İsraillə Türkiyənin yaxınlaşmasına təkan verən Yaxın
Şərqdə baş verən proseslərdir.
Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu
deyib. Onun sözlərinə görə, bölgədə baş verən proseslər faktiki
olaraq hər iki ölkəni yaxınlaşmağa vadar edir:
"İki vacib faktor isə bu yaxınlaşmanı ciddi müttəfiqlik
səviyyəsinə qaldırır. Onlardan birincisi, İsrailin təbii qaz
ehtiyatlarıdır. Bu faktor Türkiyənin Rusiyaya olan asılılığına
alternativ ola bilər. Türkiyə ölkə üzrə yanacaq enerjisinin
32,5%-ni təbii qazla qarşılayır və bunun 55%-ni Rusiya təmin
edirdi. Türkiyənin İrandan aldığı qazın qiymətləri ilə bağlı da
narazılığı var və rəsmi Tehranla bir neçə dəfə aparılan
danışıqların nəticəsi uğurlu olmayıb. Təbii qaz ehtiyatının 40
faizini ixrac etməkdə qərarlı olan İsrail isə bu məsələdə ciddi
tərəfdaş ola və hər iki tərəf bundan karlı çıxa bilər".
Analitikin sözlərinə görə, Türkiyə və İsrail arasında yaxınlaşma
və hərbi iş birliyi başda İran olmaqla, Rusiya, İraq və Suriyaya
yönəlik bir mesajdır:
"İsrail və Türkiyə arasında yaxınlaşmaya təkan verən əsas faktor
Yaxın Şərqdə baş verən proseslərdir. Regional vəziyyət bu
yaxınlaşma üçün münbit zəmin formalaşdırır. Diqqət edin, Rusiya ilə
yaşanan böhrana paralel olaraq, Əsəd və Sisi ilə gərgin
münasibətlər, eləcə də Səudiyyə və Qatarın liderlik etdiyi Ərəb
ittifaqı və İranla ənənəvi rəqabət Türkiyənin mövqelərinə təsirsiz
ötüşmür. Əsasən də Vyana razılaşmasından sonra mövqelərini
gücləndirən və ətrafında "şiə halqası" formalaşdırmağa müvəffəq
olan, İran və Yaxın Şərqdə son iki ildə kifayət qədər ciddi siyasi
və hətta hərbi aktivlik nümayiş etdirən Rusiya faktoru bu iki
ölkənin yaxınlaşması üçün ciddi əsasdır".
Qeyd edək ki, İsrail-Türkiyə münasibətləri 2010-cu ildə mayın
31-də İsrail hərbçilərinin "Mavi Mərmərə" gəmisinə hücumundan sonra
pozulub. Türkiyə İsrail ilə münasibətləri normallaşdırmaq üçün 3
əsas şərt irəli sürüb: Tel-Əviv üzr istəməli, ölən Türkiyə
vətəndaşlarının ailələrinə təzminat ödənilməli, Qəzzanın
blokadasına son qoyulmalıdır.
Hazırda isə Ankara və Tel-Əviv ikitərəfli münasibətlərin
normallaşdırılması haqqında müqaviləni imzalamağa
yaxınlaşıblar.