Yuxarı

“İmadəddin Nəsimi molla imiş...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli burada)

İkinci hissə

"Ədəbiyyat qəzeti"nin "Müzakirə Saatı" layihəsində "Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, tənqidçilərdən Elnarə Akimova, İradə Musayeva, Səadət Şıxıyeva, İmamverdi Həmidov, Ataəmi Mirzəyev iştirak edib.

Axar.az müzakirəni təqdim edir.

Ataəmi Mirzəyev: - O da öz yerində. Yəni dinə baxış dəyişdi. Klassik mətnlərdə dinlə bağlı olan hissələr, peyğəmbərlə bağlı olan hissələr sanki çıxarılırdı. Hətta mən bildiyimə görə, Sovet dövründə "Qabusnamə"nin özündə dinlə, peyğəmbərlə bağlı olan hissələri ixtisar olunurdu. Bu, bilavasitə sırf ideologiya ilə bağlı idi. Amma müstəqillik qazandıqdan sonra onlar bir növ, demək olar ki, klassik ədəbiyyatın nəşrində öz yerini tutdu. Eləcə də, bayaq qeyd olundu, hökmdarların təqdimində də, yəni ideologiya belə idi ki, padşahlar, hökmdarlar mütləq zülmkar olmalıdır və s. Amma Nizaminin təsvir etdiyi "Sirlər xəzinəsi"ndəki hekayətdəki hökmdarlar əvvəlcə zülmkar olur, müəyyən hadisədən sonra deyək ki, "Bayquşların söhbəti"ndən sonra, "Sultan səncər və qarı"dan sonrakı hissədə, tədricən dəyişmə baş verir, ədalətli hökmdara çevrilirlər. Sovet ideologiyasının tələbi ilə həmin hissələr ixtisar olunmuşdu. Amma müasir dövrdə, müstəqillik qazandıqdan sonra onlar artıq ədəbiyyatşünaslıqda tam olaraq öz əksini tapdı ki, bəli, Nizami hökmdarlarını inkişafda vermişdi. Yəni əvvəl zülmkar kimi təqdim etdiyi hökmdarlar sonradan ədalətli hökmdara çevrilmiş oldu. Yaxud deyək ki, sırf dini motivli əsərlərin nəşrinə qadağa qoyulmuşdu. Elə mənim tədqiq etdiyim bilavasitə Füzulinin həcmcə ən böyük əsəridir - "Hədiqətüs-süəda". "Hədiqətüs-süəda" əsərinin Sovet dönəmində, sadəcə adı çəkilə bilərdi bəzi məqamlarda. Amma özünü çap eləmək yasaq idi. Ondan ancaq son illərdə, yəni sovet dövrünün son illərində 72 şeir nümunəsi - parçalar, mənzum parçalar çap olunmuşdu. Onu da kim eləmişdi? Əkrəm Cəfər eləmişdi. Hətta onun çap olunmuş əsərlərinin 6 cildliyində də "Hədiqətüs-süəda" yox idi. Amma müstəqillik qazandıqdan sonra o əsər 93-cü ildə ilk dəfə Əliyar Səfərli tərəfindən çap olunub Azərbaycan oxucusuna təqdim olundu. "Hədisi-ərbəin"in özü, baxmayaraq ki, çap olunmuşdu, amma demək olar ki, üstündən sükutla keçilirdi. Nə tədqiqi var idi, nə araşdırması var idi. Mən hətta deyərdim ki, "Hədisi-ərbəin" müasir dövrümüzdə bir növ tərbiyə məktəbidir, Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərinin nəzm şəklində ifadəsidir. Əbdürrəhman Camidən tərcümə olunmuşdu. Yəni bax bu cür dini motivli mövzular sovet dövründə kənarda qalmışdı araşdırmadan. Amma müstəqillik dövründə artıq onlar öz yerini tapdı.

Azər Turan: - Əslində, onlar təsəvvüf mətnləridir. Təsəvvüf mətnləri çıxarılıb dövriyyədən. Yəni təsəvvüfü çıxarıblar kontekstdən. Azərbaycan ədəbiyyatı irfansız qalıb.

