırıq.
Lakin bu simanı (öz "mən"ini, qəhrəmanınla ruhi-mənəvi qohumluq
əlaqələrini) "gizlətmək" o qədər də asan olmur. Onlardan çox uzaq
durmaq, onları şəxsi həyatında tanımadığın oxucuya sədaqətlə sübut
etmək bir az da aktyorluq tələb edir. Aydındır ki, bədii mətnlərdə
hər şey – təsvir də, obrazlar da, hadisələrin həzin və ya coşqun
məcrada cərəyan sürəti də – hər şey müəllif xarakter və dünyaduyumu
ilə bağlıdır. Amma mütaliə zamanı müəllifi unutmursansa, deməli, o
artıq məğlubdur. Özünü oxucusundan və qəhrəmanlarından ağıllı bilən
müəllif bunu bir vəchlə sezdirir, fərqi yoxdur, hansısa obrazın
monoloqunda, ya səciyyəsində, ya da finalda, epiloq və ya proloqda,
ideyanın təbliği üslubunda... X.L.Borxes Dante haqqında deyirdi ki,
"İlahi komediya"nın sonunda o ədalət obrazının müəllifi olduğunu
oxucusuna hiss etdirməmək üçün "mən"ini "Komediya"dan çıxartdı.
Çünki, onun subyektiv münasibəti ilahi hökmə uyğun gəlmirdi...
Vahid Qazi öz obrazını da salıb əsərə, amma biz onu müəllif kimi
unutmuşduq oxu prosesində, əsərin qəhrəmanlarından biri kimi
yadımızda qalmışdı - qeyri-adi bir sevginin hekayəsini anlada
bilmədiyi üçün ona – həmin sevgiyə, ona aid bütün əlyazmalara od
vurub yandıran bir qəhrəman kimi...