Elnarə Akimova: - Bir halda ki, Ataəmi müəllim söz saldı, elə məqamıdı, buradan bir məsələyə diqqət yönəltmək istəyirəm. Səadət xanım, müstəqillik dönəmindən sonra bizdə islam başlanğıcı önə çıxdı. Hətta mən o vaxt namizədlik işimlə bağlı klassik irs məsələsinə toxunanda analoji olaraq rus mətbuatını da izləyirdim. Orada da 90-cı illərin sonunda eyni tendensiya gedirdi və hətta dini filologiya məktəbi yaranmışdı sırf bu məsələlərlə bağlı. Amma həmin ərəfədə də, bu gün də Füzuli bizdə daha çox o kontekstdən tədqiq olunur ki, ondakı sufi, mistik başlanğıcı önə çəksinlər. Sanki bir yanlış digər yanlışla əvəzlənir. Fikir verirəm, son dövr yazılan əsərlər də daha çox dini təfəkkür əlamətləri, islam başlanğıcı axtarmaq təriqi ilə yazılır. Halbuki, bədii yaradıcılıq yalnız dini yox, həm də fəlsəfi-psixoloji hadisədir, ərsəyə gəldiyi dövrün tarixini, sənətkarın dünyaduyumunu əks etdirir. Bu yöndə fərqli metodoloji meyarlar meydana çıxırmı? Məsələn, deyək ki, konkret mistik cərəyana mənsub sənətkarın bədii irsinin tədqiqi ilə bu mühitdə meydana çıxmış və istər-istəməz dövrün dini-fəlsəfi təfəkkür əlamətlərini ehtiva edən ədəbi hadisəni, sənətkar yaradıcılığını dəyərləndirən fərqli meyar?

İstərdim buna bir münasibət bildirəsiniz.

Səadət Şıxiyeva: - Çox doğru vurğuladınız onu. Həqiqətən də, müstəqillik dövründə birdən-birə bu dinin, irfanın, təsəvvüfün üzərindən qadağanın götürülməsi sanki insanların mənəvi aclığını üzə çıxardı və birdən-birə kütləvi şəkildə bütün şairlərimizin dini, irfani-fəlsəfi, təsəvvüfi görüşləri araşdırılmağa başlanıldı. Mən bilərəkdən təsəvvüf və irfani ayrılıqda qeyd edirəm, izah eləyəcəyəm indi. Və bu son nəticə etibarilə sizin dediyiniz kimi tarazlığın pozulmasına, bir ifratdan digər ifrata yuvarlanmaya gətirib çıxardı. Nəticə etibarilə yenə də şairlərimizin söz sənətkarlığı, onların sözünün bədii dəyəri, keyfiyyəti başqa fikirlərin kölgəsində qaldı. Bu baxımdan, əlbəttə, bu ifratçılığı da təqdir eləyə bilmərik. Biz şairlərimizin dini, irfani, fəlsəfi görüşlərini və digər baxışlarını, eyni zamanda onların psixoloji durumunu və s. obyektiv dəyərləndirməliyik. Amma bunların hamısı söz sənətinə nə verir, söz sənətini hansı istiqamətə yönəldir və ədəbiyyatımıza nə qazandırır? Bütün yardımçı vasitələr bu kontekstdə öyrənilməlidir. Yoxsa Nəsimi haqqında bu yaxınlarda bir kitab oxudum, inanın ki, məndə belə bir təsəvvür yarandı ki, sanki Nəsimi bir mollaymış. Onun məqsədi bu deyildi. Nəsiminin məqsədi, bəli, dini biliklərini nümayiş etdirmək idi. Nəsimi özü deyir ki, "Səbexanəm, hafizəm, Quranda ustad olmuşam". Bəli, Quranı əzbər bilib, mədrəsə təhsili görüb, islamın bütün dəyərlərini, eləcə də hədisləri bilib. Amma şair bu biliklərdən bir bədii vasitə kimi istifadə edib. Və biz də onun irsini bu kontekstdə qiymətləndirməliyik. Bu kontekstdə dəyərləndirməsək, yenə də ədəbiyyatımız, eləcə də ədəbiyyatşünaslığımız itirmiş olur. Və sizin sözünüzün qüvvəti, son dövrlərdə, ümumiyyətlə, bu anlayışlar bir-birinə qarışıb. Din, fəlsəfə, irfan, təsəvvüf - çox zaman bir-birinin yerində asanlıqla işlənir. Amma belə deyil. Bu anlayışlar bir-birinə qarışıb. Halbuki bunların aydın bir sərhədi var. Biz yenə də, hər şeydən öncə, şairin məqsədindən çıxış eləməliyik. Biz öz sözümüzü şairin dilindən dedirtməməliyik. Əgər Sovet dövründə dinlə bağlı qadağalar son nəticə etibarilə şairlərimizin düşüncəsinin təhrifinə gətirib çıxarmışdısa, bu gün ifrat şəkildə onları dinə bağlamağımız yenə son nəticədə bənzər yanlışlığa gətirib çıxarır.

Azər Turan: - Türkiyədə azərbaycanlı müəlliflərdən birinin kitabı nəşr olunub. Müəllif postmodernizmin təməllərini aparıb çıxarır Füzulinin "müəzzin naləsin alma qulağa, düşmə təşvişə..." fikrinə. Postmodernizm XX yüzilin faktıdır. Dünyagörüşü və düşüncə sistemi baxımından bunun Füzuli dövrünə heç dəxli belə yoxdur. Özü də postmodernizm modernizmdən sonrakı düşüncənin yeni və hələlik son faktıdır. Elə Füzulidən söz düşmüşkən. Nihat Sami Banarlı yazır ki, Füzulinin məzarı bir Bəktaşi təkkəsindədir.

Səadət Şıxıyeva: - Yaxınlığındadır.

Azər Turan: - İndi artıq sökülmüş türbədə Füzulinin sənduqəsi öz şeyxinin sənduqəsi ilə yanaşıymış. Füzulunun bəktaşi şeyxi kim imiş? Biz niyə o Bəktaşi təkkəsinə qayıtmırıq.

Səadət Şıxıyeva: - Mən yazmışam o barədə.

İmamverdi Həmidov: - Qəzetdə çıxış eləmək lazımdır, Səadət xanım. Mən sizə demişəm, bu gün də elə fürsətdir. Qəzetdə, "Ədəbiyyat qəzeti"ndə bu mövzularla çıxış eləmək lazımdır mütləq...

Azər Turan: - Füzulunun yaşadığı dönəmdə bəktaşilik istər osmanlı, istər qızılbaş zehniyyətini bu qədər qapsayıbsa, etkiləyibsə, bizim ədəbiyyatşünaslıq bu mərhələyə xüsusi nəzər yetirmir.

Səadət Şıxıyeva: - Füzuli ilə bağlı o məqamları istəyirsinizsə, onu ayrı deyim, söhbətin istiqamətini dəyişməyim. Olarmı?

İmamverdi Həmidov: - Mən deyim islam mövzusu ilə bağlı. İslam mövzusu, doğrudan da, böyük məsələdir. Bizim klassiklərimiz hamısı çox yaxşı, böyük müsəlman olublar. Nizami şeyxdir. O demək deyil ki, fanatikcəsinə anlaşılan şeyxdir, elə deyil. O, alimdir, həkimdir. Həkim, yəni doktor yox, filosofdur, müdrik filosofdur. Yəni onların bir adı da şeyxdir. Yaxud Xaqani də elə. Lap elə uzağa getməyək, bizim bu klassiklərin islama münasibəti tamamilə düzdür, yəni hamımız bilirik. Sovet dövrü ilə müqayisə etdikdə düzgün olmayıb, ifrata varılıb və indi də düz deyirsən, Səadət, indi guya düzəltmək istəyirlər səhvi, tamam başqa cürə. Yəni bu mənbələri öyrənmək lazımdır. Axundov haqqında mən bir məqalə yazdım "Azərbaycan" jurnalında, "Axundov və ərəb-islam mədəniyyəti". Bir faktı deyim. Demək, Axundovu hamımız necə bilirdik?

İradə Musayeva: - Ateist kimi.

Ataəmi Mirzəyev: - Amma öz aramızdır, Axundov elə öz sözündə Allahı tanıyır. Bax, o şeir haqqında məqaləsində şairləri iki yerə bölür: biri var təbi olan, biri də var öyrənir, hazırlaşır və olur şair, - deyir.

İradə Musayeva: - Ataəmi müəllim, o sonradan dönür, "Aldanmış kəvakib"də Yusif Sərrac, Axundovun ideal qəhrəmanı namaz qılır və s. XIX əsr Avropa maarifçiləri xristianlıqda islahatlar aparmaqla xalqı maarifləndirmək, cəhalətdən çıxarmaq istəyirdilər. Axundov onların hamısını oxumuşdu, J.Russonu və başqalarını... Məqalələrində də var bu təsir. Ona görə də sonralar, konkret olaraq "Kəmalüddövlə məktubları" traktatında Axundovun dini görüşləri dəyişir. O da belə hesab edirdi ki, İslam dinində, onun bəzi hökmlərində islahatlar aparmaq olar və xalqı din adı ilə qorxudan, əsarətdə saxlayan cəhalətdən bu yolla xilas olmaq mümkündür. Onda o islam dinində islahatlar aparmaq üçün "Kəmalüddövlə"dən başladı. Yəni onda ateist əlamətləri var. Amma sonradan olan bir şeydir. Yəni "Kəmalüddövlə"də var, "Kəmalüddövlə"də konkret faktlar var.

Azər Turan: - Axundovun ateizmi barədə Cəlil Məmmədquluzadə yazır ki, "Diqqət etməli burasıdır ki, Oktyabr inqilabına qədər Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə, bir müəyyən dəlil və sübut göstərməyiblər. Mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut tutmayıblar".

İradə Musayeva: - O əsər yazılıb 1865-ci ildə, fars dilinə Mirzə Yusif xan 1866-cı ildə tərcümə edib. 1874-də də Adolf Berje rus dilinə tərcümə edib.

Azər Turan: - 1920-ci ilə qədər var haradasa?

(Ardı var)

Tarix
2016.06.27 / 09:11
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla